XIRÇIN QIZ
Deyirdi ki, məsud olmaq mənim böyük diləyim,
Yaşamaqdan yalnız budur son qayəm, son istəyim.
Bir gün yaxalasam onu, ayrılmazdım ölüncə,
Ruhum titrər başqalarda o afəti görüncə.
Bilsəm – harda, qovuşmaqçın dağ, dənizlər aşardım,
Hətta qorxunc, ölüm üzlü qütblərə qoşardım.
Sürünərək ilan kimi sarılardım boynuna,
Gülə qonmuş bir şeh kimi atılardım qoynuna.
Artıq həyat nədir – anlar, məsud yaşardım bir az,
– Ey gənc qız, dur! Bəxtiyarlıq uzaqlarda aranmaz!
Onu get öz evində tap, axtar doğma yurdunda,
Çalış, çalış, əmək sərf et səadətin uğrunda.
O da səhər günəşilə şux üzünə gülümsər,
O səmimi bir dost kimi sənə anladır nələr:
«Ay qız, mənə sarıl, – deyir, – yaşayaq gəl birlikdə,
İncəliklər anladım ta bu saf, sadə dirlikdə.
Bax bir yanda tarla, dəzgah, əməkdən damlayan tər,
Bir yanda həm şən ailə, cocuq, ana, şux səslər».
–Yox, yox, bunlar bir misaldır, mənim həyat haqqında
Nəzərim lap bam-başqadır, bu fikrindən saqın da!
Mən istərəm xülya kimi keçsin bütün günlərim,
Bir adilik duyulunca asi olur, inlərim.
Həyat nədir? Bir qayəsiz xülya, röya… o, məncə,
Vur patlasın, çal oynasın, hər gün, hər an əyləncə.
– Həyat xülya deyil, quzum, o şüurlu addımla
Bir qayəyə doğru yürür, onu izlər daima.
Yaşamaq, həm yaşatmaqdır…
– Bu fikir çoxdan bəlli,
O şüursuz bir qayədir, qayəsiz bir təsəlli…
Doğru, həyat yaşatmaqdır fəqət yalnız özünü,
Hər gün təzə libas geyib, bəzəmək üz-gözünü.
Sadəlikdən heç xoşlanmam, adilikdən zövq almam,
Başqalıqdan həzz alıram, əyyaşlıqdan yorulmam.
Mən istərəm böyük-kiçik yalnız məni dinləsin,
Mənə baxsın, məni sevsin, mənim üçün inləsin.
Mən də zövq aləminə, eyşə, qürura dalım,
Doya-doya ömür sürüb ondan şirin kam alım.
– Nifrət sənin gənc ömrünə ağı qatan əllərə!
Nifrət sənin saf ruhunu bulandıran dillərə!
Nifrət, nifrət qadınlığın o uğursuz qurduna!
Yazıq olsun insanlığın pəri görməz yurduna!
1926
Dostları ilə paylaş: |