ÖLÜMƏ HƏCV
Ey ölüm, oy, nə yaman siman var:
Qaşqabaqlı, qara, çirkin, yassar.
Gözünün hər biri bir alma dərir,
Dişlərin it kimi cəmdək gəmirir.
Alnın dar, saçların ifritə kimi,
Gövdən isə qara yelkənli gəmi.
Qolların şil və çolaqdır ayağın,
Yer süpürməkdə o murdar dodağın.
Əyridir baş-qulağın, hər əzan,
O gözəl surətinə sən qurban.
Belə çirkin sifətinlə, de görüm,
Nə deyirsən mənə, ey xain ölüm?
Uzaqam mən ki, o çirkinlərdən,
Şairə, sənətə sənsən düşmən!
Durma qarşımda, bir azca uzaq ol!
Qorxmuram qanlı bıçaq, ya çanaq ol!
Öz başında sınacaqdır çanağın,
Sən uzaqdan nə deyirsən, azğın?
Qıcayıb dişlərini tez-tez sən,
İştaha ilə baxırsan gendən.
Dikilir gözlərimiz bir-birinə,
Bu şüurum ki, gəlir öz yerinə.
Toplayıb qırğı kimi tez özümü,
Mən bərəldincə uzaqdan gözümü,
Tez girirsən qaçaraq bir deşiyə,
Ey siçan, mən dönürəm bir pişiyə.
Necə iyrənc, nə qədər çirkinsən!
Həm də qorxaq, əməzik, miskinsən!
Qorxuduymaz ürəyim var, bunu bil!
Qorx sənə mən kəsilim Əzrail.
Qarşıma çıxma, birəlli yıxaram,
Gözünə, ağzına pambıq tıxaram.
Demə ki, o qocadır, mən gəncəm,
Şahlara «mat» oxuyan şətrəncəm.
Qoca olsam da, iradəm vardır,
Mənə qəlbimdəki iman yardır.
Məni dindirmə ki, vaxtım yoxdur,
Qələmə almağa fikrim çoxdur.
Üzünə baxmağa nifrət edirəm,
Get ki, ilham ilə söhbət edirəm.
1946
VƏTƏNİM
Ey vətən, ey gözəllərin gözəli!
Qəlbimin ey sevimli şah əməli!
Sel kimi hey coşur-daşır könlüm,
Səni azad, bəxtiyar görəli.
Səndədir mizrabı könül sazımın,
Çala bilməz onu yabançı əli.
Hüsnünün şöhrəti yaman artır
Telinə al çiçəkləri düzəli.
Azərilər yolunda can qoymuş,
Basmısan bağrına sevimli eli.
Unudarmı səni bu mərd ellər,
Ey vətən, ey gözəllərin gözəli!
1947
Dostları ilə paylaş: |