BƏRADƏRİM FİRİDUN BƏYƏ TƏQDİM
ETDİYİM RƏSMİMİN ALTINA (s.51)
İlk dəfə nəşr edilir. Avtoqraf əsasında verilir. Yazılış tarixi qeyd olunmamışdır. 1908-1913-cü illər arasında yazıldığı təxmin olunur. Həmin şerin bir tərəfində A.Şaiqin vizit vərəqəsinə F.Köçərli üçün yazdığı başqa mənzum parçalar da vardır. Onları eynilə veririk:
Çoxdandır olmayırdı didarınız müyəssər,
Gəldim vüsalınızla olsun gözüm münəvvər.
Yox idiniz, qayıtdım, atəş içində canım,
Könlüm deyirdi sanki, ey dosti-mehribanım.
Aya, rəvamıdır ya, bir qəlbi-pür məhəbbət,
Məsud, şən gülərkən etsin məlul övdət.
Gəldim görəm o kokəbi-səyyarəni, fəqət
Məyus olunca: «Seyr ediyormuş», - dedim əvət.
Gəldim, yox idiz siz, çox-çox təəssüf etdim,
Görüşməyib sizinlə məyus qayıtdım, getdim.
FİDAN (s.51-52)
«Şəlalə» jurnalında «Pöhrən» sərlövhəsi ilə nəşr edilmişdir (18 fevral 1914, № 7, s.7). Bir çox əlyazmalarında da şer belə adlandırılmış və şair «pöhrən» sözünə aşağıdakı izahatı yazmışdır: «Kötüklərin rişəsindən çıxan fidanlara deyilir». Yazılış tarixi: 25 yanvar 1914-cü il.
Bütün nəşrlərə daxil edilmişdir. Burada son nəşrin mətni əsas götürülmüşdür. Əlyazmalarda və 1914-cü il çapında şerin dördüncü bəndi fərqli şəkildə verilmişdir:
Bu fidanlar həpsi sağlam bir kötükdən göyərmiş,
Bir damardan ayrılmışdır, bir ormanın fidanı.
Bir döldən, bir yataqdandır, həpsinin birdir qanı,
Bir çeşmədən su içmişdir, bir bağiban becərmiş.
İRƏLİ (s.52)
Bütün nəşrlərə daxil edilmişdir. Şairin arxivində saxlanan altı avtoqraf arasında əhəmiyyətli fərq yoxdur. Burada son nəşr əsas götürülmüşdür. Bütün əlyazmalarında şerin yazılış tarixi 1914-cü il göstərilmişdir.
DAN ULDUZU (s.52-53)
İlk dəfə seçilmiş əsərlərin son nəşrinə daxil edilmişdir. Müəllif tərəfindən bir neçə dəfə işlənmiş bu mənzumənin avtoqrafı çoxdur. Burada son variant əsas götürülmüşdür. Şer 1914-cü il fevralın 2-də yazılmışdır. A.Şaiq şeri nə münasibətlə yazdığını «Xatirələr»ində belə izah edir: «O zaman məni çox düşündürən məsələlərdən biri də Azərbaycan qadınlarının vəziyyəti idi. Bu münasibətlə qadınlara məxsus bir məcmuə nəşr etmək fikrinə düşdüm. Hətta 1914-cü ildə «Dan ulduzu» sərlövhəli bir şer yazdım, məcmuənin cildinə vermək üçün realni məktəbin rəssamına şerin məzmununa münasib bir şəkil çəkdirdim. Rəsm sökülməkdə olan dan yerini təsvir edirdi. Ziyalı Azərbaycan qızı çiçəkli çəməndə dayanaraq bir əlində al bayraq tutmuş, digər əlində o biri tayda qaranlıqlar içində bulunmada olan çarşablı qızlara tərəf uzatmışdı… Bayrağın üstündə «Dan ulduzu» sözləri yazılmışdı». «Xatirələrim», Bakı, 1961, s. 84-185.
Həmin jurnalı A.Şaiq N.Nərimanovla birlikdə nəşr etmək istəmiş, lakin arzusunu yerinə yetirə bilməmişdi.
Dostları ilə paylaş: |