Peyğəmbərin (s) xüsusi rəftarları
Peyğəmbər (s) bir ictimai hadisə ilə qarşılaşdığı zaman elə üsul və metodlarla hərəkət etmişdir ki, bu metodlar bizim üçün bir məktəbdir. Uyğun bir dövrdən uzun bir zaman fasiləsi keçməsinə baxmayaraq, Peyğəmbərin (s) yanaşmaları aktualdır.
Üç tanınmış üsul
İslahatda ictimai mübarizənin bir sıra yolları vardır:
1. Mühafizəkarlıq ( tradisionalizm, konservatizm)
Bu üsula görə mühafizəkar başçı tam xurafat olmasına baxmayaraq, adət-ənənəni qoruyur;
2. İnqilabçılıq (revolyusionizm)
Bu zaman inqilab rəhbəri köhnəlmiş, çürük adət-ənənələri qəfil zərbə ilə aradan qaldırır.
3. İslahat və dəyişiklik (evolyusionizm, reformizm).
İslahatçı rəhbər çalışır ki, heç olmasa, bir ənənəni tədricən aradan qaldırıb, islahat apara bilsin.
Amma İslam Peyğəmbəri (s) dördüncü tədbirə əl atır. O, nəsillərdən nəsillərə ötürülmüş adət-ənənənin formasını saxlayıb, onun mahiyyətini dəyişir.
Mühafizəkarlar belə bir məntiqi dəlillə çıxış edirlər ki, əgər adət-ənənələr dəyişərsə, ictimai bağlar qırılar və cəmiyyət parçalanaraq təhlükəyə düşər. Onlar hər bir inqilabdan sonra yaranan hərc-mərcliyi bununla əlaqələndirirlər.
İnqilabçılar isə belə fikirləşirlər ki, qədim adət-ənənələr, üsul-idarələr cəmiyyəti tənəzzülə aparır. İnqilab istedadların, düşüncələrin salındığı qəlibləri sındıraraq, guya daha mütərəqqi ictimai durum əldə edir.
İslahatçılar, yəni reformistlər bütün planlarını addım-addım həyata keçirməyə çalışır, nə mühafizəkarları, nə də inqilabçıları dəstəkləmirlər. Onlar hər atılan addıma cəmiyyətin uyğunlaşmasını gözləyirlər. Amma bu metod uzun müddətli olduğu üçün düşmənlər, adətən, onu əsl istiqamətindən kənarlaşdırırlar. Məsələn, gənclərin əxlaqını tədricən islah etmək istəsək, bizi çox asanlıqla meydandan çıxararlar. İslahatçılar öz qüvvələrini dəqiq hesabladıqları halda, düşmənin qüvvəsini lazımınca qiymətləndirməyi unudurlar.
Amma İslam Peyğəmbərinin (s) mübarizə metodu tamam başqadır. O, ən optimal variantı seçir: ənənələri formaca saxlayıb, onların mahiyyətini dəyişmək! Bu mahiyyət dəyişikliyi inqilabi şəkildə həyata keçirilir.
Məsələn, cahil ərəblərdə “qüsl” adlı xurafi, cadugəranə bir ayin vardı. Ərəblər inanırdılar ki, cünub olmuş, yəni məsələn, cinsi yaxınlıqda olmuş adama cin-şeytan daxil olur, bu adamın ruhu çirkinləşir. Demək, ərəb ona görə suya daxil olurdu ki, şeytanı özündən uzaqlaşdırsın və bu iş ənənə şəklini almışdı.
İnqilabçı bu ənənəyə qarşı çıxıb, onun məhvinə çalışır. İslahatçı ictimai fikri tədricən dəyişməklə, bu ənənəni aradan qaldırmaq istəyir. Amma Peyğəmbər (s) həmin ənənənin əsl zərərli cəhətini - xurafi mahiyyətini aradan qaldırmaqla, yeni və gigiyenik bir ənənə yaradır.
Həzrət İbrahimdən (ə) sonra İslama qədər olan dövrdə Həcc mərasimi dini mahiyyətini itirmiş, xurafat dolu ərəb adətinə çevrilmişdi. Qeyri-dini təmənnalar səbəbindən müqəddəs tövhid evi bütlərlə doldurulmuşdu. Hamı bilirdi ki, Kəbəni həzrət İbrahim (ə) tikmişdir. Kəbə ətrafda böyük nüfuza sahib idi. İslam Peyğəmbəri (s) Kəbəyə qarşı yox, onun həmin dövrdəki bütpərəst mahiyyətinə qarşı qiyam qaldırdı. Beləcə, bir qrup Qüreyş başçısının qazanc mənbəyinə çevrilmiş Kəbə öz tövhid simasına qayıtdı, bəşəriyyət üçün birlik simvolu oldu.
Peyğəmbər (s) irqçi qəbilələrin bütpərəstlik adətini inqilabi yolla mütərəqqi ənənəyə çevirdi. Bütün bu proseslər zamanı aradan qaldırılmış xurafi adətlər ərəbləri pərişan etmədi. Əksinə, insanlar özlərini əqidələrində daha da paklaşmış və ülviləşmiş hiss etdilər. Hansı ki, bu insanlar neçə yüz illər bütpərəst olmuşdular. Peyğəmbərin (s) ildırım sürətli mədəni inqilabı nəticəsində demək olar ki, itkilər hiss olunmadı. Peyğəmbər (s) bu metodunu “adətlərin formasını saxlamaqla mahiyyət inqilabı” adlandırmaq olar.
Mənim “qüsl” və “Həcc” məsələsindəki izahatlarımla razılaşmayan ilahiyyatçıların nəzərinə çatdırmaq istəyirəm ki, mən bu məsələləri kəlam yox, ictimai baxımdan araşdırmışam. Mən demək istəmirəm ki, Peyğəmbərdən (s) qabaq qüsl də var idi, Həcc də var idi. Əsl “qüsl” və əsl “Həcc” ilahi göstərişdir. Xurafat dolu əməlləri İslam dini üçün baza hesab etmirəm. Sadəcə, Peyğəmbərin (s) mübarizə metodunu açıqlamaq istəyirəm.
Mühafizəkar bütün imkanlarından istifadə edir ki, köhnəliyi qorusun. İnqilabçı bir dəfəyə hər şeyi alt-üst etmək istəyir. Əlbəttə ki, belə bir məqsədə diktaturasız çatmaq qeyri-mümkün olur. İslahatçı isə öz ləng hərəkəti ilə düşmənə yeni fürsətlər yaradır.
Amma Peyğəmbərin (s) iş metodu tamam başqadır. Əgər bu metodlara lazımınca diqqət yetirsək, dəyərli göstərişlər əldə edərik. Xurafi adətlərə, yanlış məzhəblərə qarşı mübarizədə yalnız bu metodla müvəffəq olmaq mümkündür. Əks təqdirdə, xalqın heysiyyətinə toxunmaqla düşmən qazanmaq olar.
Dostları ilə paylaş: |