ÖRTÜNMƏK, ABIR-HƏYANIN NİŞANƏSİDİR
Qadın! Sənə var Fatimədən böylə nəsihət:
“Hifz et hicabı, yox daha bundan baha zinət!”
Salam olsun, Vətən-qeyrət uğrunda ölən şəhidlərə! Salam olsun, Allaha xatir hər sınağa dözən möminlərə! Salam olsun, iffətini hər şeydən üstün tutan möminələrə! Salam olsun, hicabı anlayıb tövbə edən xanımlara!
Salam əziz bacım!
Böyük bir qardaş kimi sənə bir sıra nəsihətlərim var. Ümid edirəm ki, məni düzgün başa düşəcəksən. Əgər bu nəsihətlər, sənə müsbət təsir edib qəlbində hicaba qarşı məhəbbət oyadarsa, Allah-təalaya şükür etmiş olaram, yox əgər bunların heç bir faydası olmazsa, onda sənə dua etməkdən başqa əlimdən bir şey gəlməz.
Əziz bacım! Yəqin ki, hicabın “örtünmək” mənasında olduğundan xəbərin var. Bu İlahi əmr - İslam dinimizdə zəruri məsələlərdən sayılır və buna görə də hər bir müsəlman qadın örtünməlidir. İnsanları bütün məxluqatdan (mələklərdən, cinlərdən, heyvanlardan və s.) üstün yaradan Uca Allah, onun həm maddi (zahiri), həm də mənəvi (batini) geyimini vurğulayaraq belə buyurur:
يَا بَنِي آدَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًا يُوَارِي سَوْءَاتِكُمْ وَرِيشًا وَلِبَاسُ التَّقْوَىَ ذَلِكَ خَيْرٌ ذَلِكَ مِنْ آيَاتِ اللّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ
«Ey Adəm övladları, şübhəsiz sizə ayıb yerlərinizi örtəcək və sizin üçün zinət olacaq bir libas (geyim) nazil etdik (onun xammalını torpaqda yaratdıq və sizə onu əldə etmək istedadını verdik). Əlbəttə, təqva libası daha yaxşıdır. Öyüd-nəsihət alasınız deyə, bunlar Allahın nişanələrindəndir. «1
Ayədə buyurulan “təqva libası” - “həya libası”na, “məsuliyyət libası”na, həmçinin “vacib əməl”lərə işarədir. Belə ki, insan öz cismini cürbəcür, rəngarəng geyimlər vasitəsilə istidən və soyuqdan qoruduğu kimi ruhunu da bütün günahlardan və çirkablardan qorumalıdır. O, boynuna düşən vəzifə və məsuliyyətləri düzgün yerinə yetirməlidir ki, pak həyat tərzi ömrünü çiçəkləndirsin və nurlandırsın.2
Hicab - əslində İslami kimliyin göstəricisidir.
Hicab - bir ibadətdir. Çünki, bunda Allah-təalanın əmrini yerinə yetirmək var. Deməli, hicab - hər bir müsəlman qadına namaz, oruc, xüms kimi vacib əməllərdən sayılır.
Göz görməsə, könül də istəməz. Nə qədər az görsən, qəlbin də bir o qədər təmiz olar. Buna əsasən də hicab - qəlblərində xəstəlik olanların şəhvətlərinin qarşısını alır.
Hicab - yalnız baş bağlamaqdan və çənəni örtməkdən ibarət deyil. Hicab - əl və topuqdan başqa qalan yerlərin tam olaraq örtülməsi ilə bərabər, bədən cizgilərinin də gizlədilməsi anlamına gəlir. Qurani-Kərim buyurur:
وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا وَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَى جُيُوبِهِنَّ
»Möminə qadınlara de ki, (başqalarının ayıb yerləri və yad kişinin bədəni kimi baxılması haram olan şeylərlə qarşılaşanda) gözlərini yumsunlar və öz ayıb yerlərini (üz və əllərindən başqa bədənlərinin hər yerini yadların görməsindən) qorusunlar. Həmçinin öz zinətlərini, bəzəklərini və onların yerlərini (boyun, sinə, saç, biləklər, baldırlar və sairəni, naçarlıqdan öz-özlüyündə) görünən (üst paltarları, əl və üz kimi şeylər) istisna olmaqla, üzə çıxarmasınlar... 1«
Dostları ilə paylaş: |