L.N.Tolstoydan iqtibas
İştirak edənlər:
Rüstəm (40 yaşında bir kəndli) – əkinçi
Gülsənəm – onun övrəti
Qəmər – Rüstəmin anası
Fatı – Rüstəmin qızı, 17 yaşında
Səadət
Zəhra – iməci qonşu qadınlar
Mələk
Murad – qonşu uşağı
Yunus – Gülsənəmin qardaşı
Gülpəri – kürəkənin xalası
Əhməd – Gülpərinin oğlu
Nazlı – Gülpərinin qızı
BİRİNCİ PƏRDƏ
Səhnə Azərbaycan kəndlərinin birində əkinçi
R ü s t ə m i n evində vaqe olur. G ü l s ə n ə m,
qızı F a t ı y a cehiz hazırlayır. Sadə, fəqiranə
döşənmiş bir otaqda iməci qadınlar oturub
yun darayır, səs-səsə verib oxuyurlar.
Q a d ı n l a r
Oturmuşdum səkidə,
Ürəyim sək-səkidə.
Yardan bir alma gəldi
Bir qızıl nəlbəkidə.
Ucadır eyvanımız,
Qoşadır xırmanımız.
Sən ordan çıx, mən burdan,
Kor olsun düşmanımız.
Mənim ərim molladır,
Atını gümüş nalladır.
Əlində bir alma var,
Gah verir, gah alladır.
S ə a d ə t
Ay Gülsənəm, toy nə zaman başlanır?
G ü l s ə n ə m
On günəcən başlanar
S ə a d ə t
Ay qız, söylə görüm bir,
O vaxtadək nə hazırlıq olacaq?
İşlər yarımçıq tökülüb qalacaq!
G ü l s ə n ə m
Nə bir çətin iş var, tökülsün qalsın?
İki cəcim, bir farmaşdır, bir xurcun,
Bir də üç-dörd sicim, örkən və çatı…
Z ə h r a
Hara getmiş, görünməyir heç Fatı?
Bu tədarük onun üçün görünür,
O utanmaz bəs harada sümsünür?
Q ə m ə r
Qonaq gedib bibisinin evinə
M ə l ə k
Nə aldınız oğlandan? Qoçaq nənə,
Söylə görək!.. Bu ki bizdən gizləyir.
(Gülsənəmə işarə ilə)
Q ə m ə r
Gizli nə var ki? Söyləyim qoy bir-bir
(barmaqlarını bir-bir sayır)
Üç yüz manat başlıq, iki dəst paltar,
Tafta gərdək, tafta tuman və kömlük.
Üç mis qazan, üç dəst yorğan və döşək,
Gümüş kəmər, iki üzük, bir xalı.
S ə a d ə t
Yaxşı verib, boya-başa yetişsin.
G ü l s ə n ə m
Görüm Allah sizə də qismət etsin,
Xoşbəxtlik gülsün qızın üzünə.
Z ə h r a
Dünən çopur Gülcahanın qızına
Əyriburun kəl Əhmədin arvadı,
Eşitdinizmi ki, elçi gəlmişdi?
M ə l ə k
Necə oldu, doğurdan, düzəldimi iş?
Z ə h r a
Düzəlmədi!
M ə l ə k
Niyə?
Z ə h r a
Anası batmış
Beş yüz manat nəğd başlıq istədi.
S ə a d ə t
Onun qızı gün bürcündənmi gəldi?
Sarsaqlayıb, sərsəm olubdur, nədir?
O başlıq heç bəy qızına verilmir,
Ay qız, adamlar heç bilmir eybini.
Özləri tanrı Tanrıverdinin qızını
Alanda yüz əlli başlıq vermədi,
Başlarına it oyunu gətirdi.
Z ə h r a
Cırtdan Xudaverdinin oğlu
Kasıb bir oğlan idi, amma qoçaq,
Gördünüzmü, necə ağır xərc çəkdi?
M ə l ə k
Nəyə gərək? Ölür acından indi
Qapısında bir cüt inək də yoxdur,
Tənbəl öküzlər tək yeyir, sallanır.
S ə a d ə t
Məmiş qızı Nazlını cunbul Cabar
Çox istədi, ucadan başladılar.
Naçar qalıb, qızı götürdü, qaçdı,
Qızın anası ağladı, baş açdı.
Amma yaxşı söyləyirlər oğlanı
M ə l ə k
Gör bir əyyam necə xarab olubdur,
Həya, abır, namus heç qalmayıbdır.
Z ə h r a
Böylə, böylə adamların üzünə,
Allah, necə dağılmayır zəmanə.
Q ə m ə r
Özbaşına böyük olubdur hər kəs.
M ə l ə k
Axşam oldu, getməyəkmi?
H a m ı s ı
Gedək bəs!.. (hamı ayağa qalxır)
G ü l s ə n ə m
Dostları ilə paylaş: |