Universitetin Tərkibi "Əmək və Sosial Münasibətlər" Jurnalı
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının əsas mətbu orqanı "Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalıdır. Jurnal ildə iki dəfə 8–10 çap vərəqi həcmində, 300 tirajla çap olunur. Bu gün, elmi jurnalların çoxluq təşkil etdiyi bir zamanda, "Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalının qarşısında təqdim edilən məqalələrdə elmi səviyyənin yüksək olması, intellektual potensialın yetişdirilməsi və möhkəmləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, sosialəmək münasibətləri problemlərinin öyrənilməsinə töhfə vermək, informasiya texnologiyaları sahəsində son illərdə əldə olunmuş uğurları beynəlxalq elmi əməkdaşlıqda tətbiq etmək və s. bu kimi mühüm vəzifələr durur."Əmək və sosial münasibətlər" elmi-praktiki jurnalı intellektual diskussiyalar və elmi məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün həmişə açıqdır. Jurnal həmkarlar ittifaqı hərəkatı, sosial problemlər və müasir elmin iqtisadiyyat, sosiologiya, hüquq və s. inkişafı ilə bağlı olan aktual məsələlərin əsl müzakirə meydanıdır.
Gender Araşdırmaları Mərkəzi Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında "Gender Araşdırmaları Mərkəzi" (GAM) fəaliyyət göstərir. Mərkəzin yaradılmasında məqsəd Azərbaycanda gender sahəsində olan problemləri araşdırmaq, ölkədə müvafiq sahədə aparılan tədbir və islahatları təhlil etmək, yeni fikir və ideyalarla çıxış etmək, fərqli təklifləri aidiyyəti orqanlara çatdırmaq, cəmiyyətdəki cinslərarası zorakılıq hallarının aradan qaldırılması yollarını aramaq, tələbələr arasında gender mədəniyyətinin formalaşmasında maarifləndirici işlər aparmaqdan ibarətdir. Bunun üçün Mərkəzə bu sahədə təcrübəsi olan mütəxəssislər, qabaqcıl tələbələr cəlb olunub. Mərkəzin xətti ilə Akademiyada artıq üç dəfə "Azərbaycanda gender problemləri: mövcud vəziyyət və əsas istiqamətlərdə inkişaf" mövzusunda respublika konfransı keçirilib. Akademiyanın müəllimləri tərəfindən "Qadın: ailədə, cəmiyyətdə, təhsildə, dində, ədəbiyyatda" və "Gender asimmetriyası" adlı əsərlər yazılmışdır.