HİCAB QADAĞASI VƏ AKSİYALAR
Əziz bacım! Həqiqətən də müasir dövrümüzdə hicaba qarşı şiddətli müharibələr gedir. Müsəlman qadınların örtüyü - İlahi qanun və mədəni bir zərurət kimi həmişə İslami cəmiyyətlərin, siyasətçilərin və dövlət rəhbərlərinin diqqətində maraq dairəsində olmuşdur. Bu İlahi qanun, müsəlman dövləti sayılan Azərbaycanda bir sıra problemlərlə üzləşdi və indiyə kimi də davam edir.
Yadındadırsa, Azərbaycanda 2010-cu ildə sabiq təhsil naziri Misir Mərdanov məktəblilərin dərsə hicabla gəlməsini qadağan etdi. Bu qadağa heç bir qanunla və ya yazılı sərəncamla müşayiət olunmadı. Təhsil naziri tərəfindən şifahi tərzdə verilən bu göstəriş, məktəblərdə direktorları, parlamentdə isə xeyli sayda deputatları hərəkətə gətirdi. Birincilər (direktorlar) hicablı qızları məktəbə buraxmadılar, ikincilər (deputatlar) isə “dünyəvilik” prizmasından belə bir hüquq pozuntusuna haqq qazandırmağa çalışdılar.
Sabiq nazirin bu qanunsuz qadağası inanclı dindarlar tərəfindən etirazlara səbəb oldu və hicablı qadınlar öz hüquqlarının müdafiəsinə qalxdılar. Yüzlərlə hicablı qızlar məktəbə buraxılmadığı üçün evdə qalıb dərslərini oxumağa məcbur oldular. Bəzi ailələr isə hicaba görə öz Vətənindən didərgin düşüb hicrət etməli oldular.
Bəli, müsəlman qadın öz şəxsiyyətini və ülvi dəyərlərini “rahat yaşamağa” satmır. O, hicabı tərk etməyə məcbur edilərsə, məcbur edildiyi məkandan hicrət etməli və hicabının toxunulmazlığı qorunan bir yerdə yaşamalıdır. Qurani-Kərim buyurur:
وَالَّذِينَ هَاجَرُواْ فِي اللّهِ مِن بَعْدِ مَا ظُلِمُواْ لَنُبَوِّئَنَّهُمْ فِي الدُّنْيَا حَسَنَةً وَلَأَجْرُ الآخِرَةِ أَكْبَرُ لَوْ كَانُواْ يَعْلَمُونَ
«Və zülmə məruz qaldıqdan sonra Allah yolunda hicrət etmiş kəsləri şübhəsiz, dünyada gözəl bir yerdə yerləşdirəcəyik. Və əlbəttə, əgər bilsələr, Axirət mükafatı daha böyükdür.»1
Beləliklə, Bakının Təhsil Nazirliyi qarşısında və Azərbaycanın müxtəlif bölgələrində “Hicaba azadlıq” aksiyaları keçirildi. Aksiyalarda başda “Azərbaycan İslam Partiyası” olmaqla yanaşı xalqın qeyrətli oğulları da bu haqsızlığa qarşı öz etirazlarını bildirdilər.
Nəticədə xalqın qorxmaz və şücaətli oğulları dövlət polisləri tərəfindən döyülməyə və həbsə məruz qaldılar. Doktor və ilahiyyatçı Mövsüm Səmədov, ilk hicab şəhidi hacı Vaqif Adbullayev, ilahiyyatçı seyyid Fəramərz Abbasov, ilahiyyatçı seyyid Elman Ağayev, ilahiyyatçı Tale Bağırzadə, ilahiyyatçı Abgül Süleymanov, ilahiyyatçı Fəxri İlyasov, ilahiyyatçı Azər Cəbiyev, ilahiyyatçı Zülfüqar Mikayılzadə, ilahiyyatçı Sərdar Hacıhəsənli, Ruhulla Axundzadə, Muhəmmədəli Axundzadə, Abbas Hüseyn, Elçin Məmmədov və yüzlərlə haqqsevər ictimai və dini fəallar müxtəlif zamanlarda zalım məmurlar tərəfindən şərlənərək zindana salındılar. Bunlar azmış kimi dinsiz məmurlar məscidlərin sökülməsini və azan səslərinin kəsilməsini növbəti plana çəkib icra etdilər.
Hal-hazırda dövlət rəsmiləri Konstitusiyada hicab qadağası olmadığı halda, hicaba qarşı özbaşınalığı ört-basdır etmək və qeyri-qanuni cinayətləri üçün ölkələrinin ateist və sekulyar1 bir dövlət olmasını bəhanə kimi göstərirlər. Əslində isə bu qadağanın mahiyyəti tam siyasidir və hakimiyyət, İslamçıların ölkədə çoxalmasından qorxur. Həmçinin o, özünü qərbli ağalarının yanında “modernist” kimi göstərmək istəyir. İslamçılar isə ölkədə sekulyarizmin inkişafını sionistlərin proqramı kimi dəyərləndirirlər.
Dostları ilə paylaş: |