Fələstin məsələsinin kənarında Beytülmüqəddəsin əhəmiyyəti
Fələstin məsələsinin kənarında Beytülmüqəddəsin də böyük əhəmiyyəti var. Bu gün sionistlər tərəfindən bu müqəddəs şəhəri işğal etmək, udmaq və ondakı İslam əsərlərini məhv etmək üçün çeşidli təxribatlar aparılır. Lakin bu şəhər bütün müsəlmanlara məxsusdur və Qüdsün hamısı bütün Fələstinin paytaxtıdır. Müsəlmanlar düşmənlərin mənfur planlarının həyata keçməsinə qoymayacaq və onlarla mübarizə aparacaqlar.
İki dəlilə əsasən Fələstin məsələsinin İslam dünyasının birinci məsələsi olması
Bu gün Fələstin məsələsi İslam dünyasının birinci məsələsidir. Bu gün bütün İslam ümməti, xüsusən də bizim xalqımız və ölkəmiz kimi yaxın ölkələr bu məqama diqqət yetirməlidirlər ki, həm Fələstinə hakim olan, onu işğal edən sionistlər, həm də onların müdafiəçiləri Fələstin daxilindəki hadisələri işğalçı İsrail dövlətinin daxili məsələsi kimi göstərməyə çalışırlar. Lakin əsla belə deyil. Əgər Fələstin daxilində bir nəfər də qiyam etməsəydi belə, Fələstin məsələsinin özünə görə İslam dünyası sionistlərlə və onların müdafiəçiləri ilə düşmən olardı. İndi isə Fələstin xalqı da qiyam etmiş və özləri agah şəkildə meydana qoşulmuşlar.
Fələstin iki cəhətdən İslam dünyasının problemidir: Biri buna görə ki, Fələstin İslam torpaqlarının bir hissəsidir. İslamın bütün böyük məzhəbləri arasında heç bir fikir ayrılığının görünmədiyi və bütün fəqihlərin yekdil olduğu bir məsələ budur ki, əgər İslam torpaqlarının bir hissəsi İslam düşmənləri vasitəsi ilə ayrılsa və ona İslam düşmənləri hakim olsalar, hamı o hissəni İslam torpaqlarına qaytarmaq üçün çalışıb fəaliyyət göstərməyi özünün vəzifəsi bilməlidir. Odur ki, dünyanın hər hansı bir yerində olan müsəlman xalqlar bunu özlərinin vəzifələri bilməlidirlər. Sözsüz ki, çoxları bir iş görə bilmirlər. Amma kim bacarsa və necə bacarsa, iş görməli və addım atmalıdır. Məhz buna görə siz görürsünüz ki, Böyük İmamın hər ilin ramazan ayının son cüməsinə təyin etdiyi Qüds gününü bütün İslam dünyası yaxşı qarşılayır. Siz bu il görəcəksiniz ki, Allahın lütfü və yardımı ilə Qüds günü bütün İslam dünyasında hər ildəkindən daha izdihamlı və daha təntənəli keçəcəkdir.
İkinci cəhət budur ki, ümumiyyətlə yəhudi dövlətinin, yaxud daha doğrusu, sionizm dövlətinin İslam dünyasının bu nöqtəsində təşkil edilməsi hegemonluğun uzunmüddətli bir məqsədi ilə həyata keçdi. Bu dövlət İslam dünyasının təxminən ürəyi olan həssas nöqtədə quruldu, İslam qərbini - yəni Afrikanı Orta Şərqdən, Asiyadan və Doğudan ibarət olan İslam Şərqinə birləşdirir, Asiya, Afrika və Avropa arasında üç yol ayrıcını təşkil edir. Bu dövlətin belə yerdə qurulması uzun müddət üçün ozamankı müstəmləkəçilərin – birinci növbədə İngiltərə dövlətinin İslam dünyasına hökmranlığının davam etdirilməsi üçün idi; yəni əgər nə zamansa Osmanlı hökumətinin müəyyən dövrlərində olduğu kimi iqtidarlı bir İslam dövləti vücuda gəlsə, müstəmləkəçilərin, İngiltərənin, Fransanın və digərlərinin bu regiondakı nüfuzunun qarşısını ala bilməsinlər. Buna görə özlərinə bir baza düzəltdilər. Buna əsasən, tarixi sənədlərə görə orada sionizm hökuməti təşkil etmək yəhudi xalqının arzusundan çox İngiltərə dövlətinin müstəmləkəçi istəyi idi. Bəzi sübutlar var ki, o zaman bir çox yəhudilər bu dövlətə ehtiyaclı olmadıqlarını və bu dövlətin onların xeyrinə olmadığını düşünürdülər, odur ki, bundan uzaqlaşmışdılar. Odur ki, bu bir yəhudi arzusu və ideyası deyildi, daha çox müstəmləkə ideyası və bir ingilis ideyası idi. Əlbəttə, sonralar dünya siyasətinin və imperializmin öncüllüyü amerikalıların vasitəsi ilə İngiltərədən alındıqda, bu da müstəmləkə mirasının tərkib hissəsi idi və Amerikaya çatdı. Amerikalılar da maksimum istifadə etdilər və indi də edirlər. Buna görə Fələstinin xilası və işğalçı sionizm dövlətinin məhvi bu region xalqlarının, o cümlədən bizim ölkəmizin maraqları ilə əlaqədardır. İnqilabın ilk günündən proqramlarının birini sionistlərin nüfuzu və iqtidarı ilə mübarizə edənlər bu hesabla bu işi gördülər. Bu proqram ölkənin maraqlarına, İslam Respublikasının və İran xalqının ümumi maraqlarına uyğun seçilmişdir. Digər ölkələrdə də belədir. İslam ölkələrinin bütün aydın insanları, bütün azad düşüncəli siyasətçiləri, əlləri Amerika hegemonluğunun hənası ilə rənglənməyən bütün şəxslər İsraillə mübarizə aparmalı olduqlarını düşünürlər; yəni bunu ölkələrinin maraqlarından sayırlar.
Dostları ilə paylaş: |