ŞAİRİN ŞAİRƏ TƏSƏLLİSİ (s.89-90)
İlk dəfə avtoqraf əsasında çap edilir. Şer 1934-cü ildə şair Əhməd Cavadın qızı Almasın vəfatı münasibətilə yazılmışdır. A.Şaiq Əhməd Cavad ilə ailəvi dost idi və bu ağır itki ona çox təsir etmişdi. Şerdə adları çəkilən Şükriyyə Ə.Cavadın arvadı, Niyazi, Aydın və Tukay oğlanlarıdır. Ə.Cavad Almasın ölümünə «Qızıma» şerini həsr etmişdir (Ə.Cavad, Bakı, 1958, s.132-133).
STALİNİZMİN İFAŞASI (s.91-96)
Bu başlıq altında verilən şerlər sovet hakimiyyəti illərində qələmə alınıb, müəllifin öz arxivində gizlədilən əlyazmalar əsasında nəşr olunur.
BAŞLANĞIC (s.91)
Avtoqrafda şerin iki variantı var. Son əlyazması əsas götürülmüşdür. Bütün variantlarda şerin yazılma tarixi 1937-ci il göstərilmişdir. İlk dəfədir ki, çap olunur.
XALQ DÜŞMƏNİNƏ (s.92-93)
Avtoqrafda şerin üç variantı var. Burada düzəlişlər edilmiş son əlyazması əsas götürülmüşdür. Bütün variantlarda şerin yazılma tarixi 1937-ci il göstərilmişdir. İlk dəfədir ki, çap olunur.