Cinayətləri ört-basdır etmək cəhdi
Qeyd etdiyimiz kimi, Kərbəla cinayətlərində öz hədəfinə çata bilməyən Yezid (lən), bu cinayətlərdən sonra da öz hədəflərinə çata bilməyib. Bunun bariz nümunəsini biz Kərbəlanın əsirlər karvanında olan Əhli-beytin (ə) davranışlarında görürük. İmam Hüseynin (ə) Əhli-beyti (ə) Aşuradan sonra zülmün evini ifşa etmək, zülmün sütunlarını sarsıtmaq, Yezidin (lən) bu cinayətlərini insanlara çatdırmaq missiyasını böyük şərəflə yerinə yetirir. Belə səhnələrdən biri - Məhərrəm ayının 13-də Əhli-beyt (ə) əsirlərinin gətirildiyi İbn Ziyad (lən) sarayında yaşanır. Əhli-beytin (ə) əsirləri saraya daxil olur və Xanım Zeynəb (s.ə) da həmin əsirlərin arasında olur. İbni Ziyad (lən) özünün cinayətkar misssiyasını yerinə yetirməyə başlayır. İbn Ziyad (lən) deyir: “Allaha şükür ki, sizi rüsvay edib öldürdü və sizin dedikləriniz yalan çıxdı”. Diqqət etsək görərik ki, bu məlun, bu kafir Allah sözünü işlədir. Bunlar toplumun, kütlənin illərlə yaşadığı müsəlman kimliyindən bəhrələnirlər. Mahiyyətcə, etdikləri cinayəti ört-basdır etmək üçün Allahın mübarək adından istifadə edirlər. İnsanların anladığı bir dildə danışırlar. Törətdikləri cinayətlərin Allahın razılığı ilə baş verməsini iddia edirlər. Həyasızcasına deyirlər ki, “Aşuranın olmasını Allah lazım bildi, belə də oldu” (nəuzibillah!). Təbii ki, məlunun bu hiylələri ifşa olunur. Və bu səhnələrdən başlayaraq, həm də İslam tarixində ilk dəfə cinayəti edənlər öz günahlarını kənara qoymağa, cəbriliyi gündəmə gətirməyə cəhd edirlər.
Dostları ilə paylaş: |