EY XANIM, NİKAH ZAMANI ÖZÜNÜ SIĞORTALA!
Əziz bacım! Neçə il bundan qabaq yazdığım bir məqaləni bu kitabçada yada salmaq istədim. Nikah və talaq (boşanma) barəsində yazdığım bu mövzu cəmiyyətdə qlobal məsələlərdən sayılır. Belə ki, qadınlar ailə qurarkən lazımi şərtləri bilmədikləri üçün bir sıra problemlərlə üzləşir, hüquqları tapdalanır və həyatlarını zülmətdə keçirməyə məcbur olurlar. Sonrakı peşmançılıq isə fayda vermir. Bu zülmətə düşməmək üçün müqəddəs İslam dinimiz həll yollarını açıqlamışdır.
Dünyada, məxsusən Azərbaycanda boşanma problemi getdikcə artmaqdadır. Talaq - halal bir əməl olmasına baxmayaraq, Allah-təala dərgahında nifrət edici bir əməl sayılır. Əlbəttə ki, mənfur o talaqdır ki, üzürlü bir səbəb olmadan verilmiş olsun. Amma əgər, bir kəsin talaq üçün məntiqi dəlili olsa, nifrət olunmayacaq. Əksinə, belə yerlərdə boşanmaq - çıxış yoludur. Lakin çox vaxt kişi öz həyat yoldaşına əziyyət versin deyə, ona talaq vermir və bu da xanımın ömür boyu başsız qalmasına, əzab-əziyyət içində yaşamasına səbəb olur. Yaxud öz ailəsini atıb Rusiyaya və ya uzaq ölkələrə çıxıb gedən kişi, başqa bir həyat yaşamını seçərək öz xanımından tamamilə uzaqlaşır və ona zülm etməklə bərabər Allahın ayəsinə (Bəqərə” surəsi, ayə 231) etinasız yanaşmış olur. Nəticədə talağı verilməmiş qadın başqa birisilə həyat qura bilməz və dinimiz tərəfindən onun başqasına ərə getməsi qadağandır. Xanımların bu problemlərlə üzləşməməsi üçün dinimiz çıxış yollarını öyrədir.
Dostları ilə paylaş: |