Dünyanın ən yaxşı gəlininin cehizi
Siz əziz Peyğəmbərin (s) qızına baxın. Dünya qadınlarının ən yaxşısı Fatimeyi-Zəhra (s) idi. İlk və son qadınların ən yaxşısı Fatimeyi-Zəhra (ə) idi. O yaxşılıqda, o şərafətdə və o əzəmətdə dünyaya heç bir qız və qadın gəlməmişdir. Dünyanın bütün qadınları onun qarşısında xidmətçi kimidirlər, dünyanı əhatə edən günəş qarşısındakı zərrələr kimidirlər. Əri də Əmirəlmöminindir (ə) - dünya kişilərinin ən yaxşısı. Əgər onun bütün fəzilət və üstünlüklərini toplasaq, dünyanın bütün kişiləri onun bir dırnağına da çatmazlar. Bu iki əzəmət nümunəsi, gözəllik və fəzilət nümunəsi bir-biri ilə izdivac etdilər. Cehizləri kitablarda yazılıb qeyd olunan bir neçə ucuz əşya idi: bir tikə həsir, bir parça xurma lifi, bir yataq dəsti, bir əl dəyirmanı, bir kuzə və bir kasa.2 Əgər hamısının dəyərini bugünkü pulla toplasaq, bir neçə min tüməndən artıq olması bəlli deyil. Həmin mehri Əmirəlmöminindən (ə) alıb pulu ilə sadə cehiz hazırladılar və ər evinə apardılar. İndi biz demirik ki, bizim qızlarımız Fatimeyi-Zəhra (ə) kimi cehiz aparsınlar. Nə bizim qızlarımız Fatimeyi-Zəhra (ə) kimidirlər, nə bizim özümüz onun atası kimiyik, nə də bizim oğlanlarımız Fatimeyi-Zəhranın (ə) əri olan möminlər əmiri kimidirlər. Biz hara, onlar hara? Yerlə göy qədər fərqimiz var. Lakin bəlli olur ki, yol o yoldur, istiqamət həmin istiqamətdir. Cehizi sadə edin, ona-buna baxmayın, çoxlu xərc çəkməyin, imkanı çatmayanların işini çətinləşdirməyin.3
Fatimeyi-Zəhranın (ə) cehizi o qədər idi ki, bəlkə də iki nəfər əli ilə bu evdən götürüb o evə apara bilərdi. Baxın, fəxr bunlardır, dəyər bunlardır. Əziz Peyğəmbər (s) bahalı bir cehiz təşkil edə bilməzdimi? Əgər Peyğəmbər (s) işarə etsəydi, onun ətrafında olan bəzi imkanlı və pullu müsəlmanlar Allahdan istəyirdilər ki, gəlib bir hədiyyə versinlər, kömək etsinlər. Amma belə işarə etmədi. Nə üçün etmədi? Bu ona görədir ki, mən və siz öyrənək. Oturub danışmağımızın, xoşumuzun gəlməsinin, sonra da öyrənməməyimizin faydası nədir? Bunlardan istifadə etmirik. İnsan həkimin yazdığı resepti taxçaya qoyub tamaşa etməməlidir. Biz əməl etməliyik ki, bəhrəsini görək. Yemək rejiminə əməl etməlisiniz ki, faydasını görəsiniz. Bunlar ruhun qida rejimidir, cəmiyyətin və ailənin sağlamlığının qida rejimidir. Buna əməl olunmalıdır. Sadə keçirin.1
Dostları ilə paylaş: |