Hazırda qadının mədəni və ictimai rolu
XV- XVI əsrlər renesans (intibah) dövründə Dekart düşüncəsi qədim adət-ənənələri və dini ritualları səhnədən çıxarmağa başladı. Fərdiyyətçilik (individualizm) meylləri gücləndi. İctimai azadlıq idealları fərdi azadlıq ideyalarının kölgəsində qaldı. Bu cərəyan sosializmi, realizmi, bütün digər idealları arxa plana keçirdi. Frensis Bekonun təbirincə, “qüdrət” “həqiqətin” yerini tutdu. Bu cərəyan ictimai həyatın bütün sahələrini əhatə edirdi: cəmiyyət, ailə, fərd, sənət, incəsənət, elm, din və s. Dekart məntiqinin təsiri altında tarixən toxunulmaz hesab edilmiş dini müqəddəsliklər belə adi şeyə çevrildi. Hər şeyin dəyərini pulla ölçənlər üçün həm qadın, həm sevgi əmtəədən başqa bir şey deyildi. Bu proseslərdə insanı “ruhsuz leş” hesab edən Karl Bernardın, ruhu “xəstə donuz”a bənzədən Freydin «müstəsna» xidmətləri vardır. Bütün bu sarsaq düşüncələrin başında isə əlində kisə-kisə qızıl pul tutmuş burjuaziya dururdu. Keşişlər və kilsələr isə bu cərəyanlarla mübarizədə yalnız lənət yağdıra bildilər. Onların əlində artıq heç kəsin məhəl qoymadığı çomaqdan başqa bir şey yox idi. Artıq, ailədə fərdi azadlığını hiss edib işləmək üçün kənara çıxan qadını Cəhənnəm əzabı ilə qorxutmaq əbəs idi.
İqtisadi cəhətdən azadlıq qazanmış qadın ailədə özünü daha sərbəst hiss edirdi. Hətta məşuqla görüşə şərait yaradan yeni münasibətlər heç bir insani, fitri ehtiyaclara əsaslanmırdı. Bütün bu proseslər mənafe güdən bir təbəqənin planlı oyunu idi. “Hər şey daha çox ləzzət almaq üçün” şüarı qadın şəxsiyyətini bütün müqəddəsliklərdən uzaqlaşdırmışdı.
Nəzəriyyəçilər sübut etməyə çalışırdılar ki, qədimdə ictimai ruh güclü olub. Amma düşüncələr, iqtisadiyyat, fərdiyyət inkişaf etdiyindən, insanlar arasında ictimai əlaqələr zəifləmişdir. Bu müstəqillik onlara çox şey vermişdir. Məsələn, 17-18 yaşlı bir qız çox sadəliklə otaq kirayələyib, azad yaşaya bilir. Eləcə də iqtisadi müstəqilliyi olan hər bir qadın evdə çox sərbəst davranır. O, bir anda ailəsini dəyişə bilər. Onun yeganə həyat prinsipi ağıl olduğundan, başqasına görə əziyyətə dözməyə dəyməz. Belə tip qadın üçün vəfa, isar, fədakarlıq, əhd-peyman kimi dəyərlər, əxlaq və həqiqi sevgi mənasız məfhumlardır. İqtisadi müstəqilliyə və tam azadlığa malik olan belə qadınlar üçün hansısa ideal yolunda özünü qurban vermək məntiqi deyil. Əgər ər zəif və xəstədirsə və sağlam bir kişi ilə yaşamaq mümkündürsə, bu tip qadınlar tərəddüd etmədən öz ərini tərk edir.
Sartr belə bəyan edir: “Ər qadın üçün maraqlı deyil. Amma başqa cazibədar kişi bu qadını sevir. Bu mühakimədə əqlin göstərişi tam aydındır: hər iki kişi bu qadına ehtiyaclıdır. Amma qadın yalnız ikinci kişiyə ehtiyac duyur. Qadının qərarı qətidir. O, öz əqlinə əsaslanır. İki ehtiyacı bir ehtiyaca qurban vermək olmaz. Qadın əqlə əsaslanır və məntiqi hərəkət edir. Bir ehtiyaca iki ehtiyacın qurban verilməsini nə Dekart qəbul edir, nə də Freyd!
Dünyaya körpə gəlir. Körpə ərlə arvadın azadlığına mane olmağa başlayır. əql qəbul etmir ki, bir nəfərin (körpənin) rahatlığına görə iki nəfər (ata-ana) öz rahatlığını əldən versin. Ona görə də qərbdə “azad” qadın ya doğmur, ya da doğduğu körpəni uşaq evinə verir. Bütün bu “əqli, məntiqi analizlər”, “fərdin rahatçılığı” qadından müqəddəs analıq hissini, ailədəki müqəddəs fədakarlığı, cəmiyyətdəki bağlılıqları viran qoyur. Belə bir cəmiyyətdə ictimai ruhdan danışmağa dəyməz. Çünki hamı fərdiləşib, hisslərini - ilahi hisslərini - bir kənara qoyub, özü üçün yaşayır. Bu “azad” insan, əslində, tənhadır. Onu yaşadan malik olduğu iqtisadi qüvvədir. Bu qüvvə yox olduğu vaxt, o da yoxdur!
Dostları ilə paylaş: |