NƏCƏF BƏY VƏZİROV HƏZRƏTLƏRİNƏ
Sən ey bu yomi-ali qəhrəmanı, ey işıq ulduz!
Təşəkkür etməyə səndən mənim qəlbim, dilim aciz.
Vətənciymin sən ey fəxri, sevimli, şanlı övladı,
Çalışqan qəhrəmansan sən, deyilsən bir nəfər adi.
Tamam qırx il çalışmaq, cəhlilə həmvarə dartışmaq,
Qaranlıqlarla, nifrətlərlə, bayquşlarla çarpışmaq
Asan bir şeymi? İnsan qüvvətindən pək uzaq qüvvət,
Olurmu hər kəsə bu bəxtiyarlıq hər zaman qismət?
Nəcib bir millətin ruhinə min zəhmətlə yol buldun,
Bu qövmün qəmli, xürrəm günlərində həp şərik oldun,
Sən onlarla bərabər bir pədərtək ağladın, güldün,
Yetimlər gözlərindən fışqıran göz yaşların sildin.
Qaranlıq bir məişət çöllərində zar, sərkərdan
Qalarkən, sən yetişdin dadə, ey parlaq məhi-taban.
Bu millətçin geniş, parlaq, müzəyyən bir cığır açdın,
O yollarda işıqlardan çiçəklər, toxmlər saçdın.
Bu gün bir qalib orduya müzəffər bir komandansan
Və hər türk oğlu bir türkə mədari-fəxrsən, şansan,
Yaşa, ey yomi-ali qəhrəmanı, fəxrü izzətlə!
Yaşa bu sağlam ünsürlə, yaşa bu şanlı millətlə!
1913
Dostları ilə paylaş: |