GƏMİRİK
Hakimdi yerə-göyə qaranlıq!
Qurmuşdu boran-qasırğa xanlıq!..
İnlərdi həyat ilə təbiət,
Oynardı ölüm, zülüm, fəlakət.
Hər yan uçurum – soyuq, ayaz, don,
Vermişdi həyata sanki bir son.
Yollar qapalı, gələn-gedən yox,
Bu dəhşətə qarşı əmr edən yox.
Canlar da sönük nəfəsdi ancaq,
Ruhlar da quru qəfəsdi ancaq.
Zülmət dənizi coşub-daşırkən,
Kin ilə fəlakət oynaşırkən,
Hər yerdə və hər keçid başında,
Uçqun dərələrdə, dağ-daşında,
Yalnız acı ruzigar uğuldar,
Quldurluq edər acıqlı qurdlar…
* * *
Sərxoş sürücü əlində gəmlər
Ac atlara yağdırır sitəmlər.
Qırmaclar o hər eniş-yoxuşda,
Daşlıqda, düzəndə, bərkdə-boşda.
Köhnə araba içində yüklə,
Yəğma malı, qul, kəniz, beşiklə
Daşlıqlara çarpar şiraq-şiraq,
Sınmış təkəri sürüklər ancaq.
Salmış çölə, dağ-daşa gurultu,
Hər bir ürəyə, başa gurultu.
Dur, ey sürücü! Yükün ağırdır,
Heyvanlarının beli yağırdır.
Yollar uçurum, soyuq, boran, qar,
Çəkməz yükünü bu yorğun atlar.
Sürmə, düşün, ey qoca, tələsmə,
Sərsər kimi toz qoparma, əsmə!
Köhnə araba, təkər qızışmış,
Yağ sürtmədən işləyir o yaz-qış.
Atlar gecə-gündüz işləyir aç,
Yorğun ata vurma qamçı, qırmac!
Sürmə, qoca, mənzilin uzaqdır,
Hər bir keçidin başı duzaqdır.
Azdın yolu! Hər tərəf borandır,
Məhv oldu miniklərin, amandır!
Simanı təbiətin gəmirmiş,
Nə göz görünür, nə üz, burun, diş.
Dur, ey gəmirik, çəkil bu yoldan,
Rəhbərlik edərmi gözsüz insan?
Sapdın yolu, getdiyin cığırdır,
Qırmaclama, atların yağırdır.
Qış gəldi, sovuşdu gördüyün yaz,
Bu yol tələsik başa çıxılmaz.
Dağdır, dərədir, eniş-yoxuşdur,
Sürmə, əməyin bu yolda boşdur.
Al qanla bişərmi xam diləklər?
Eşq ilə gülərmi boş ürəklər?
Söz yox, bu dilək böyük diləkdir,
Ancaq ona başqa baş gərəkdir.
Azdırmı sənin inad, qürurun,
Çatmaz o yerə sənin şüurun.
Əldə edəməz onu çürük baş,
Saf sevgiyə heç qovuşmaz oynaş.
Əfsanəyə döndü o həqiqət,
Bir gün başına açar fəlakət.
Yüksək ideal onunla söndü,
Gözlərdən uzaq xəyala döndü…
1937
* * *
Hey xəyanətlə oynayan kölgə
Dolaşır şübhəli qiyafətlə.
Sürünür izlərində qanlı ləkə,
Oynayır ən sevimli afətlə.
Dağıdır hər yana ölüm rəngi,
Göy də təqlid edir bu ahəngi.
* * *
Yenə dəhşətlə sarsılır afaq,
Məhvərindənmi oynamış bu cahan?!
Yenə qan fışqırır dəniz, torpaq,
Bağlıdır dil, fikir, qələm, vicdan.
Damğalanmış ağıl, düşüncə, ürək,
Sehr, tilsimlə oynayır bu fələk.
* * *
Yenə hər yanda qorxu, kin, həyəcan,
Yenə təhkimçilik, yenə zəncir.
Yenə qırğın, talan, soyuq zindan,
Söylə bu macəra, bu fitnə nədir?
Həm də bu xislətinlə sən kimsən
Ki, bu azadə yurda hakimsən?!
* * *
Saçma kin toxmunu bu torpaqda,
Ey inadla qürur satan sərxoş.
Nə hünər var yıxıb dağıtmaqda?
Səndə insan təbiəti yoxmuş.
Vətənim inləyir o pəncəndə,
Yırtıcı iştahası var səndə.
1937
Dostları ilə paylaş: |