İmam Səccad (ə) müsibəti
Burada bir haşiyə çıxaq. Böyük ariflər deyirlər ki, hələ məlum deyil, İmam Hüseynin (ə) çəkdiyi müsibət daha ağırdır, yoxsa İmam Zeynəlabidinin (ə) çəkdiyi müsibət. Belə ki, Kərbəla şəhidləri öz İlahi missiyalarını yerinə yetirib, Allahın rəhmətinə qovuşdular. Amma həyatının 23-cü ilinə qədəm qoyan İmam Əli ibn Hüseyn - İmam Zeynəlabidin (ə), xəstəliyi səbəbindən və imamət xəttinin qorunması barədə atası İmam Hüseynin (ə) tapşırığına əsasən, döyüşdə iştirak etməkdən məhrum oldu. Və bütün bu şəhadət səhnələri onun mübarək gözləri qarşısında baş verdi. Bunu yaşamağın özünün qeyri-mümkün həddində olması bir yana, o Həzrət (ə), İslam düşmənləri tərəfindən əsir götürülməyin olmazın müsibətini də çəkməli idi. Üzərində olan məsuliyyəti – Peyğəmbər (s) əhli-beytindən ibarət olan əsirlər karvanını imkanı daxilində qorumaq da dilə gəlməyən dərəcədə ağır məsuliyyətlərdən biri idi. Və İmam Səccad (ə) əsas missiyasını – Kərbəla həqiqətlərini dünyaya çatdırmaq və İslam düşmənlərini ifşa etmək vəzifəsini də həyata keçirməli idi.
Nə qədər qəlbi sızıldadan bir vəziyyət – həm Əhli-beytin (ə) körpələrinə sahib çıxmaq, onlara nəvaziş etmək, mehribanlıq göstərmək, həm səbir və dözümlülük təcəssümü olmaq, həm də əmr-be-məruf (yaxşılıqlara dəvət etmək) və nəhy-əz-münkər (pisliklərdən çəkindirmək) vəzifəsini yerinə yetimək.
Dostları ilə paylaş: |