Aşuradan sonra ilk etirazlar başlayır
Məhərrəmin on birinci günü baş verən ikinci önəmli hadisə - Ubeydullah ibni Ziyadın (lən) məclis qurması və Əhli-beyti (ə) həmin məclisə daxil etməsidir. Məhərrəmin on birində Ömər Səd (lən) İmamın (ə) mübarək başını ibni Ziyada (lən) göndərir. Bu münasibətlə ibni Ziyad (lən) məclis qurur, camaatın da iştirakı üçün imkan yaradılır. Əba Əbdillahın (ə) müqəddəs, nurani başı bu məlunun qabağına qoyulur. İbni Ziyad (lən) əlindəki cubuqla Əba Əbdillahın (ə) mübarək başına cürət edir. Bu zaman Zeyd ibni Ərqəm adında bir müsəlman ayağa qalxır və fəryad çəkir. Bu, tarixdə kifayət qədər önəmli səhnələrdən biridir. Zeyd deyir: “Əlindəki çubuqları Hüseynin (ə) dodaqlarından kənara çək. Peyğəmbərin (s) övladını təhqir etmək olmaz. Sən kəsilmiş başına çubuqla vurduğun Hüseynin dodaqlarını Peyğəmbərin (s) dəfələrlə öpdüyünü görmüşəm!”. Sonra isə Zeyd ağlamağa başlayır. İbni Ziyad (lən) hiddətlənərək ona deyir: “Sakit ol! Əgər səhabə olmasaydın, səni yetərincə kötəkləməyə əmr edərdim”.
Amma, Zeyd ibni Ərqəm qorxmur, cəsarətlə ayağa qalxır, fəryad etməyə başlayır: “Ay camaat, Allahdan başqasına bəndəlik etdiniz, Hüseyni (ə) - Fatimənin (ə) övladını öldürüb, Mərcanənin oğlunu özünüzə ağa seçdiniz. Allaha and olsun ki, o, sizin yaxşılarını öldürəcək, pis insanları sizə hakim edəcək, sizi öz quluna çevirəcək”. Sonra üzünü ibni Ziyada (lən) çevirərək deyir: “Ey ibni Ziyad! Peyğəmbərin (s) müsəlmanlara dönə-dönə tapşırdığı əmanətlə gör necə rəftar etdin”.
Məhərrəm ayının on birində görürük ki, artıq etirazların ilkinləri başlanır. Yezid (lən) artıq öz cinayətlərini elə rahatlıqla davam etdirə bilmir.
Dostları ilə paylaş: |