VƏTƏN NƏĞMƏSİ
Ey dünyaya aydınlıq saçan Odlar Diyarı!
Sən ey sönməz günəşin xəzangörməz baharı!
Ey şərəfli tarixim, ey xalqımın vüqarı!
Ata-baba irsidir qəlbimizdə axan qan!
Əsirgəməz övladın səndən can, Azərbaycan!
Düşmənlərin gözü var torpağında, daşında,
İldırımlar partlamış əyilməyən başında,
Süngü, qılınc oynatmış babalarım qarşında.
Qoymamışdır qoynuna girsin amansız düşman,
Əsirgəməz övladın səndən can, Azərbaycan!
Həqiqi bir cənnətdir hər bir gözəl bucağın,
Ən sevimli beşikdir bizə ana qucağın,
Sönməyən bir məşəldir şer, sənət ocağın.
Səndən alır ilhamı hər bir quran, yaradan,
Əsirgəməz övladın səndən can, Azərbaycan!
Şəfəq təki çağlayan səhərlərin var sənin,
Koroğlu, Babək, Nəbi, Həcərlərin var sənin,
Tarix yazmış alnına zəfərlərin var sənin.
Qəhrəmanlıq yadigar qalmış ata-babadan,
Əsirgəməz övladın səndən can, Azərbaycan!
And olsun keçmişlərə, gələcəyə, bu günə!
And olsun əmdiyimiz təmiz ana südünə!
And olsun sevgilimin o mübarək köksünə!
Ayaq bassa amansız düşmənlərin hər zaman,
Əsirgəməz övladın səndən can, Azərbaycan!
1943
ANA
Ana, ana – bu kəlməcik hər körpənin ən ilkin
Öyrəndiyi bir kəlmədir, əmdiyi süddən şirin.
Ana, ana – bu kəlmədə saf, doğma bir duyğu var,
O duyğudan qüvvət alıb canlanır bu insanlar.
O duyğunun eşqidir bu ürəklərdə qaynayan,
O duyğudan dolar qəlbə sevgi, ümid və inam.
Ana qəlbi saf göylərdə şəfqət saçan səhərdir,
Könül çalan gözlərindən ana daha dilbərdir.
Analarla işıqlanır vətənin hər bucağı,
Ən sevimli bir beşikdir anaların qucağı.
Ata ağıl, şüur isə, ana – coşqun ürəkdir,
Sevgilərin qaynağıdır, ən böyük bir diləkdir.
Analardır hər bir xalqın bilik, əxlaq ölçüsü!
Heç sönməyən bir məşəldir anaların sevgisi!
1945
Dostları ilə paylaş: |