İmza: Şofer İskəndər
- Afərin, yaxşı yazmısan! – deyə Ərdost onun istedadını
tərifləməməyə bilmədi. – Həm də incə bir yumorla.
İskəndər söhbətindəki hərarəti azaltmadan davam etdi:
- Kağızı dörd qatlayıb yolladım Səməd Vurğunun adına. Mən ölüm,
alan kimi oxuyub bığlarının altda qəşəngcə gülümsədi. Sonra zala
baxdı, başını silkələdi. “Yəni darıxma, söz verəcəyəm”. Canımçün
onca dəqiqə keçməmişdi. Sfetoforun yaşıl işığı yandı. Bir də
gördüm kişi qalxdı ayağa. Dedi: “Buyursun cavan şair İskəndər!”
Bəh!!! Qanad gətirmədim bəyəm! Səhnəyə tələsik çıxanda necə
oldusa büdrədim. Məclis məni tutmuşdu. Camaat gülüşdü. Ancaq
özümü sındırmadım. Həmin qıza yazdığım qəzəllərdən birini
sinədən oxudum. Dedim:
Sənin hər cövrünə, mehparə, dözüb dinməmişəm..
Etmisən ağ günümü qarə, dözüb dinməmişəm.
Nə günah eyləmişəm, zülfü-kəməndinlə məni
Çəkmisən bir neçə yol darə, dözüb dinməmişəm.
Tutalım mən demədim, bəs sənin insafın hanı.
Etmisən sinəmi sədparə, dözüb dinməmişəm.
Məni, söz vermiş idin bir daha incitməyəsən.
Bivəfa çıxmısan ilqarə, dözüb dinməmişəm.
İti xəncər kimi müjqanın oxuyla, gözəlim,
Vurmusan qəlbimə min yarə, dözüb dinməmişəm.
Kimdə var, nazlı mələk, söylə mətanət bu qədər,
Qan edib cismimə fəvvarə, dözüb dinməmişəm.
Şofer İskəndərəm, aləm də bilir mərdliyimi,
Öldürüb yar məni aşkarə, dözüb dinməmişəm.
- Əla! – deyə Ərdost bu dəfə lap ürəkdən onu alqışladı.
İskəndərin gözləri dolmuşdu.
- Gərək onda görəydiniz, necə çəpik vururdular... Aşağı enmək
istədim. Səməd Vurğun məni saxladı:
- Ə. Bala Vahid, bilirəm, sinən doludur. Birin də de gəlsin!
İkinci qəzəli lap şairsayağı, qaydasında oxudum. Tər məni basmışdı. Yenə
çox əl çaldılar. Ancaq daha yubanmadım, atıldım səhnədən aşağı. Eh...
Sonra Səməd Vurğun döşünü söykədi kürsüyə, sözlər danışdı... şeirlər
oxudu ki... Nə deyim. Hər kəlməsi bir qızıl parçası.
Camaat dağılaşanda mən gedib qapı ağzında dayanmışdım. Ona lap
yaxından baxmaq istəyirdim. Yanımdan ötəndə məni tanıdı. Əlini boynuma
saldı.
- Ə, İskəndər, - dedi. – oyu bileyrmisən, sən maa oxşiyersən? –
Sonra özü öz sözünü düzəltdi: - Ə, şeir yazmaqda demirəm ey...
Sir-sifətindən oxşiyersən. Sən də mənim kimi qarasan.
Xəbər aldı:
- Kimin oğlusan?
Cavab verdim ki:
- Ovçu Salmanın.
Dedi:
- Bax... ata-bala sizin ikinizlə də mənim söhbətim yaxşı tutar. Şair-
ovçu. Məndə onların hərəsindən bir az var.
- Gedəyin qonağımız olun, - dedim.
Güldü:
- Bakıya tələseyrəm, bala. İşim çoxdur. Toyunda çağırarsan, mütləq
gələrəm. Atanla bir dağlara ova da çıxarıq.
Ərdost köksünü ötürdü:
- Maraqlı əhvalatdır. Barı sonra toyuna dəvət elədinmi onu?
İskəndər kövrəldi. Təzəcə yandırdığı siqareti hərisliklə sümürdü.
- O vaxt Səməd Vurğun həyatdan köçmüşdü... Eh! Dünya!..
Bir azdan “QAZ-69” nərildəyə-nərildəyə yenə dolanbac yolları qalxmağa
başladı.
SEHRLİ MƏKANDA
Ərdost təsəvvüründə yanılmamışdı.Sərinbulaq onun indiyədək görmüş
olduğu adi kəndlərə əsla bənzəmirdi. Buranın mənzərəsi, təbiəti də
bambaşqa idi. Dağ döşünə səpələnmiş təkəm-seyrək alçaq evlər əjdaha
timsallı nəhəng palıdların, uca vələslərin və qollu-budaqlı gilənar
ağaclarının yaşıllığında itib-batmışdı. Kəndin küçələri ot basmış enli
cığırları xatırladırdı. Hər yanda bir baxımsızlıq, səliqəsizlik duyulurdu.
Artıq bir boy dikəlmiş günəş, sanki öz şüaları ilə bu yerlərə istilik deyil,
şəfəq qarışıq təravət səpələyirdi. Ətirli hava o qədər sərin idi ki, Ərdost
nəfəs aldıqca ciyərlərinə xoş bir üşütmə dolurdu.
Evlərin çoxuun bacasından zəif tüstü qalxırdı. Bu, Sərinbulağın
mənzərəsini gözəlləşdirirdi. Ətrafda cərgələnən yaşıl-boz dağların başında
ağ kəlağayı kimi xəfif duman sürünürdü. Hərəkətsiz bəyaz buludlar göz
işlədikcə ləkəsiz və şəffafdı. Ərdost həqiqət dünyasından ayrılıb nağıllar
aləminə düşmüşdü, nədi! Özü də elə qəlbiliklə dayanmışdı ki, bir baxımda
üfüqlərədək hər yan apaydın görünürdü. Dağlar... meşələr... dərələr...
yarğanlar...
“Qafqaz altımdadır, ən yüksək olan zirvədə mən,
Tutmuşam bir qocaman qarlı dağ üstündə qərar”.
Sanki Puşkinin qəlbindən gələn həmin misralar məhz burada
yaranmışdı.
Bayaqdan qolundan asdığı pəncəyi Ərdost əyninə geydi və
tələsmədən kəndə sarı üz tutdu. Maşını o qəsdən buraxmışdı. İstəyirdi bu
yerləri addım-addım, həm də torpağın ətrini duya-duya piyada gəzsin.
İskəndər alma bağının səmtini ona nişan verib, Sərinbulaqda çoxdan
ayrıldığı sürücü dostlarının görüşünə getmişdi.
Kəndin içindən keçəndə rastına çıxan adamlar Ərdosta hörmətlə
salam verir, bəziləri ayaq saxlayaraq köhnə tanış kimi kef-əhval tuturdu.
Şəhərli olduğunu bilənlər “Qonaq xoş gəlib, səfa gətirib” deyə onu “bir
stəkan çay içməyə” evlərinə dəvət edirdilər. Sərinbulaq sakinlərinin bu
mehribanlığı cavan jurnalisti fərəhləndirirdi. Burada gördüyü hər şey Ərdost
üçün maraqlı idi. Bir-birinə oxşamayan pərakəndə yastı evlər, üzü
gündoğana baxan xırda gözlüklərə bölünmüş aynabəndlər, ağacdan
hörülən alçaq hasarlar, geniş torpaq həyətlər, qapılarda mələşən mal-qara,
qoyun-quzu nəzərindən yayınmırdı. Hara baxırdısa, Ərdost qondarmasız,
təbii bir gözəllik duyurdu.
O, kənd qırağında “Bulaq başı” deyilən daşlı-palçıqlı dərədən keçib
çəmənliyə çıxdı. Qarşı yamacda meşə zolaqlarını xatırladan cərgə
yaşıllıqlar ucalırdı. Bu onun görmək istədiyi alma bağı idi. Ərdost hələ ora
çatmamış xoş bir nəğmə eşitdi. Qızlar səs-səsə verərək həvəslə
oxuyurdular:
Dostları ilə paylaş: |