BU QÜRURLU BOYUN BURULMAZMI (s.93)
Əlyazmasında şer adsız verilir. Yazılma tarixi əvvəlcə 1937-ci il göstərilir. Sonra isə bu tarixin üzərindən karandaşla xətt çəkilərək 1918-ci il yazılmışdır. Görünür bu o dövrdə cərəyan edən ictimai-siyasi hadisələrlə bağlı idi. Bütün təhlillər və tədqiqatlar sübut edir ki, əsər 1937-ci ildə qələmə alınıb. İlk dəfədir ki, çap olunur.
GƏMİRİK (s.94-95)
Müəllif «Gəmirik» sözünü sifət orqanları gəmirilmiş, qorxunc, tanınmaz bir vəziyyətə salınmış eybəcər insan başı-kəlləsi mənasında işlətmişdir. Mətn iki əlyazmasının əsasında hazırlanmışdır. Əlyazmaların biri tarixsizdir. İkincisində əvvəl qələmə «1937» yazılmışdır. Sonra müəllif onun üstündən karandaşla «1918» rəqəmini artırmışdır. İlk dəfədir ki, çap olunur.