MƏRHUM SABİR ƏFƏNDİYƏ (s.39-42)
«Nicat» qəzeti, 5 may 1912, № 18. «Şairi-milli və möhtərəm Sabir əfəndi mərhumun yomi-vəfatı münasibətilə» adı ilə dərc edilmişdir. Şerin axırında A.Şaiqin kiçik məqaləsi verilmişdir. Müəllif həmin məqalədə «Gözəl əşari-abidarı ilə kəndini bütün aləmi-islamiyyətə tanıtmış olan böyük şairimiz və vətəni-müqəddəsimizin sevimli və şərəfli övladı» adlandırdığı Sabirin əsərlərini nəşr etməyə, həmvətənlərini bu işdə səy və qeyrət göstərməyə çağırır. İkinci dəfə şer «Mərhum Sabir əfəndiyə» adı ilə «Gülzar» dərsliyində çıxmışdır. (s.232-235). «Qardaşım Sabirə» adı ilə böyük şairin ölümünün 25 illiyi münasibətilə «Ədəbiyyat qəzeti»ndə nəşr edilən şer də həmin əsərdən bir parçadır (28 dekabr 1936, № 35, s.4). Bütün nəşrlərə daxil olmuşdur. Müəllif bir neçə dəfə şerin dili üzərində işləmişdir. Burada «Gülzar» dərsliyindəki variant əsas götürülmüşdür.
ALDANMA (s.42)
«Qurtuluş» jurnalı, 1 noyabr 1915, № 3, s.5. Avtoqraflarda 1912-ci ildə yazıldığı göstərilir. Bütün nəşrlərə daxil edilmişdir. Burada son nəşr əsas götürülmüşdür.