Tibb Universitetində təhsil alanda Hacı ərəb tələbə yoldaşından namaz qılmağı öyrənib
- Hələ Tibb Universitetində təhsil alanda Hacı ərəb tələbə yoldaşından namaz qılmağı öyrənib. Daha sonra isə bu sahədə özünü təkmilləşdirməyə başladı. Sovet dövründə müəyyən qadağalar olsa da, Hacının nəslində dinə bağlı şəxslər olub. Vaxtlı-vaxtında namaz qılıb, oruc tutublar. Təxminən 1990-cı illərdə Hacı ölkə daxilində dini sahədə biliklərini artırmağa cəhd edib, müəyyən araşdırmalar aparıb.
15 il öncə Hacı ilə birlikdə təhsil almaq üçün yığışıb Qum şəhərinə getdik. 2 körpə uşaqla, çox çətinlikdən keçərək dini dərs aldıq. Qum şəhərinin dini hövzəsində, həmçinin İmam Xomeyni adına Beynəlxalq İslam Universitetinin Qumdakı filialında dərs oxumuşuq. “Qurani-Kərim”in təfsiri, fəlsəfə, tarix, fiqh (dini hökmlər) və başqa sahələrdə məlumat almışıq.
“Quran”ın “Ənbiya” surəsinin 97-ci ayəsində deyilir: “Özlərinə zülm etmiş kəslərin ölümü çatdıqda onlardan mələklər soruşar, niyə belə günə düşdünüz? Onlar cavab verərlər ki, biz yer üzündə məzlum idik (yəni mühitimiz bizim dindar olmağımıza icazə vermirdi). Onlara belə deyərlər: “Allahın yeri geniş deyildimi ki, hicrət etmədiniz (köçüb başqa yerə getmədiniz)? Sonra belələrini cəhənnəmə atarlar”.
Biz bu və bu kimi ayələri örnək edib dinimizi öyrənmək üçün adama əziz olan ata-anadan, bacı-qardaşdan, qohumlardan ayrılıb Qum şəhərinə elm almağa getdik.
- Nəyə görə məhz Qum şəhərinə?
- Hacı dünyadakı mötəbər dini mərkəzləri araşdırdı. Dini elmlərin mərkəzi əvvəl Nəcəf şəhəri sayılırdı. Sonradan diktator Səddam Hüseynin üzdəniraq səyləri nəticəsində zəifləmişdi. Buna görə də Qum şəhəri dövrün daha təkmil dini mərkəzinə çevrilmişdi.
- Bəs nə vaxt vətənə döndünüz?
“Hacının valideynlərinin istəyi ilə vətənə qayıtdıq”
- 6 il sonra Hacının valideynlərinin istəyi ilə vətənə qayıtdıq. Həyatımızı əqidə və elmimiz əsasında qurmağa çalışdıq. Quba camaatı bilirdi ki, biz dini təhsillə bağlı hara getmişik. Məclislərdə Hacı Mövsümü önə çəkib daim onun elmdən danışmasını istəyirdilər. Beləliklə, Hacı Mövsüm camaat içərisində böyük hörmət qazandı.
- Bəs oxuduğu tibb sahəsində Mövsüm bəy heç çalışmayıb?
- Çalışıb. Ali məktəbi bitirdikdən sonra Qubanın Digah kəndində ambulator məntəqədə baş həkim vəzifəsində işləyib. 2 il.
- İslam Partiyasının sədrliyinə necə gəldi?
- 2007-ci ildə partiyanın sədrliyi ona tapşırıldı və elə o vaxtdan da biz Bakıya köçdük. Sədr olarkən də Hacının işi dini maarifləndirmədən başqa bir şey olmayıb. Hamı bunu çox gözəl bilir, amma nədənsə deməyə çəkinirlər.
- Bayaq dediniz ki, Mövsüm Səmədova “niyə elə çıxış edirdin” sualını vermisiz. Həmin çıxışda Azərbaycan cəmiyyətinin durumu, eləcə də dövlət başçısı ilə bağlı xeyli kəskin fikirlər vardı. Mövüm bəy belə bir çıxış etməsinin nədən qaynaqlandığını deyir?
- Dəfələrlə həmin çıxışa qulaq asmışam. Amma deyim ki, bu gün cəmiyyətdə ondan da kəskin, tənqidi fikirlər səslənir. İstər sadə adamlar tərəfindən, istər ictimai xadimlər tərəfindən. Amma onların heç biri həbsə atılmayıb.
Onun bu çıxışını bir qədər də təsirli edən Hacının İslam Partiyası adından danışması olub. Həmin tənqidi fikirlər partiya adından səsləndiyinə görə daha təsirli və kəskin alınıb.
- Mövsüm bəy haqqında səslənən fikirlərdən biri də onun İrana bağlılığıdır.
- Hacının partiya fəaliyyətinə görə mən nəsə deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, Hacı oxumuş adam olduğuna və müəyyən səviyyəyə gəlib çatdığına görə islamdakı xüms və zəkatlardan istifadə edə bilərdi. Həmin xüms və zəkatın bir hissəsi dinin yayılmasına sərf olunurdu və bu, dinimizdə də var. Tədbirlər təşkil olunar, məclislər qurulardı.
Qaldı İrana, bir ildir bu vəziyyətdəyik, əgər İran maliyyə yardımı edəndirsə, bu bir ildə nəsə edərdi də Hacının ailəsinə... Bizə ancaq yaxın qohumlar və yaxın dostlar yardım edir, bununla dolanırıq.
Bizim İrana bağlılığımız yalnız mənəvi baxımdandır. Hacı öz məqalələrində, çıxışlarında da deyib ki, mən İranla olan qardaşlığımıza, rabitəmizə görə fəxr edirəm. İran elə bir yerdir ki, bir qarış torpağını Səddam Hüseyn işğal etmişdi, 13-14 yaşlı İran gənci ayağa qalxdı, şəhid oldu, torpaqlarını müdafiə etdi. Amma Azərbaycan torpağının 20 faizi işğal altındadır və 20 ildir vəziyyət belə davam edir. Bizim ölkə hansı səmtə gedir? Bəlkə elə tək bu fakta görə bu ölkədən örnək götürək...
- Həftədə bir dəfə ona ərzaq aparırsınız. Bunu necə çatdırırsınız və əsas probleminiz nədən ibarətdir?
- Ərzaq çatdırılmasında əsas maneə rüşvətlə bağlıdır. Ərzaq çantasını təhvil verəndə mütləq üstünə 5 manat qoymalısan. Əgər bir məktub yollamaq istəyirsənsə, mütləq 10 manat verməlisən, yoxsa götürmürlər. Əsas problem bununla bağlıdır.
Ərzaq çantasının düzəlməsi isə Allahın köməkliyi ilə mümkün olur. Hər cümə fikirləşirəm ki, bu dəfə nə yollayım, amma şənbə günü hər şey öz-özünə düzəlir. Ya anam, ya bacım, ya hansısa qohum, yaxud yaxın dostların yardımı yükümüzü yüngülləşdirir.
- Rüşvət tələb etmə tək islamçılara, dindarlara qarşıdır, yoxsa siz ümumi vəziyyəti təsvir edirsiniz?
- Müşahidələrə əsasən demək olar ki, bu, ümumi vəziyyətdir. Bu mənzərə insanların necə məzlum olduğu təəssüratını yaradır məndə. Biz Bakıdan gedirik, amma elə ziyarətçilər olur ki, ucqar dağ kəndindən gəlir və necə kasıb, necə imkansızdırlar. Bu, insafdan deyil axı...
- Əsas ehtiyacı nədir Hacı Mövsümün? Çöldəkilərdən istəyi nə olur?
- O, elə bir adamdır ki, ehtiyacını çox vaxt bildirməz. Xüsusi istəyi isə kitablarla bağlı olur.
- Hökm oxunan gün - 7 oktyabr günü Səmədovlar ailəsi üçün tarixə necə yazıldı?
“Belə bir qəddar hökmün çıxarılacağını gözləmirdim”
- Allah şahiddir ki, belə bir qəddar hökmün çıxarılacağını gözləmirdim. Hakim hökmü oxuyanda bir anın içində donub qaldım. Halım yaxşı deyildi. Amma sonra fikir verdim ki, bu gün bizim məmləkətdə dinimiz məzlum vəziyyətə düşüb. Məscidlər sökülür, hicablı qızlarımız məktəbə gedə bilmir, onların səsləri də heç kimə çatmır. Nəhayət, bir nəfər tapıldı ki, ayağa qalxıb bu barədə söz danışsın. Şükür Allaha ki, ölkədə islam dininə olan münasibətə görə söz deyən şəxs bizim ailədən çıxdı.
Əvvəl-əvvəl Hacının, digər dindarların həbs olunmasından xeyli narahat oldum. Amma sonra toxtaqlıq tapdıq. “Quran”da belə bir ayə var: “Allah-təalaya yavər olsanız, kömək etsəniz, Allah da sizə kömək edər və sizin qədəmlərinizi sabit edər”. Belə ayələr mənə çox dayaq durur.
- Hadisələrə uşaqların reaksiyası necədir bəs? Nərgiz balacadır, yəqin ki, ətrafda nələrin baş verdiyini bilmir...
- Nərgizin 2 yaşı var. Dəfələrlə məhkəməyə aparmışam. Dalbadal atasını hər həftə gördü. Sonra bir həftə aparmadım. Bərk xəstələndi. Heç nə yemir, heç nə içmirdi. Bildim ki, atasına görə belə edir. Elə bil böyüklər kimi fikir çəkirdi... yemək yox, içmək yox... Növbəti dəfə apardım. İnanın ki, məhkəmədə atasını görəndən sonra halı düzəldi.
- Uşaqlardan sizə dəstək varmı?
- Bəli, çoxdur, həddindən artıqdır. Gözümün işığı onlardır. Eyni zamanda bizə dəstək verən bütün mömin bacı-qardaşlara minnətdaram. Hacı həbs olunandan sonra o qədər dost tapmışam... Bu qədər yaxşı adamların olmasına çox sevinirəm.
- Övladlarınız Zəhra və Zeynalabdin təhsillərini harda davam etdirirlər?
- Zəhra Bakıdakı İran məktəbində oxuyur. O, 6-cı sinifə qədər rus məktəbində təhsil alıb. Bundan sonra isə onu İran məktəbinə keçirmişik. Məhz elə bu hicab məsələsinə görə.
“Mənim atam Azərbaycanda islamın ölməməsini istəyir”
Mövsüm Səmədovun qızı Zəhra da söhbətə qarışır:
- Mən 9 yaşımdan başımı bağlamışam. Bəlkə bu yaşda olanlara hamı balaca gözü ilə baxır. Amma Allah bu yaşda olan qızlara böyük kimi baxır. Ona görə də bizim üçün vəzifələr qoyub və onlardan biri də hicabdır.
- Atanın həbsi ilə bağlı fikrin necədir? Səncə, nəyə görə atanı həbs ediblər?
- Bir misal çəkim. Bu il yayda biz Milli Parka getdik. Həzrəti Fatimənin mövlud günü idi. Dindar kişilər əllərində gül qadınlara paylayırdı. Polislər həmin gün parka elə hücum etdilər ki... Dindar kişiləri tutub apardılar. Hicablı xanımları oradan uzaqlaşdırdılar, üç-dörd qadının bir yerə toplanmasına imkan vermədilər.
Bu, ölkədə dinlə bağlı vəziyyətin bir nümunəsidir. Mənim atam bu kimi hallara qarşı çıxıb. O, Azərbaycanda islamın ölməməsini istəyir. Azərbaycan əhalisi özünü müsəlman adlandırır, amma nə qədər qadağalar var. Mənim atam bacardığı qədər bu qadağalara qarşı çıxan şəxsdir.
- Əgər atan yanvarın 2-də həmin çıxışı etməsəydi, İslam Partiyasının sədri olan Mövsüm Səmədova, atana münasibətin necə olardı?
- Mövsüm Səmədovun mənim atam olmasını bir kənara qoyaq, o, İslam Partiyasının sədridir, mən də Azərbaycan Respublikasının mömin bir qızı. Əgər bu gün məni hicabla ictimaiyyətə qatılmağa qoymurlarsa və İslam Partiyasının sədri Mövsüm Səmədov buna susursa, deməli, islam adından olan partiyanın sədri kimi düzgün seçilməyib. İndiki halda isə mən həm partiya sədri Mövsüm Səmədovla, həm də atamla fəxr edirəm.
Mən Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyindən də bu qadağalara qarşı çıxmasını gözləyirəm. Amma bu gözləntilər özünü doğrultmur. Əgər indiyə qədər o, nəsə desəydi, ona qarşı fikrim dəyişərdi.
Mən atamı sevirəm, onun üçün darıxıram, istəmirəm ki, o, 12 il həbsxanada yatsın. Tək bir təskinliyim onadır ki, atam ölkənin mömin xanımlarının hicabına görə həbs olunub və Allahın köməkliyi ilə bu müddətə dözərəm. Eyni zamanda ona da inanıram ki, bu məşəqqət 12 il çəkməz.
Allah heç vaxt öz möminlərini tək buraxmaz. “Quran”da da deyilir: “Allah möminlərin başçısı və ən yaxın köməkçisidir”. Bu ayədən görünür ki, Allah heç vaxt öz bəndəsini yalqız buraxmaz.
Atama qarşı saxta ittihamlar irəli sürənlərə də çox acıyıram. Əgər onu tutanda desəydilər ki, səni filan çıxışına, filan sözünə görə həbs edirik, bu indikindən fərqli olardı. Biz də fikirləşərdik ki, əməlləri doğru olmasa da, sözləri dürüstdür. Amma atamla, digər dindarlarla bağlı səhnəni görəndə başa düşdüm ki, atamı şərləyənlərin nə əməlləri, nə də sözləri dürüst deyil.
Dinlə, “Quran”la məşğul olan adamın narkotik maddə ilə işi olmaz. İnsanın ağlını başından çıxaran, onu məst edən vasitələrə qurşanan adam dindar, mömin ola bilməz. Həmçinin mənim atama qarşı deyilən bu ittihamlar da şər və böhtandır. Mömin şəxs belə işlərlə məşğul olarsa, o digərlərini hidayət edə bilməz, doğru din yoluna dəvət edə bilməz. Azərbaycanda söz azadlığının olması məndə şübhə yaradır. Əgər elə bir azadlıq olsaydı, indi mənim atam həbsdə yatmazdı.
- Atan səni necə çağırır?
- Mənə hərdən Zəhra, hərdən də Zəhraxanım deyir. Məni məxsusi səslə çağırır, yalnız atam məni o səslə çağıra bilər.
Aynur İMANOVA
Mediaforum
18.05.2012
Dostları ilə paylaş: |