BU DA BİR ŞERİ-FANİYİ-DİGƏR (s.29-30)
Birinci dəfə 1936-cı il nəşrinə daxil edilmişdir. Türk şairi Mahmud Əkrəmə nəzirədir. İlk avtoqrafda 1908-ci ildə, sonrakılarda isə 1909-cu ildə yazıldığı göstərilir. Burada axırıncı variant əsas götürülmüşdür.
BİR ULDUZA (s.30-31)
«Həqiqət» qəzeti, 7 mart 1910, № 53. «Bir nəcmə» adı ilə dərc edilmişdir. Avtoqraflarda şerin 1909-cu ildə yazıldığı göstərilir. Son nəşrdə aparılan düzəlişlər şerin məzmununu zəiflətdiyi üçün avtoqraflardakı bəzi misraları bərpa etdik. Başqa bir avtoqrafda şer «Bir nəcm» adlandırılmışdır.
LAYLAY (s.31)
«Gülzar», Bakı, 1912, s.72. Avtoqraflarda 1909-cu ildə yazıldığı göstərilir. Bütün nəşrlərə daxil edilmişdir.
QIŞ GECƏSİ (s.31-32)
«Həqiqət» qəzeti, 5 fevral 1910, № 28. Bütün nəşrlərə daxil edilmişdir. Dəfələrlə işlənmiş bu şerin bir neçə avtoqrafı vardır. Burada son variant əsas götürülmüşdür. Avtoqraflarda şerin yazılış tarixi 1909-cu il göstərilir.
BİR MƏLƏKƏ (s.33)
Birinci, ikinci və dördüncü nəşrlərə daxil edilmişdir. Bir avtoqrafda şer «Pəriyi-hürriyyətə» adlandırılmışdır. Burada son nəşr variantı əsas götürülmüşdür.
GƏLƏCƏK QORXUSU (s.33-34)
«Gülzar», Bakı, 1912, s.106 –107 . Bütün nəşrlərə salınmışdır. Son iki nəşrdə «Çörək dərdi» sərlövhəsilə getmişdir. Şairin bütün avtoqraflarında şerin adı «Gələcək qorxusu» olduğu üçün ilk sərlövhəni bərpa etdik. Yazılış tarixi 1910-cu ildir. Bir avtoqrafda 1909-cu il göstərilir. İxtisar olunmuş bəzi misralar 1912-ci il çapı əsasında yeni mətnə salınmışdır.