İSTƏKLİ NƏVƏM ÜLKƏRƏ (s.108)
Avtoqraf əsasında nəşr edilir. Şer şairin ilk nəvəsi Ülkərin anadan olmasının bir illiyi münasibətilə yazılmışdır. Avtoqraflarda şerin axarında deyilir: «Bir yaşı tamam olmaq münasibətilə yazılmışdır. 1 iyul 1958-ci il».
QƏZƏLLƏR A.Şaiqin ilk qələm təcrübələridir. Bir ümumi dəftərə yazılmış bu qəzəllər şairin arxivində saxlanmaqdadır. Qəzəllərin ayrı-ayrı yazılış tarixləri göstərilməmişdir, ancaq onların XIX əsrin son illərində, XX əsrin əvvəllərində qələmə alındığı məlumdur. Qəzəllər Valeh və Şaiq təxəllüsləri ilə yazılmışdır. Valeh şairin ilk təxəllüslərindəndir. Sonralar o, qəzəl dəftərində təxəllüs beytlərindəki «Valeh» sözünü silib, üstündə «Şaiq» yazmışdır. Buradan aydın etmək olur ki, Valeh təxəllüsü ilə yazılmış qəzəllər daha əvvəllərə aiddir.
A.Şaiq uzun müddət qəzəllərini çap etdirməmişdir. Ancaq onun üç cildliyi çapa hazırlananda sarı vərəqləri olan bir bloknota 29 qəzəlinin üçünü köçürmüş və onların bir qismini (14 qəzəl) ilk dəfə son nəşrin ikinci cildində çap etdirmişdir (s.113-126). Beş cildliyə salınmışlardan əlavə biz bu nəşrə ədibin arxivindəki ümumi dəftərdən köçürülmüş qəzəllərin on ikisini də əlavə etdik.