CƏNABLARINA (s.53-54)
Avtoqraf əsasında nəşr edilir. Azərbaycan Tarixi Muzeyində N.Nərimanovun arxivində saxlanılır (Sovet dövrü fondu, N.Nərimanovun şəxsi qovluğu, 444).
Şer N.Nərimanovun Gülsüm xanıma evlənməsi münasibətilə 1914-cü il martın 8-də yazılmışdır.
SİMÜRĞ QUŞU (s.54-57)
Bütün nəşrlərə ixtisarla daxil edilmişdir. «Milli qiraət kitabı»nda da müəllif şeri ixtisarla vermişdir (Bakı, 1922, s.141–143). Mənzumənin yarımçıq halda çətin anlaşıldığını və əfsanəvi məzmuna malik olduğunu nəzərə alaraq, onu bütünlüklə verməli olduq. Avtoqrafda şerin yazılış tarixi və yeri «18 iyun 1914, Məngilis» göstərilmişdir. Əlyazmasında şer sadəcə olaraq «Simürğ» adlandırılmışdır.
ƏSRİMİZƏ XİTAB (s.57)
«Qardaş köməyi» qəzeti, 11 mart 1915. Birinci dünya müharibəsinin törətdiyi fəlakətlərlə əlaqədar olaraq yazılmışdır. Cəmi bir nömrəsi çıxan həmin qəzetdə A.Şaiqin «İblisin hüzurunda» hekayəsi də dərc edilmişdir.
İKİ MÜCAHİD (s.58-59)
A.Şaiq. Türk çələngi, Bakı, 1919, s.60–63. Beşcildlik əsərlərinin 2-ci cildində nəşr edilmişdir. Tərtibçi həmin nəşrdə şairin türkçülük istiqamətini, zamanın ruhuna uyğun olaraq, zəiflətməyə, müasirləşdirməyə çalışmışdır. Bu kitabda ilk nəşr variantı təqdim edilir. 1918-ci ildə yazılmışdır. Müəllif mənzumənin adını dəyişib «Atı yaralı əsgər» etmək istəmiş, sonra yenidən fikrini dəyişmiş, ilk sərlövhəni saxlamışdır.