Müəlliflik hüququnun və əqli mülkiyyətin iqtisadiyyatda əhəmiyyəti Müəlliflik hüququnun daimi olan mədəni-humanitar əhəmiyyəti mövcuddur, çünki cəmiyyətin aldığı xeyir və fayda bu hüquqların tanınmasının başlıca səbəbidir. Müəllif hüquqlarının qorunması – mədəni irsin qorunub saxlanması, mədəni dəyərlərin cəmiyyətdə geniş yayılması və yeni yaradıcılıq nəticələrinin meydana çıxmasına şərait yaradır. Bununla yanaşı, müəlliflik hüququnun böyük iqtisadi potensialı vardır. Müəlliflik hüququ son illər iqtisadi inkişafın vacib aləti kimi çıxış edir və digər əqli mülkiyyət hüquqları ilə birgə “biliklərə əsaslanan iqtisadiyyatın” əsas amilinə, tərkib hissəsinə və ən vacib qeyri-maddi aktivlərinə çevrilmişdir. Yalnız müəlliflik hüququna əsaslanan sənayenin payı dünya istisadiyyatında 7,3 faiz təşkil edir.
Əqli mülkiyyət təkrar olunan vəsait (resurs), bilavasitə gəlir gətirməyən, lakin vasitəli yollarla böyük maddi gəlirin təminatçısıdır. Əqli mülkiyyət hüquq sahibinin icazəli istifadəsi zamanı riskin minimal və gəlirin maksimal olması şərtlərini yaradan mənbədir və inhisarçılığa baxmayaraq rəqabətə mənfi təsir göstərməyən, əksinə, digər şəxsləri fərqli həlləri tapmağa həvəsləmndirən “kiçik inhisardır”.
Respublikamızda müəlliflik və digər əqli mülkiyyət hüquqlarının qorunması yeni-yeni ixtiraların, elmi kəşflərin, yaradıcılıq əsərlərinin yaranmasına səbəb olur. Bu da son nəticədə ölkənin ümumi inkişafında əhəmiyyətli rol oynayır.
Ədəbiyyat
Əliquliyev R.M., Ağayev N.B.,
Alıquliyev R.M.,
Plagiatlıqla mübarizə texnologiyaları //
Bakı. İnformasiya Texnologiyaları nəşriyyatı. 2015. 146