DAN ULDUZU
Ot-ələfsiz bir çöl idi, qorxunc, dəhşətli zülmət
Qapamışdı hər tərəfi, hökm edirdi fəlakət.
Cavan, qoca, kişi, arvad o çöldə heyran-heyran,
Səfil-səfil dolaşırdı boynu bükük, pərişan.
Bürümüşdü o səhranı gurultulu səs-səmir,
Sanki vəhşi yırtıcılar bir-birini gəmirir.
Sağda açmışdır ağzını uçurumlu bir dərə,
Qızları, ac nəhəng kimi, udur göz görə-görə.
Solda isə ürəkaçan yaşıl, sevimli çəmən,
Çiçək açmış zanbaq, bənövşə, qızılgül, yasəmən.
Günəş qızıl tellərini o çəmənə saçmışdı,
Təbiət min çeşid canlı mənzərələr açmışdı.
Sağ əlində gözəl bir qız tutmuş idi al bayraq,
Gözlərini o qaranlıq çölə dikmişdi ancaq.
Qız bayrağı sallayaraq uca səslə bağırdı,
Səhradakı insanları o çəmənə çağırdı.
Hamı sanki kar olmuşdu, yox idi bir eşidən,
Ona yalnız öz səsiydi cavab verən dərədən.
Yavaş-yavaş o dərədən aydın bir nur parladı,
Zülmət saçan o çölləri günəşə ismarladı.
Böyük-kiçik aydınlığa axışdı birdən-birə,
Yollarını kəsdi ancaq uçurumlu o dərə.
Dərə ucundan həsrətlə baxırdılar çəmənə,
Gözəl səsli bülbüllərə, zanbağa, yasəmənə.
Sonra nə oldu, bilmədim, bir az eylədim diqqət,
Çəmənliyə doğru, gördüm, axışırdı cəmaət.
Nura boyanmış gözəl qız uzadaraq əlini,
O qaranlıq uçurumdan qurtarır qız-gəlini.
Diqqət ilə bir də baxdım, görüncə nurlu qızı,
Sevdim onu, bir də ona ad qoydum «Dan ulduzu».
1914
Dostları ilə paylaş: |