Əfqan mücahidlər İslamın və söz birliyinin sayəsində əcnəbi ordunu qova bildilər. Əgər yenə də bu iki amilə arxalansalar, o ölkədə özlərinin istədikləri ləyaqətli hökuməti təşkil edib indiki asılı rejimi devirə bilərlər. Bu iki amil eynilə Fələstin və Livanın da bütün dərdlərinin və problemlərinin əlacıdır.
İmanın sayəsində günbəgün artan iqtidar
Növbəti məqam budur ki, bizim Fələstin məsələsində müşahidə etdiyimiz bu inkarolunmaz nailiyyətlər hegemonçu və küfr cəbhəsi qarşısında müqavimət cəbhəsinin günbəgün artan iqtidarını göstərir. Bu, aydın bir məsələdir. Bu sahədə görünənlər Allaha imandan, Allaha təvəkküldən və mübarizəyə mənəviyyat ünsürünü daxil etməkdən irəli gəlir. Əgər bir mübarizə iman ünsürü ilə yanaşı olmasa, təhlükəyə uğrayar. Mübarizə o zaman müvəffəqiyyət qazanacaq ki, onda Allaha iman, Allaha təvəkkül mövcud olsun. Siz xalqda din ruhiyyəsini, ilahi vədlərə həqiqi imanı və Allah-Taalaya təvəkkülü gücləndirməlisiniz. Allah-Taalaya və ilahi vədə qarşı nikbinliyi xalqda gücləndirin. Bizim özümüz də Allah-Taalaya nikbin olmalıyıq. Allah-Taala ən doğru danışandır. O bizə deyir: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər". O bizə buyurur ki, kim Allah üçün olsa, Allah da onun üçün olar. O deyir ki, düşməndən qorxmayın, şeytanın hiyləsi həqiqətən zəifdir. O bizə bunu təlqin edir, bəyan edir. Allah-Taala doğruçudur. Biz əgər bu yolda öz vəzifəmizə əməl etsək, Allah üçün hərəkət etsək, Allah üçün mübarizə aparsaq, məqsədi Allahın razılığı seçsək, şübhəsiz, qələbə bizə nəsib olacaq.