Hər bir Hüseynçinin üzərində olan məsuliyyət
Hər il dünyanın istənilən yerində yaşayan Hüseyn (ə) aşiqləri, Hüseyn (ə) əzadarları Məhərrəm əyyamı başlayandan İmam Hüseyn (ə) hərəkatının yalnız tarixi deyil, həmişəyaşar, diri bir fenomen olmasını, bunu yaşatmaları ilə təsdiqləyirlər. Məhərrəm ayının onuncu günü – Aşura günü baş verən bu hadisəni ildən-ilə, əsrdən-əsrə ötürərək, bu günü bir təqvim günündən daha yüksəklərə qaldırırlar.
Məhərrəm-Səfər əyyamını yaşatmaq hər birimizin üzərindədir. Böyük alimlərdən birinin buyurduğu kimi, bu əyyamın yaşadılması vacibi-kifayədir, yəni hər kəsin üzərindədir. Aşuranı yaşatmaq, Məhərrəm-Səfər əyyamını yaşatmaq – hər kəsin üzərindədir. Necə ki, dünyadan bir müsəlman köçəndə bir qrup onun dəfni ilə məşğul olana qədər həmin insanın dəfn olunması hər kəsin üzərindədir və əgər bir qrup onun dəfn mərasimi ilə məşğul olsa, bu zaman digərlərinin boynundan bu vəzifə götürülmüş olur – o cür də məhərrəm-səfər əyyamını yaşatmaq da belədir. Bu, hər birimizin üzərindədir. Bəli, kimlərsə bunu yaşatmağa başlayarsa, biz də gedib kömək edərik. Amma bu baş verməyənə qədər, hər kəsin üzərindədir. Bu qədər bu əyyamın yaşadılması baxınmından üzərimizdə Allah qarşısında məsuliyyət var.
Bizim el-obamızın, ata-babalarımızın, ağsaqqal-ağbirçəklərimizin qarşısında bu məsuliyyətimiz var. Hansı ki, Sovetin ən ağrılı dönəmində, ən ağır illərində bu əyyamı yaşadıblar. Bu əyyamın yaşanmasını qoruyublar. İçlərindən təbii olaraq gəlib bu. Günümüzdə də bu yaşanır. Təbii yaşanır. İnsanların içindən gələrək yaşanır. Bu, xalqın içindən gələn bir məsələdir. Bizim məmləkətimizdə çox az məsələlər var ki, o günlər gələndə, o hadisələr olanda insanların içindən gəlmə bir hərəkətlənmə olur. Məhərrəm də belə hadisələrdəndir. Elə bir hadisə, elə fenomen tapa bilmərik ki, xalqın iki ay müddətlik həyatına təsir göstərmiş olsun. Bir il deyil, iki il deyil, on il deyil, yüz il deyil - hər il bu hal təkrarlanmış olsun. Hər il xalq qərara gələ ki, iki ay biz belə yox, başqa cür yaşayacağıq.
Dostları ilə paylaş: |