İDEAL VƏ İNSANLIQ
İştirak edənlər:
İnsanlıq – İnsanlığın heykəlini təsvir edən orta yaşlı,
alicənab bir qadın
İdeal – İnsanlığın idealını təsvir edən on iki yaşında
nurani bir uşaq.
Vicdan
Ədalət ağ qanadlı, təmiz geyinmiş nurani gənclər
Mərhəmət Səadət
Fəlakət
Zülm qara qanadlı, çirkin və qorxunc simalı adamlar
Şeytan
Səhnə alçaq və fəqiranə döşənmiş bir otağı təsvir edir. Otağın sağa, sola və arxaya açılan üç qapısı var. Pərdə açıldıqda İdeal xəstə bir halda yatağına uzanmış, İnsanlıq İdealın başı ucunda durmuş və həzin bir vəziyyət almışdır. Fəlakət qara, iri qanadlarını qürur ilə onların üstünə gərmiş.
İ d e a l
(həyəcanla)
Nədir üstümdə bu ağır pərdələr?
Ətrafımda qaranlıqlar rəqs edər.
(Əllərini havada oynadaraq)
Qaldır, anam, yırt onları parçala!
İ n s a n l ı q
(müztərib)
Anlamam ki?.. Sayıqlıyor… ey movla,
Sən şəfa ver!
İ d e a l
Ox! Həyatım çəkilir,
Bir güc altında varlığım əzilir.
Uf, Allahım, söndüm, bitdim, tükəndim!
(Taqətsiz halda İnsanlığa sarılır. İnsanlıq
İdealın başını qolları arasında oxşaya-oxşaya)
İ n s a n l ı q
Müztərib olma heç, əməl çiçəyim!
İnləmə pək, sən inlədikcə hər an
Qəlbimdə bayquşlar edər aşiyan.
Diləyimin ətir saçan gülüsən,
Açılmadan solmaq, yavrum, həp nədən?
Sən bənim yolgöstərən yıldızımsan,
Bütün səadətim asılmış səndən.
Sən sönsən, bən də solar, sönərəm,
Çıldırmış dişi arslana dönərəm.
Qaranlıqda saparam hər bir yola,
Sükansız bir gəmi kibi sağ-sola.
İ d e a l
Anam, sus, səndə artdıqca həyəcan,
Qopar qəlbimdə bir amansız tufan.
İ n s a n l ı q
Pəki, yavrum, bən susaram, kaş ki sən
Dincəl, şəfa bul!
İ d e a l
Pək uzaq o bəndən
(Zülm, Şeytan sol qapıdan daxil olur və amiranə bir vəziyyət alaraq, sıra ilə duruyorlar. Fəlakət qanatlarını çırparaq onlara təzim edir. İdeal onları görüncə xələca ilə)
İ d e a l
Bu qorxunc simalar, anam, bax kimdir?
Həpsi bəni boğmaq, əzmək istiyor.
Dəmir barmaqları sərasər həp qan.
İ n s a n l ı q
Qorxma, oğlum! Onlar da adi insan.
İ d e a l
İnsan bumu?
Ş e y t a n
(istehza ilə)
Əvət! Səfil bir cocuq.
İ d e a l
Bunlarda mərhəmət, ədalət heç yox,
Simalarından həpsi zalım, cəllad.
Z ü l m
(hiddətlə)
Coşma, ey naxələf və azğın övlad.
(Zülm və Fəlakət qanadları ilə İdealı vuruyor,
İnsanlıq müdafiə ediyor, yalvarıyor)
İ n s a n l ı q
Allah üçün veriniz, bu əllər
Sizdən bir mərhəmət, ədalət bəklər.
Z ü l m
(amiranə)
Məhşər kimi bütün yer, göy yığılsa,
Atəş alsa, həpsi yanıb kül olsa,
Bizdən bir mərhəmət? Məhal əmrdir.
İ n s a n
(iczlə)
Ey Həqq! Gözün bizi heçmi görmiyor?
Ş e y t a n
Görsə belə, yardımını istəməm,
Burak əzilsin, çeynənilsin adəm.
(Şeytan İdealı vurmaq kibi bir vəziyyətdə bulunur)
İ n s a n l ı q
Toxunmayın! Ah, insanlıq eşqinə!
Z ü l m
Sus! Ey xırçın, insanlıqdan bənə nə?
Bu sözlərin mənasını düşünməm.
Boylə səfil üzlər görmək istəməm!
Bənə şəxsi mənfəətimdən danış!
Beşikdəykən oldum onlarla tanış.
Bən həp onun ruhilə bəslənmişəm,
Yalqız kəndi xeyrimi güdmək peşəm.
Bən yaşayım, aləm məhv olsun, batsın,
Kaş istəyim bənim vəxtində çatsın.
Ş e y t a n
Əvət, bu söz ildırım tək qüvvətli,
Bir həqiqət ki, topdan da dəhşətli,
Afərin boylə düs-doğru sözlərə.
Z ü l m
Boylə səfil, uçuq, ölgün üzlərə
Baxdıqca ruhum, ürəyim şadlanır.
İ n s a n l ı q
Mərhəmətsiz! Ruhun, qəlbin aldanır.
Aldanır həp nəfsin kibi Şeytana.
İ d e a l
Dostları ilə paylaş: |