Baxın, Fələstini müdafiə məsələsində - bu bir misaldır - heç bir ölkə və heç bir hökumət İslam Respublikasının tozuna çatmadı. Bunu bütün dünya təsdiqlədi. Elə oldu ki, bəzi ərəb ölkələrinin narahatlıqdan fəryadları ucaldı; dedilər ki, İran burada öz məqsədləri üçün çalışır. Əlbəttə, fələstinlilər buna etina etmədilər. O cümlədən Qəzzə məsələsində - bir neçə ay öncəki iyirmi iki günlük müharibədə İslam Respublikası bütün səviyyələrdə - rəhbərdən, prezidentdən və müxtəlif məmurlardan tutmuş adi xalq yürüşlərinə, pula, yardıma, korpusa və hər şeyə qədər məzlum və müsəlman fələstinli qardaşların xidmətində durdular. Bu işlərin qızğın çağında birdən gördük ki, bir virus törəyib çoxalmaqdadır; daim bəzi böyüklərin, bəzi alimlərin və bəzi möhtərəm insanların yanına gedib deyirlər ki, cənab, siz kimə kömək edirsiniz, qəzzəlilər nasibidirlər. Nasibi Əhli-beytin (ə) düşmənidir. Bəziləri də inandılar. Gördük xəbərlər və mesajlar gəlir ki, ağa, deyirlər bunlar nasibidirlər. Dedik ki, Allaha pənah, Allahın lənəti olsun qovulmuş xəbis şeytana! Qəzzədə İmam Əmirəl-möminin Əli ibn Əbu Talib (ə) məscidi var, İmam Hüseyn (ə) məscidi var. Bunlar necə nasibidirlər?! Bəli, sünnidirlər, amma nasibi deyillər. Belə danışdılar, belə hərəkət etdilər, belə işlədilər.