ŞAİR VƏ QADIN İlk dəfə «Açıq söz» qəzetində dərc edilmişdir (8, 13 mart 1916, № 130, 131). Seçilmiş əsərlərin heç bir nəşrinə salınmamışdır. Müəllif bu dramatik poemanı (avtoqraflardan birində «Mənzum dram» adlandırılır) dördüncü nəşr üçün işləmiş, yeni əlifba ilə yazı makinasında yazdırmışdır. Burada poemanın son variantı əsas götürülmüşdür. Həmin nüsxədə əsərin yazılış tarixi 1911-ci il mart ayı göstərilir. Daha əvvəlki əlyazmalarında isə 28 iyul 1913-cü ildir. Birinci tarixi biz daha doğru hesab edirik. İlk iki avtoqrafda poemanın başlanğıcında nəsrlə bir giriş verilmişdir. Müəllif son vaxtlarda həmin parçanı ixtisar etdiyi üçün burada verməyi məqsədəuyğun hesab etdik:
QADIN VƏ ŞAİR Yaşıl bir çəmənzarın səhər – axşamlar ətrafa yaydığı hüzn və şadiyi seyr etməyə məftun iki vücud tanıyıram. Biri ərkək, o birisi qadın. Elə ki, dan yeri sökülür, məşriq yavaş-yavaş qızarmağa başlardı, hər ikisi ayrı-ayrı cəhətlərdən haman çəməndə bir-birilərindən fasiləli bir yerdə oturarlardı. Günəşin tüluini, seyrək buludların göy üzündə bir-birini qovalıyır kimi axıb, sürətlə getməsini usanclıqdan tərlər içində qızarmış-qalmış gözəl bir qız üzü kimi şəbnəmlərə bürünmüş qönçələrin açılmağa başlamasını uzun-uzadı seyr edərlərdi. Yainki qürub zamanı ormanların nəhayətindəki sarıya mayil yarpaqlar arasında günəşin batır kimi görünməsini, ağır-ağır buludların ordu kimi üfüqlərdən hücum edərək göy üzünü qaplamasını, təbiətin hüzn və kədər içində boğularaq həzin-həzin ağlamasını sönük nəzərləri ilə süzərlərdi. Nəsimi-səhərin təsiri ilə bir qönçənin ilk açması, təravətli şux çöhrəsi ilə təbiəti salamlaması qəlblərində dadlı düşüncələr doğurduğu kimi haman qönçələrin qüruba qarşı soluq-soluq boynunu bükməsi də hər ikisinin boynunu bükər, saatlarca düşündürərdi. Bu iki vücudun bir zamanda, bir yerdə hüzuru, hər iki qəlbi bir-birinə yaxınlaşdırmaqda idi. Bu təsadüf hər ikisinin bir dərdli olmağını göstərdiyindən, bir-birini yaxından tanıyıb bilmək arzusu hər ikisində artmağa başlamışdı. Günəş bütün böyüklüyü ilə yüksələrək, zərrin şəfəqlərini təbiətin üzərinə bir nur sətrəsi kimi fərş etmişdi. Bülbüllər bağırır, arılar, kəpənəklər çiçəkdən-çiçəyə dolaşaraq kiçik xortumları ilə şəhd və mum toplayırlardı. Təbiət yeni bir gəlin kimi bəxtiyar təbəssümlər saçırdı. Hava olduqca saf və olduqca gözəl idi. Qadın bu gözəllik, bu fövqəladəlikdən istifadə edərək hoppa bir cocuq kimi sapı bir kəpənək arxasınca qaçaraq, o canlı çiçəyi tutmağa və yaxından seyr etməyə çalışırdı. Bu iki canlı çiçəyin qaçışması ərkəyi də yolundan çıxardı. Ağır-ağır addımlarlaonlara doğru yürüməyə başladı. Kəpənək bir çiçəyə qonmuşdu. Qadın da yavaş-yavaş kiçik əllərini uzadaraq onu tutmaq istədi. Kəpənək qanadlarını iki sarı bayraq kimi açaraq uçub getdi. Qadın mütəəssir olaraq: «Dünyada sevdiklərimdən istehza və nifrətdən başqa bir şey qismət deyilmiş», - dedi. Bu sözləri o qədər həzin bir tövr ilə dedi ki, ərkəyin qəlbində dəxi acı bir təəssür oyandı. Biixtiyar sözə başlayaraq: «Əvət, acı istehza, həm də acı xatirat» – deyə cavab verdi. Hər iki göz bir dəqiqə bir-birinə dikildi. Hər ikisi bir-birinin gözləri içindəki keçmiş xatiratın acı təsirlrini hiss etməyə başladı. Bu hiss iki qəlbi bir-birinə yaxınlaşdırmağa bir vəsilə oldu.
KİMDİR HAQLI? Eyni adla 1913-cü ildə Bakıda kitabça şəklində nəşr edilmişdir. Komediya L.N.Tolstoyun «Kto prav?» əsərindən iqtibas edilmişdir. Ancaq L.N.Tolstoyun əsəri ilə A.Şaiqin pyesi arasındakı oxşarlıq əsasən adındandır. Müəllif pyesi sonralar iləmiş və əsərlərin sonuncu nəşrinə daxil etmişdir. Son avtoqraflarda pyesin yazılış tarixi 1912-ci il göstərilmişdir. Bu nəşrə 1913-cü ildəki kitab variantı salınmışdır.