İsrailin qüvvəsinin müsəlmanların bir olmamasından irəli gəlməsi
Müsəlmanlar özlərinin bütün şüarlarından - milliyyət şüarından, özlərinə məxsus məzhəb şüarından, öz siyasətlərinə aid şüarlardan qabaq İslam ümmətinin vəhdət və birliyi şüarını verməlidirlər. Bu gün onlar üçün ən təsirli şüarlardan biri budur. Müstəmləkəçiliyin, hegemonluğun və əcnəbi qüvvələrin əlinin həmişə müxtəlif növlü hiylələrlə bu vəhdəti pozmağa çalışdıqlarını bilirik. Ən xəbis hiylələrdən biri Fələstin torpağının işğalı hiyləsi və müsəlman Fələstin torpağında - yəni müsəlman xalqların və İslam ölkələrinin ürəyində sionizmin xəbis ağacının əkilməsi olmuşdur.
Əgər bu gün bizim vəhdətimiz olsaydı və əgər İslam mənəviyyatına arxalansaydıq, düşmən Fələstin xalqını öz evində belə aşkarcasına və bu cür işgəncəyə, təzyiqə, təqibə və əzaba məruz qoya bilməzdi. Fələstin hadisələri çox dindar olmasa belə, hər bir qeyrətli insanın qəlbini yandırır və rahatsız edir. Qətlə yetirilmiş bir-iki yaşlı uşağın həyəcanlı dəfn mənzərəsini görüb kim rahat yata bilər? Kim xalqın onlara məxsus olan evlərdə, küçələrdə, xiyabanlarda, şəhərlərdə və əsrlərdir babalarının sümüklərinin dəfn olunduğu torpaqda mühasirə olunduğunu görüb təsirlənməz? Bu gün Beytülmüqəddəs, əl-Xəlil, Qəzzə və işğal olunmuş torpağın digər bölgələrinin əhalisini həbs etmişlər. Onları öz evlərində öldürürlər, öz evlərində ata və analarını övladlarının qəminə oturdurlar, onlara ac qoyurlar, iqtisadi blokadaya salırlar. Əgər İslam ümməti bir olsaydı, məgər belə bir hal yaranardı? Bu gün də biz müsəlman xalqların və hökumətlərin ən vacib əməli bu məsələdə bir-birimizlə söz birliyinə nail olmaqdır.
İyirmi iki günlük müharibədən sonra müraciət
Bismillahir-Rəhmanir-Rəhim.
Mücahid qardaş cənab İsmayıl Həniyyə
Salam!
Sizin, igid və fədakar mücahidlərin və bütün Qəzzə xalqının dünyanın və tarixin ən faciəli döyüş cinayətlərindən biri qarşısında iyirmigünlük dözümü İslam ümmətinin başı üzərində izzət bayrağını dalğalandırmışdır. Siz zülm və şiddət qarşısında xarlığı və təslimçiliyi qəbul etməyən müsəlmanın Allaha və qiyamətə imanla dolu qəlbinin, uca və əziz ruhunun zalım və hegemonçu hökumətləri və geniş imkanlı orduları aciz və rəzil edən bir qüdrət yaratdığını sübut etdiniz.
Sizin fədakarlıq və şəhadət istəyindən yaranan qüvvənizin iyirmi gündür Qəzzə darvazaları arxasında bataqlığa salıb rəzil etdiyi ordu altı gün ərzində üç ərəb ölkəsinin böyük hissələrini əlinə keçirən bir ordudur. Öz imanınız və Allaha güvənmənizlə, Allahın vədəsinə inamınızla, öz dözümünüz, şücaətiniz və fədakarlığınızla fəxr edin. Bu gün bütün müsəlmanlar onunla fəxr edirlər. Sizin bu günə qədərki cihadınız Amerikanı, sionizm rejimini, onun himayədarlarını, Birləşmiş Millətlər Təşkilatını və İslam ümmətinin münafiqlərini rüsvay etmişdir.
Bu gün təkcə müsəlman xalqlar yox, Avropa və Amerika xalqlarının çoxu sizin haqq olduğunuzu ürəkdən qəbul etmişlər. Siz bu gün də qalibsiniz. Bu şərafətli müqaviməti davam etdirməklə inşallah zəbun və antiinsan düşməni daha artıq rəzilliyə və məğlubiyyətə çəkəcəksiniz.
Bilin ki, "Rəbbin səni nə tərk etdi, nə də sənə acığı tutdu" və bilin ki, "Həqiqətən Rəbbin sənə bəxş edəcək və sən (Ondan) razı qalacaqsan!" inşallah. Lakin bununla yanaşı fələstinli mülki şəxslərin, xüsusən də məzlum və məsum uşaqların qanlı və faciəli hadisələri bizim ürəklərimizi qana qərq etmişdir. Hər gün dəfələrlə bizim bütün televiziya kanallarımızdan yayımlanan və Fələstinin işğalçılarının cinayətlərindən qaynaqlanan hadisələr bizim xalqımızı matəmə salmışdır. Allah sizə böyük mükafat versin və sizə yardımı tezləşdirsin. Bilin ki, Allahın vədi doğrudur. O buyurub: "Allah Ona yardım edənlərə, şübhəsiz ki, yardım edər. Həqiqətən, Allah yenilməz qüvvət, qüdrət sahibidir!" və buyurub: "(Allah yolunda) cihad edən ancaq özü üçün cihad edər!"
Ərəb xəyanətkarları da bilsinlər ki, onların taleyi Əhzab döyüşünün yəhudilərindən yaxşı olmayacaq. Allah buyurub: "Allah kitab əhlindən onlara (kafirlərə) kömək edənlərin ürəklərinə qorxu salıb onları öz qalalarından endirdi". Xalqlar Qəzzə xalqı və mücahidləri ilə həmrəydirlər. Hansı hökumət bunun ziddinə əməl etsə, özü ilə xalqı arasındakı məsafəni dərinləşdirir və belə hökumətlərin taleyi bəllidir. Onlar da əgər öz həyatları və hörmətləri barədə düşünürlərsə, Əmirəl-mömininin (ə) bu sözlərini yada salmalıdırlar: "Ölümünüzdəki həyat izzətlidir, həyatınızdakı ölüm isə zillətlidir".
Sizi, Qəzzə mübarizlərini və sizin bütün məzlum və müqavimətli xalqınızını salamlayıram. İran İslam Respublikası hökumətinin sizi müdafiə etməyə dair öz vəzifəsi bildiyi bütün fəaliyyətlərin yanında gecə-gündüz sizə dua edirəm, İzzətli və Qüdrətli Allahdan sizin üçün dözüm və yardım diləyirəm.
Allahın salamı, rəhməti və bərəkətləri olsun sizə və Allahın saleh bəndələrinə!
Qəzzədə Fələstin müqavimətinin qələbəsindən sonra sionizm rejiminin və onun himayədarlarının rüsvayçılığı
İki ay öncə İslam ümməti üçün başqa bir qələbə yarandı. O, Fələstin müqavimətinin Qəzzədə sionist düşmən üzərində qələbəsi idi; böyük və şanlı qələbəsi. Bundan böyük qələbə ola bilərmi?! 67-73-cü illərdə ölkələrin üç böyük ordusunu məğlub edə bilən geniş imkanlı bir ordu iyirmi iki gün çalışdı, amma Qəzzədəki bu müqavimətli gəncləri, bu mömin mücahidləri geri çəkilməyə məcbur və onları məğlub edə bilmədi. Uğursuz halda əliboş qayıtmağa məcbur oldu; bundan əlavə, sionizm rejimi, onun himayədarları və ilk növbədə Amerika dünyada rüsvay oldu. Bu, müsəlmanları həmrəyliyə yaxınlaşdıran böyük qələbə idi. Burada daha şiə və sünni məsələsini irəli sürə bilməzdilər. İndi gəlib milliyyət məsələsini ortaya qoyurlar; ərəb və qeyri-ərəb məsələsini. İddia edirlər ki, Fələstin məsələsi ərəblərə məxsusdur, qeyri-ərəbin Fələstin məsələsinə müdaxilə etməyə haqqı yoxdur. Nə üçün? Fələstin məsələsi İslam məsələsidir, ərəb və qeyri-ərəbin fərqi yoxdur.
İsrailin otuz üç və iyirmi iki günlük müharibələrdə məğlubiyyəti - süqutun iti enişi
Bu mühüm hadisələrin nümunələri İsrailin Livanla otuz üç günlük müharibədə İslam müqaviməti qarşısında hərbi və siyasi baxımdan təəccüblü məğlubiyyəti və Qəzzənin Fələstin xalqı və legitim hökuməti ilə iyirmi iki günlük cinayətkarcasına müharibəsində xiffətli uğursuzluğudur.
Bir neçə onillikdə öz ordusu və imkanları, eləcə də Amerikanın hərbi və siyasi dəstəyi ilə qorxunc və məğlubedilməz görünən işğalçı rejim indi silaha və texnikalara arxalanmaqdan çox Allaha və xalqa arxalanmaqla vuruşan müqavimət qüvvələrinə iki dəfə məğlub olmuşdur, hərbi məşq və hazırlıqlara, böyük təhlükəsizlik şəbəkələrinə, Amerikanın və bəzi Qərb hökumətlərinin tükənməz dəstəyinə və İslam dünyasının bəzi münafiqlərinin əlbirliyinə rəğmən, parçalanma, süqutun iti enişi və İslam oyanışının güclü dalğası qarşısında bacarıqsızılğını aşkara çıxarmışdır.
Dostları ilə paylaş: |