Bütün azadfikirli insanların İsrailin 2002-ci ildəki cinayətlərinə etirazı
Sionistlərdən utandıqlarına görə sionizm dövləti əleyhinə bir söz demək istəməyən siyasətçilər bu gün açıq şəkildə etiraz edirlər. Müsəlman xalqlar hər yerdə qəzəblənib coşmuşlar. Əgər hökumətləri müsəlman xalqların və ərəb xalqlarının önünü almasaydı, o zaman bu bir milyard müsəlmanın nə edəcəyinə və nə edə biləcəyinə baxaydılar! Məsələ burasındadır ki, qaniçənliyin, vəhşiliyin, yırtıcılığın və bütün bəşəri meyarlara, insan haqlarına və bəşəri dəyərlərə etinasızlığın simvolu - yəni sionist hərbçilər bir tərəfdə, qəhrəmancasına və məzlumcasına müqavimətin somvolu olan məzlum Fələstin xalqı da digər tərəfdə qarşı-qarşıya dayanmışlar. Mən dünyanın vicdanını hakimliyə dəvət edirəm. Siyasi təhlil, çıxış yolu və tövsiyə kimi deyilən bütün sözlər bu həqiqətin qarşısında əfsanə və xəyaldır. Həqiqət budur ki, bir xalq öz evində təhqir olunur, tutulur, öldürülür, övladı alınır, canının, malının və evinin təhlükəsizliyi həmin torpaqları işğal edənlərin vasitəsi ilə təhdid olunur. İndi dünya vicdanı hökm etsin; burada haqlı kimdir və insanların vəzifəsi nədir? Bizim başqa heç bir şeyə ehtiyacımız yoxdur. Bu reallığı öz önlərinə qoyub hansı hadisənin baş verməkdə olduğunu görsünlər. İşin əvvəlində - əlli dörd il öncə bu sionistlər iş başına gələndə dünyanın bunların törətdiyi faciələri anlamasına imkan vermədilər. Amma bu gün dünya görür. Düzdür, televiziya və kameralar həqiqəti göstərməyə qadir deyillər. Həqiqətin yalnız bir hissəsini - həqiqətdən bir təsvir və kölgəni göstərirlər. Həqiqət bunlardan daha artıq və olduqca acıdır. Reallığı dünyada bəzi yerlərdə yayımlanan bu televiziya filmlərindən mühakimə yürütsünlər. Əlbəttə, kütləvi informasiya vasitələrinin və media qurumlarının çoxu sionistlərin əlində, yaxud onların təsiri altında və onlara məxsusdur. Onlar həqiqətləri işıqlandırmağa qoymurlar, lakin insanlar axtarırlar, dünya xalqları axtarırlar. Bu, hadisənin həqiqətidir. Bu, bu günlərdə baş verən məsələdir, keçmişə aid deyil, mənim və sizin burada söhbət etdiyimiz zamana aiddir.
Kilsəyə hücum cinayəti
Kilsələrə hücum etmişlər. Yaxşı, dünya məsihiləri ən azı ötən günlərdə özünün ibadət mərasimini icra edərkən öldürülən məsihi keşişini müdafiə etsinlər! O, Beytülləhmdə kilsənin mühasirəsində və sionistlərin kilsəyə hücumu zamanı o kilsəyə sığınmış insanların gözü qarşısında can verdi. Burada məsələ İslam məsələsi deyil, bəşər məsələsidir, insan məsələsidir. Burada mühakimə meyarı insan olmaqdır, insani dəyərləri anlamaqdır. Yaxşı, bu da həqiqət. Əlbəttə, Avropada və qeyri-Avropada bəzi dövlətlər mövqe bildirmişlər. Bu mövqe zəif olsa da, hər halda İsrailə qarşı yüngül qaşqabaqdır.
Qərbin İsrailin cinayətlərini tam dəstəkləməsi
Əlbəttə, Amerika və çoxlu Qərb ölkələri İsraili tam və aşkar şəkildə dəstəkləyirlər, beynəlxalq protokolları ayaq altına atırlar və növbəti dəfə bütün dünyaya sübut olunur ki, böyük güclərin beynəlxalq müqavilə və təşkilatlara baxışı bir alət baxışıdır. Onlar bu müqavilələrdən və bu beynəlxalq təşkilatlardan yalnız öz maraqları və məqsədləri istiqamətində istifadə edirlər, sözügedən müqavilə və təşkilatlara hörmət etmirlər. Şübhəsiz, İsrail böyük güclərin iqtisadi, siyasi, təbliğat və media dəstəyi olmadan bu gün ayaqda qala bilməzdi və heç zaman qala bilməz. Bu məsələdə cinayətkar təkcə İsrail deyil, birinci növbədə Amerika da İsrailin bütün faciələrinə şərikdir.
Qərb və Qərb qüvvələri sionizmin xərçəng vəzisinin bu regionda yarandığı zamandan onunla qarşılıqlı münasibətdə olmuşlar. İsrailin vəzifəsi İslam regionunda təcavüzkar Qərb qüvvələrinin maraqlarını qorumaq olmuşdur; yəni İslam və region ölkələri qarşısında daim aktual bir təhdid yaratsınlar. İslam ölkələrini daimi bir nigarançılıqda saxlasınlar ki, bir-biri ilə birləşib həmrəy və eyni istiqamətli bir toplum vücuda gətirə, öz imkanlarından, sərvətlərindən və insani resurslarından maraqları üçün istifadə edə bilməsinlər. Qarşılıqlı olaraq onların da vəzifəsi bu xərçəng vəzisini bütün vücudu ilə bu regionda saxlamaq olmuşdur. Əlbəttə, bu gün bu rol hamıdan daha çox Amerikanın öhdəsinə düşür.
Əqsa məscidinə təhqir
Müsəlmanların qibləsi olan Əqsa məscidini təhdid etdilər. İllər öncə bir gün onu odladılar, sonra da orada guya qazıntılara başlamışlar; qanunsuz işlər görürlər və müsəlmanların qibləsi olan Əqsa məscidini ümumiyyətlə İslam formasından çıxarmaq istəyirlər.
Əl-Xəlildə oruc və namaz qılan insanların qırğını və beynəlxalq təşkilatların sükutu
Sionist düşmənin şərafətli İbrahim hərəminə hücumu faciəsi o qədər böyük və dərdlidir ki, onun barəsində bir neçə cümlə ilə layiqincə danışmaq olmaz. Bizim fikrimizcə işğalçı dövlət bu faciəyə görə birbaşa məsuliyyət daşıyır. İşğalçı dövlətin himayədarları da bu hadisə üçün məsuliyyət daşıyırlar. İşğalçı dövlətin himayədarlarının başında duran Amerika uzun illər boyunca həmişə və hər yerdə sionistləri müdafiə etmişdir; harada sionsitlər üçün problem yaranmışsa, Amerika cəld sinəsini sipər etmişdir. Amerikalı yəhudilər və böyük biznesmenlər dünyada Amerika qüdrətinin, pulunun və siyasi nüfuzunun vasitəsi ilə İslam xalqlarının ürəyində vücuda gəlmiş bu xərçəng vəzisi üçün istədikləri hər bir işi gördülər. Son hadisədə məgər bunlar müqəssir və məsuliyyətli deyillər?! Şübhəsiz, müqəssirdilər. Necə ki, İsrailin digər müttəfiqləri və yardımçıları da məsuliyyət daşıyırlar. Bu hadisəni layiqincə işıqlandırmayan dünya mediası da məsuliyyət daşıyır. İnsan hüquqları təşkilatları, xüsusən də Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Komitəsi məsuliyyət daşıyır.
Dünyada müxtəlif adlarla mövcud olan kiçik və böyük təşkilatlar pusqu qurublar ki, dünyanın bir küncündə, Amerika ilə yaxşı münasibətdə olmayan bir ölkədə bir problem tapılsa, tez "insan hüquqları pozuldu" - deyə şeypurlarını üfürsünlər. Onlar indi nə üçün səslərini batırıblar?! Xəbis işğalçı dövlət və insan düşməni olan sionistlər yüzlərlə fələstinlini səcdə halında və oruc ağızla qana boyayır; onlarla insanı öldürür, yüzlərlə insanı yaralayır, sonra da ürəyi yanmış dağlı və qəzəbli xalq küçədə yumruqlarını düyünləyəndə israilli əsgərlər bir-bir xalqın övladlarını hədəf seçir və məhv edirlər. Lakin insan hüquqlarının keçikçisi olan təşkilatlar səslərini batırıb heç bir söz demirlər. Maksimum deyilir ki, filan təşkilat məhkum etmişdir. "Məhkum etmişdir" nə deməkdir? Məhkumluq barəsində bir kəlmə sözün deyilməsi fələstinlilərin hansı işinə yarayır?! İnsan hüquqlarının iddiaçısı olan təşkilatlar əgər doğru deyirdilərsə, hamılıqla qiyam etməli idilər, dünyada fəryad ucaltmalı, İsrail dövlətini mühasirə etməli idilər, İsrailin himayədarlarına ultumatım verib təhdid etməli idilər ki, bu qaniçən, fasiq və cinayətkar dövlətə kömək etməyə haqqınız yoxdur. Amma bu işlərin heç biri görülmədi. Ərəb hökumətləri də təəssüf ki, güzəştə getdilər. Müzakirələri tam şəkildə və doğrudan da kəsmədilər heç, hətta ümumi matəm də elan etmədilər. Həqiqətən çox səhlənkarlıq və təqsirkarlıq etdilər.
Sionistlərin işğal olunmuş əl-Xəlil şəhərində namaz qılanlara qarşı onlarla ölü və yüzlərlə insanın yaralanmasına səbəb olan qəddar hücumu spesifik olaraq sionistlərin zülm və təəssübkeşlik əlinin həmişə vücuda gətirdiyi və Fələstinin işğalçılarının qəddarlığı və xəbisliyi ilə münasib olan nümunə cinayətlərdən biridir. Bu dərdli faciə sionistlərin işğal dövrü boyunca digər kütləvi qırğınlarını xatırladır; bu fərqlə ki, bu gün bu böyük cinayət bütün dünya xalqının gözü qarşısında baş verir. Fələstinlilərin evlərində onların başına gələnlərə etinasız yanaşan vicdanlar bu hadisədən oyanacaqlarmı? İşğalçı düşmənlə yalançı sülh iddiaçıları öz səhvlərini dərk edəcəklərmi? İllərdir Fələstində bir xalqın ən böyük hüquq pozuntusunu görməzliyə vurub insan hüquqlarını iddia edən təşkilatlar və dövlətlər bu dəfə özlərinin xəcalətli sükutuna son verəcək və özlərinin keçmişdəki günahlarını etiraf edəcəklərmi? Amerika dövləti Fələstin günahsızlarının qanına şərik olduğunu qəbul edəcəkmi? Çünki o həmişə sionizm dövlətini qeyd-şərtsiz müdafiə etmişdir. Yoxsa bu dəfədəmi hamı bu dəhşətli hadisənin yanından ona diqqət yetirmədən və ibrətamiz mənasını anlamadan ötəcəklər?
Dostları ilə paylaş: |