F. H. Zeynalov


IV. Aşağı səviyyəli semiotik sistemlər



Yüklə 1,55 Mb.
səhifə23/83
tarix02.01.2022
ölçüsü1,55 Mb.
#661
1   ...   19   20   21   22   23   24   25   26   ...   83
IV. Aşağı səviyyəli semiotik sistemlər

IV.1. Heyvan “dili” haqqında


İnsan dilinin üstünlüyü heç bir şübhə doğurmur. Böyük fran­sız dilçisi E.Benvenist “heyvanların dili varmı ?” sualına birmənalı şəkildə “yox” cavabı verir. O yazır: “Dil anlayışının heyvanlar aləminə tətbiq edilməsi bu sözün yanlış istifadəsilə bağlıdır. Təbii ki, heyvanların insan dilinin əlamətlərinə və funksiyasına bənzər öz ifadə vasitələrinin heç olmasa rudimentar formada mövcudluğunu sübut etmək indiyə qədər qeyri-mümkün olmuşdur. Heyvan aləminin dərinliyinə dair bütün ciddi mülahizələr, ən müxtəlif texnikanın köməyilə insan dilinə oxşayan dil şəklində dil yaratmaq və ya ona nəzarət etmək cəhdləri boşa çıxmışdır. Müxtəlif çığırtılar çıxardan həmin heyvanların davranışında səsli ifadələr düzəltməsi görüntüsündən belə nəticəyə gəlmək olmaz ki, onlar özlərinə “danışılan” xəbərlər ötürürlər. Heyvanlar aləmində, hətta ən yüksək səviyyədə, spesifik dil kommunuksiyası üçün əsas şərtlər yoxdur”.1 Alimin bu sözləri bütövlükdə real gerçəkliyi əks etdirir. Ancaq geniş mənada heyvanlar arasında ünsiyyətdən danışmaq olar və bu fəsildə biz bu incəliyi açıb göstərməyə çalışacağıq.

Məlumdur ki, heyvanlar arasında və ya kibernetik qurğu ilə ünsiyyət çox sadədir. Heyvan qeyri-dil işarələrindən istifadə edir. Bu sistemi insanın həyatında mühüm rol oynayan qeyri-dil işarələrilə müqayisə etmək olmaz. Məlumdur ki, insanın təbiətlə əlaqələri həddən artıq rəngarəngdir. Heyvanlar da insanlar kimi təbiətlə bilavasitə təmasda olur. Heyvan hər gün özünə yaşayışı təmin etməlidir, özünü düşmənlərdən qorumalıdır. Eyni zamanda insanlar da dəyişən ətraf mühitə uyğunlaşmasalar, şərti reflekslər işləyib hazırlamasalar, öz həyatlarını təmin edə bilməzlər. Şərti refleks isə o deməkdir ki, bir qıcıqlandırıcı başqası haqqında siqnal verir, biri digərinə işarə olur. Şərti reflekslər sadə orqanizmlərə xasdır, ancaq onlar ən yüksək səviyyəyə çatmış varlıqlarda daha çox inkişaf etmişdir. Orqanizm nə qədər mürəkkəb olarsa, ətraf mühitlə o qədər geniş əlaqədə olur, uyğunlaşmış fəaliyyət həyata keçirir, bu da şərti reflekslərin qazanılması deməkdir. Başqa sözlə, qeyri-dil işarələrinin çəkisi insanın davranışında artır.

Təbii olaraq bir sual həmişə bizi düşündürür: heyvanlar dil işarələrindən istifadə edirlərmi? Başqa sözlə, heyvanların dili var­mı? Bu suala cavab vermək üçün işarənin iki növündən danışıl­dığını xüsusi qeyd etməliyik: niyyətlə və qeyri-niyyətlə işlənən işarələr (intensional və ya onların anlamını bilərəkdən işlətmək və qeyri-intensional) fərqləndirilməlidir. Bundan sonra sualı belə qoymalıyıq: heyvan intensional və qeyri-intensional işarələrdən istifadə edirmi?

Qeyri-intensional dil işarələrilə məsələ tam aydındır. Çoxsaylı təcrübələr birmənalı şəkildə sübut edir ki, heyvanlarda qeyri-intensional dil çox inkişaf edib. Heyvanlar bir-birilə instiktiv çıxar­dıqları (düzəltdikləri) işarələrdən, onların anlamını başa düşmədən və kommunikativ əhəmiyyətinə varmadan gen-bol isti­fadə edirlər. Məsələn, yayda çəmənliyə və ya meşəliyə gedəndə həşəratların oxuduğu “nəğmələri” eşidirik (kəpənəklərin, işılda­quş­ların və s.). Bü­tün rəngarəngliyinə baxmayaraq mütəxəsislər heyvanların çağırılmasının 5 növünü fərqləndirirlər:

1. Erkəyin və dişinin çağırış “nəğmələri”;

2. Dişinin çağırış “nəğmələri”;

3. Rəqibə yaxın olanda erkəyin təhlükə haqqında “nəğmələri”;

4. Erkəklərin yoldan çıxartma, azdırma “nəğmələri”;

5. Erkək və ya dişinin narahatlıq “nəğmələri2”;

Bunlardan hər biri müəyyən informasiya ötürür. Məsələn, çağırış mahnıları erkəyi və ya dişini hansı istiqamətdə axtarmağı bil­dirir. Dişi erkəyin yaxınlığında olduğunu biləndə, çağırış mahnısı “azdırıcı”, yoldan çıxartma “mahnısı” ilə əvəz olunur.

Mütəxəssislər qeyd edirlər ki, quşlar cinsi əlaqə vaxtı daha çox səs siqnalları çıxarırlar.

Bu siqnallar bildirir ki, hansısa ərazi tutulub, onun bu ərazidə görünməsi təhlükəlidir, dişini çağıraraq ona həyəcanını bildirir.

Nəsil artırılmasında ana (ata) və bala arasında qarşılıqlı an­laş­ma mühüm rol oynayır. Səs siqnalları burada mühümdür. Quş vali­deyinlər öz balalarına qida ilə qayıtmaqları, düşmənin yaxın­laşması barədə xəbər verirlər, onları uçuşa həvəsləndirirlər, bir yerə top­laşmağa çağırırlar (məsələn, anac toyuq balalarını bir yerə yı­ğanda). Balaları isə təhlükə yarananda və ac qalanda siqnallar verirlər.

Heyvanların çıxardığı səslər gerçəklik haqqında çox dəqiq məlumat verir. Məsələn, qağayı az yem tapanda onu özü yeyir, bu ba­rədə başqalarına xəbər vermir, ancaq yemək çox olanda öz həm­cinslərini xüsusi çağırışla dəvət edir. Heyvanların rəhbərləri xüsusi təhlükə yarananda, düşmən gələndə həyəcan təbili çalır və dəqiq məlumat verirlər, hansı düşmən haradan və hansı yerdən yaxınlaşır. Düşmənlə aralarındakı məsafəni heyvanlar həyəcanlı səslə ifadə edirlər. Məsələn, ingilislərin pişik-quş adlandırdıqları heyvan düşməni görəndə qısa çığırtı çıxarır, ancaq düşmən yaxınlaşanda pişik kimi miyoldayırlar. Buradan da onların adı aydın olur.

İnkişaf etmiş elə bir heyvan yoxdur ki, işarə-siqnallarından bu və ya digər dərəcədə istifadə etməsin. Çağırış qışqırtıları cana­var­larda da müşahidə olunur (bir yerə yığışmaq, yaxındakı ova hücum, şikarın dalınca qaçanda), bu cür siqnallara vəhşi və yarımvəhşi heyvanlarda tez-tez rast gəlmək olur. Hətta, xalq arasında kar hesab edilən balıqlar belə (ruslar deyirlər, balıq kimi kar-“нем как рыба”) bir-birilərinə xəbər göndərəndə səs siqnallarından istifadə edirlər. Bu siqnallar düşmənlərin hücumlarından qorunmaq və dişi həm­cinsini tovlamaq üçün işlədilir. Son illərin tədqiqatları sübut edir ki, balıqlar xüsusi duruş və hərəkətlərdən (dayanıb durmaq, yerində fırlanmaq) və s. ünsiyyət vasitəsi kimi istifadə edirlər.

Qeyri-intensional dilə qarışqaların və arıların ünsiyyətini nü­munə gətirmək olar. Onlar haqqında irəlidə bir qədər ətraflı danı­şacağıq.

Qarışqalar öz aralarında müxtəlif cür “razılaşırlar”. Onlar iy verən şeyləri göstərməklə qidanın istiqamətini müəyyənləşdirirlər. Eyni zamanda qarışqalar bu yolla da həyəcan təbili çalırlar. Onlar həmçinin toxunmaqla jest vasitəsilə siqnal verirlər. Hətta belə iddia edirlər ki, qarışqalar bioloji radioəlaqə yaratmağa qabildirlər.3

Təcrübələr göstərmişdir ki, qarışqalar deşiyi olan dəmir stəkanlarda yerləşdirilmiş öz həmcinslərini çıxardıb xilas etmişlər. Eyni zamanda onlar yandakı içi qarışqa ilə dolu, ağzı açıq və ya tam boş yoxlama qurğuşun stəkanlara qəti yaxın getməmişlər.

Mütəxəssislər qırmızıdöş ağacyeyən qarışqaların davranışını bir neçə il öyrənərək belə nəticəyə gəlmişlər ki, qarışqaların “dilin­də” ən mühüm cəhət jestlər və təmaslardır. Qarışqalarda iyirmiyə qədər jest müəyyənləşdirmək mümkün olmuşdur. Lakin onlardan yalnız 14-nün mənasını aça bilmişlər. Aşağıda qarışqaların hansı siq­nallardan istifadə hallarına bir qədər aydınlıq gətirməyə çalı­şacağıq.

Əgər qarışqa yuvasına onların yemədiyi həşərat daxil olarsa, onda bu barədə birinci duyan qarışqa digər qarışqalara siqnal göndərir, bu zaman o ya həşəratın üstünə çıxır, ya da onun belindən aşağı tullanır. Adətən bircə tullanış yetərli olur, ancaq lazım gəl­dik­də bir neçə dəfə, ta ona yönələn qarışqalar həşəratdan üz döndərənə qədər tullana bilər. Düşmən görəndə qarışqa xəbəredici mövqe tutur (qalxır və döşünü qabağa verir).

Yəqin bundan sonra aparılacaq tədqiqatlar qarışqa “dilinin” incəliklərini öyrənməyə, bununla da onların “dilinin” sirrini açmağa imkan verəcəkdir.


Yüklə 1,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin