Ərbəin günü
Ərbəin günü. İmam Hüseynin (ə) öz qəhrəman məsləkdaşları ilə şəhid olmalarından 40 gün ötür. Ərbəin günü - bir gündür ki, İmam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, İmam Hüseynin (ə) şəhadətinin 40-cı günü - «ərbəin» günü, hicrətin 61-ci ili səfər ayının 20-də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir. Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: «Cabir ibn Abdullah Ənsari ilə İmam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə İmam Hüseynin (ə) qəbrinə tərəf getdi. O vaxt ki, İmam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: «Əlimi pak qəbrin üzərinə qoy» (cənab Cabir Ənsarinin gözləri artıq görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: «Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!» dedi».
Ərbəinlə bağlı cənab Cabir Ənsari – Peyğəmbərimizin (ə) qocaman səhabəsi ki, Ərbəin günündə İmam Hüseynin (ə) müqəddəs məzarını ziyarət etdi – bir mühüm nöqtəni vurğulamışdır. Cənab Cabir Ənsari – o kəsdir ki, əziz Peyğəmbərin (ə) insan yetişdirən bağının ən nəcib meyvələrindəndir. Bəli, həmin bu cənab Cabir Ərbəin günü Kərbəlanın əziz şəhidlərinə salam verdikdən sonra, bu sözləri deyir: “Biz də sizin daxil olduğunuz (aid olduğunuz, etdiyiniz) işə şərik idik”.
Cabir Ənsarini müşayiət edən, bu qocaman möminə yolda yardımçı olan həmin Ətiyyə adlı insan xatırlayır:
“Ona dedim: “Ey Cabir! Biz əziyyət çəkmədik, qılınc vurmadıq! Bu insanların başları bədənlərindən ayrılıb, ailələri tənha qalıb, uşaqları yetim qalmışdır. Necə ola bilər ki, biz əcrdə, savabda onlarla şərik olaq?”. Cənab Cabir cavabında buyurur: “Ətiyyə! Mən öz iki qulağımla Allahın Rəsulundan (s) eşitmişəm ki, buyurub: “Hər kim bir camaatın əməlini sevsə, o əməlin savabında onlarla şərikdir”. Sonra dedi: “Ey Ətiyyə! Rəsulullah (s) buyurdu: “Mənim də əshabımın niyyəti – Hüseynin (ə) və əshabının həmin niyyətidir””.
“Mən gözəllikdən başqa bir şey görmədim”
Sevmək. Nifrət etmək. Aşura başdan-başa sevgidən və nifrətdən bəhs edir. Aşurada hər şey İlahi məhəbbətdən və Allaha xatir olan nifrətdən, eybəcərliyə nifrətdən yoğrulub.
Bu gün biriləri tapılır ki, sevgi kimi, məhəbbət kimi duyğulardan öz çirkin, fəsad planlarını irəli aparmaq üçün istifadə edir. Biriləri tapılır ki, məhəbbət kimi ülvi hissi o dərəcədə bayağı və primitiv edir ki, hətta bunun üçün təqvimdə günlər də uydurur – öz rəzillik dolu əməllərini yaşatmaq üçün.
Amma bir günlər var ki, başdan-başa həqiqi sevgini simvolizə edir. İnsanlara həqiqi sevgini öyrədən bir günlər. Allah xatirinə nifrətin nə olduğunu çatdırır. Aşura – bu günlərdəndir. Ərbəin – bu günlərdəndir.
Həzrət Peyğəmbərin (s) və Əhli-beytinin (ə) mübarək vücudi çeşməsindən su içmiş cənab Cabir, Ərbəin günü bir daha bu dərsi keçir. Ərbəinlə bağlı yaşanan mövzularda bu, həmin dəst-xəttin davamıdır ki, Xanım Zeynəb (s.ə) Aşura sonrası müsibətlərlə əlaqədar düşmən ona mənəvi dağ çəkmək istədikdə, “Mən (Kərbəlada) gözəllikdən başqa bir şey görmədim” deyərək, gözəllik və eybəcərliyin həqiqətdə nə olduğu barədə bəşəriyyətə dərs keçmişdi. Bütün bu ağrılara, olmazın məşəqqətlərə, müsibətlərə gözəllik adı verir. Çünki, Allah üçündür. Həqiqi Gözəlliyin yolunda olduğu üçün özü də gözəldir. Bunlar bir kəslərdir ki, insan duyğularının ən ali dərəcələrindən dərs verirlər.
Dostları ilə paylaş: |