İYİRMİNCİ ƏSRƏ XİTAB (s.17-18)
«İrşad» qəzeti, 10 1anvar 1908, № 5. İlk çapında «Yaşadığımız əsrə xitab», bir sıra avtoqraflarda «On dördüncü əsrə xitab» (hicri ilə) sərlövhəsi ilə verilmişdir. Əsərlərin ancaq birinci nəşrinə daxil edilmişdir. Biz son variantı əsas götürdük.
HÜRRİYYƏT PƏRİSİNƏ (s.18)
Birinci və dördüncü nəşrə salınmışdır. Son nəşrdə müəllif bəzi düzəlişlər etmişdir. Bir neçə avtoqrafı olan bu şerə verilən adlar da müxtəlifdir: «Sevdiyim bir mələk», «Hürriyyətə tövhə», «Sevgiliyə», «Hürriyyət pərisinə», «Pəriyi-hürriyyətə» və s. Bütün avtoqraflarda şerin yazılış tarixi «29 mart 1908-ci il» göstərilmişdir. Lakin müəllif sonralar yazdığı «Müsəlman xanım əfəndilər» adlı məqaləsində həmin şerin 1909-cu ildə yazıldığını göstərir və iki bəndini dərc edir (Bax: «Açıq söz» qəzeti, 8 aprel 1917, № 445). «Birinci dəfə əldə etdiyimiz pəriyi-hürriyyət qara buludlara gömülməyə məcbur olduğu zaman hənuz 1909-cu sənədə şu mənzuməyi demişdim.
Pəriyi-hürriyyətə!
Söndün nə çapıq, ruhuma sifvət verən ey nur!
Didari-cəmalınla sənin mən yaşıyordum.
Şövq ilə o daşğın dərələrdən aşıyordum.
Hicrin məni, ah, etdi yenə xəstəvü rəncur.
Məzlum gecə afaqı bulud, çən bürüyərkən,
Ey şanlı ümid, ey məni canlandıran afət!
Qarşımda mücəssəm olaraq ver mənə qüvvət!
Şu zülmət ilə sübhə qədər çarpışayım mən».
Görünür, müəllif 1908-ci ildən çox sonra yazdığı məqaləsində şerin yazılış tarixini düzgün xatırlaya bilməmişdir.
YAD ET (s.19)
Birinci, ikinci və dördüncü nəşrlərə daxil edilmişdir. Şerin yazılış tarixi 1908-ci ildir. Müxtəlif avtoqrafları vardır. Aşağıdakı bənd bir nüsxədə ixtisar edimliş, bəzi nüsxələrdə isə sona keçirilmişdir:
Vəqta ki, şəbi-ğəram içində
Bir quş dərədə həzin ötərkən,
Qisvətlə duran zülam içində
Bayquşlar edər qərivü şiyvən.
Vəqta ki, durar o quş mükəddər.
Şəfqət doğuran o fəcrə qarşı,
Həsrətlə tülui-şəmsi bəklər
Müzlim bu sükuti-dəhrə qarşı,
Yad et məni, aşiqanə yad et!
Şair avtoqraflarından birində həmin şerə belə qeyd vermişdir: «Ustadi-əzim Mahmud Əkrəmə nəzirə olan bu şerimi hənuz 1908-ci sənəyi-miladidə demişdim. Arkadaşlarımdan Məhəmməd Hadi əfəndiyə, Səhhət əfəndiyə, mərhum Sabir əfəndi və bir kaç başqa əhbablarıma oxumuşdum. Arkadaşlarımın xoşuna getdiyi üçün hər biri bir nəzirə yazmaq arzusunda olduqlarından ricalarını qəbul etmişdim. Lihəza bəradərim Səhhət əfəndinin nəzirəsini «İrşad» qəzetəsinin sütunlarında hənuz o zamanlarda oxudum. Sabir əfəndinin nəzirəsi dəxi möhtərəm «Molla Nəsrəddin» jurnalında göründü. Atəşli şairimiz Məhəmməd Hadinin nəzirəsi isə bu haladək bir yerdə nəzərimə çarpmamışdır. A.Şaiq».
NİŞANLI QIZ (s.20)
«Həqiqət» qəzeti, 4 yanvar 1910, № 3. «Nişanlı bir qız» sərlövhəsi ilə dərc olunmuşdur. Müxtəlif əlyazmaları və variantları vardır. Bunların əksəriyyətində şerin yazılma tarixi «22 fevral 1908-ci il» göstərilir. Burada şerin son nəşr variantı verilmişdir. Şairin etirafına görə, bu mənzuməsini məşhur rus rəssamı V.M.Vasnesovun qəmli-qəmli düşüncələrə dalmış bir qızın təsvirini verən «Alyonuşka» rəsmindən alınan təsirlə yazmışdır. Həmin rəsmin reproduksiyası A.Şaiqin arxivində saxlanılır.
Dostları ilə paylaş: |