DAĞLAR SULTANI
Dan atınca xoruz-beçələr banlar,
Çən-dumankən dərə, təpə, ormanlar,
Sürüsünü yayar dağa çobanlar,
Təbiətin zövqünü onlar alar.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Gözəl olur bu yerlərin səhəri,
Məncə, vardır dünyalarca dəyəri,
Quşlar oxur, səba açar gülləri,
Alır başqa bir lətafət hər yeri.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Günəş yaxın dağın ucundan doğar,
Buludları gözəl rənglərlə boyar,
Dumanları dağlara doğru qovar,
Hər tərəfi bir gözəllik qucaqlar,
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Gözəl olur bizim elin yaylağı,
Gül-çiçəkdir bu yerlərin otlağı,
Bir behiştə bənziyor hər bucağı,
Durna gözü kibi vardır bulağı.
Bu yerlərin sultanıdır çobanlar.
Həm bəyidir, həm xanıdır çobanlar.
Mal qapıya gələndə axşam-səhər,
İnək mələr, buzov mələr, dağ mələr,
Səsə-küyə düşər, köpəklər hürər,
Dərə, dağ, daş həzin-həzin səs verər.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Hara baxsan – çölə, yamaca, dağa,
Çoban görərsən söykənib çomağa,
Qoymaz gözdən sürüsünü irağa,
Bu sürüyə həm nökərdir, həm ağa.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Çomaq əldə dolaşır dağı-daşı,
Qoyun-quzu, köpək, tütək yoldaşı,
Azacıqdır aşı, ağrımaz başı,
Bu xoşbəxtə hər nə desən yaraşı.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Sərin-sərin bulaqlardan su içər,
Kəsər, yeyər, kök quzulardan seçər,
Ömrü belə gözəl yerlərdə keçər,
Ot-çiçəklər solan zamanda köçər.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
Varı-yoxu var sicimi, çatısı,
Patavası, çuxası, həm qartısı,
Bir də nehrə çalan gözəl Fatısı,
Oxuduqca ürək dələr bayatısı.
Bu yerlərin sultanıdır çobanlar,
Həm bəyidir, həm xanıdır çobanlar.
1911
İNTİZAR
Çıxdı kənddən üç ayın müddətinə usta Səfər,
Fəhləlik qəsdi ilə etdi yaxın şəhrə səfər.
Bitdi üç ay, keçər on gün, nə xəbər var, nə pəyam,
Gözləyir ailəsi kənddə onu biaram.
Qış idi, qar yağıyor, səslənir hiddətli boran,
Bir çıraq idi həmin daxmada hakim olan.
Soba nəzdində həzin mürgüləyir sısqa cocuq,
Başının kölgəsi divara düşüb, rəngi soluq.
Bir tərəfdə anası həm əgirir cəhrəsini,
Qəmli zülmət bürüyüb alnını, həm cöhrəsini.
- «Gəlmədi, noldu?» - deyir: «Yox xəbər, Allahım, aman,
Bir müsibətmi buna üz verib, ey vah, inan.
Bənə rəhm eylə, canım zillət içində çürüyür,
İştə bir xəstə qadın yalqız əlindən nə gəlir?»
Baxaraq yavrusuna qəlbinə dolur qorxu:
«Dur, quzum, mürgüləmə! Gir yatağa uyu!»
«Yatmayarsun nə üçün, sən də ana! Dur uyuyaq!»
«Hövsələm yox daha, sıxdı bəni bu cəhrə, yumaq.
Nə olur? Ah, bu dünya bənə zülmət görünür,
Gözlərim həp qaralır, həm yürəgim də döyünür».
«Ağlama, ah, ana can!» - qalxaraq ol yavrusu dedi,
Başını annəsinin çiyninə dalğın söykədi.
Bir səs oldu qapıda, qalxdı cocuq cəld: «Ana!
Bax! Babam gəldi, papaq, bikə gətirmiş də bana».
Qapıdan girdi Səfər şad, səlamət, xürrəm,
Cocuq qaçdı, sarıldı babsından möhkəm.
(Nikitindən təbdildir). 1911
Dostları ilə paylaş: |