GƏNC MÜƏLLİMLƏRƏ
(Pedaqoji texnikumun on illiyi münasibətilə)
– Dünən artıq bir uşaqdın, qansız, cansız, çəlimsiz,
Ərimiş bir kölgə kimi uçmuş idi bət-bəniz.
On il əvvəl görmüş idim iməklərkən səni mən.
Küskün, darğın inləyirdin, heç görmədim səni şən.
Həyata göz açmış hələ körpə idin o zaman,
İndi həyat fışqırır, bax, o al yanaqlarından.
Üz-gözündə bir mətanət, dərinlik və səfvət var,
Şən alnında bilgi, zəka ulduzları parıldar.
Anlat mənə, hardan doğdu alnındakı bu ulduz?
Hardan sənə bu başqalıq?
– Bu başqalıqlar yalnız
Bu alnımda doğan yeni günəşdən bir şəfəqdir,
Parlaq ismi inqilabdır, zülmətləri inlədir.
Mən də onun ildırımlı qucağında bəsləndim,
Şimşək kimi işıqlandım, vulkan kimi səsləndim.
Şaşqın, yorğun gözlərimə nur səpdi bu afitab,
Mənə qüvvət, səfvət verən inqilabdır, inqilab!
1929
GƏNC QƏLƏMLƏRƏ
Güclər yenən, fəzaları da sarsıdan səsin
Mən istərəm ki, ruhumun üstündə titrəsin.
Sübhün üfüqlərindəki daşqın şəfəq kimi
İlham verən o səslə qurulsun könül simi.
Olsun o səs Ayım, Günəşim, asimanlarım,
Şimşəklərim, qasırğalarım, kəhkəşanlarım.
Sübhün bahar nəfəslərini andıran o səs
Hər oxşadıqca ruhumu, aldıqca hər nəfəs,
Sarsın bütün vücudumu sönməz bir ehtizaz,
Köksümdə saz kimi bu könül oynasın bir az.
Qarşımda bir yeni, əbədiyyətlə parlayan
Şux lövhələr açılsın. O şimşəkli, gurlayan
Səslərlə oynasın ürəyin incə telləri.
Kimdir çalan, bu hansı füsünkarın əlləri?
Ey mənliyim, əməl günəşim, fəcrim, ülkərim,
Kəskin səsinlə canlanır artıq şerlərim.
Eşqinlə bu tənəffüs edən sənətim saqın,
Ayrılmasın o səsdən aman! Fəcrə ən yaxın
Ulduzlu bir səma kimi üstümdə titrəsin!
İlhamımın xəzinəsi olsun o gənc səsin!
1930
Dostları ilə paylaş: |