Fələstin məsələsini unutdurmaq və İslam ümmətinin ictimai rəyində onun irəli sürülməsinin qarşısını almaq üçün bu gün görülən işlərdən biri bu dırnaqarası sülh müzakirələridir. Bu, fələstinlilərin bir qrupu - yəni Ərəfat və onun təşkilatı ilə israillilər arasında baş verir. Yəni təslimçilik məsələsi, dırnaqarası muxtar Fələstin hökuməti və digər məsələlər. Bu da israillilərin ən çirkin hiylə və hoqqlarından biridir. Təəssüf ki, müsəlmanların və fələstinlilərin özlərinin bəziləri onun tələsinə düşmüşlər.
Vay-River-2 kimi memorandumların fələstinlilərə az mənfəəti
Bu gün ortaya atılan sözlərdən biri bu qrupla İsrail başçıları arasında sülh müzakirələri məsələsidir. Bu, ən çirkin hiylələrdən biridir. Nə üçün? Ona görə ki, bunların apardığı son müzakirələrdə - öz sözləri ilə desək, Vay-River-2 müzakirələrində əgər israillilərin götürdüyü bu öhdəliklərin hamısı həyata keçsə, ən yaxşı halda bu yazıq fələstinli qrupa nəsib olan Fələstin torpağının dörd faizindən bir qədər artığıdır. Yəni fələstinlilərə məxsus olan, Fələstin xalqının hamısının sahibi və öz haqqı olan Fələstin ölkəsindən dörd faizini bunlara verirlər; özü də necə dörd faiz? Bu dörd faiz bir yerdə deyil, parça-parça və pərakəndə halda on yerdədir. "Gəlin burada hökumət qurun" dedikləri şəxslərə - bu bədbəxtlərin təşkilatına da əsla bir hökumət kimi rəftar etmək icazəsi verməyiblər. Bunlardan istəyiblər ki, oraya getsinlər və bu bölgənin fələstinlilərinin İsrail dövləti əleyhinə iş görməsinə nəzarət etsinlər. Yəni idarəsi mümkün olmayan məhdud, kiçik və pərakəndə bir zonanı bir ölkə kimi və yarımçıq formada bunların ixtiyarında qoyublar. Qarşılığında bunların görməli olduğu iş odur ki, İsrailin təhlükəsizlik idarələrinin özündən əlavə, bunlar da işğal olunmuş torpaqlar daxilindəki mübariz fələstinlilər əleyhinə işlər görsünlər. Bundan böyük xəyanət ola bilərmi?!
İsraili rəsmən tanımaq xəyanətinin və ərəblərin xarlığının çıxış yolu
Lakin kamil olmasa da, çıxış yolu qalır və ərəb hökumətləri baş verən bu çirkin işi müəyyən həddə düzəldə bilərlər: bütün ərəb hökumətləri elan etsinlər ki, biz İsraili rəsmi olaraq tanımırıq və İsrailin elə rəftar etdiyinə görə orada deyilən sözlər də qüvvədən düşür. Bu qərarla xalqları sevindirsinlər. Bu işi görə bilərlər, lakin ümid xalqlara və gənclərədir.
İslam ölkələrinin başçılarının İsrailin məhvinə iradəsizliyi
Təəssüf ki, əksər İslam ölkələrinin başçılarının rəftarı və sözü bu böyük təhlükənin irqçi sionizm rejiminin məhvindən başqa bir şey olmayan əlacı üçün onların iradəsinə dair heç bir işarəni göstərmir, hətta əksinə, bəzi ərəb hökumətlərində Kemp Deyvidin genişlənməsindən və Sadat xəyanətinin təkmilləşdirilməsindən əlamətlər də nəzərə çarpır. Mən bilmirəm ki, bu hökumətlər bu rəzil rəftarla, müsəlmanların və ərəblərin inadkar düşməni qarşısında rüsvayçı təslimçiliklə öz xalqlarına, eləcə də Allah yanında nə cavab hazırlamışlar?
İkinci fəsil: Düzgün həll yolu Fələstin məsələsinin həll yolu
Fələstin məsələsinin həll yolu məcburi və yalançı yollar deyil. Fələstin məsələsinin yeganə həll yolu budur ki, işğalçı mühacirlər yox, Fələstinin həqiqi əhalisi - istər Fələstinin daxilində qalanlar, istərsə də Fələstindən bayırda olanlar özləri ölkələrinə hakim quruluşu təyin etsinlər. Əgər dünyada demokratiya iddiasında olanların nəzərincə bir xalqın səsinə güvənmək doğru sözdürsə, Fələstin xalqı da bir xalqdır və qərar verməlidir. Bu gün Fələstində iş başında olan işğalçı rejimin bu torpağa dair heç bir haqqı yoxdur; zalım qüvvələrin əli ilə düzəldilmiş qondarma və yalançı bir rejimdir. Buna əsasən, Fələstin xalqından bu rejimi rəsmən tanımağı istəməməlidirlər. Əgər İslam dünyasında kimsə bu səhvi etsə və bu zalım rejimi rəsmən tanısa, özünə üzüqaralıq və rüsvayçılıq yaratmasından əlavə, həm də faydasız bir iş görmüş olar; çünki bu rejim davam edəsi deyil. Sionistlər elə bilirlər ki, Fələstinə hakim ola bilmişlər və Fələstin həmişəlik onlara məxsusdur. Xeyr, belə deyil. Fələstinin taleyi budur ki, şübhəsiz, bir gün Fələstin ölkəsi olacaq. Fələstin xalqı bunun üçün qiyam etmişdir. Müsəlman xalqların və hökumətlərin də vəzifəsi budur ki, bu məsafəni bacardıqca azaltsınlar və Fələstin xalqının o günü görməsi üçün bir iş görsünlər.
Bu regionda sülh istəyənlər fələstinlilərin evini özlərinə qaytarsalar, sülh yaranacaq. Siz nə üçün müxtəlif milliyyətli - rus, ingilis, amerikan, afrikalı, asiyalı şəxsləri Hindistandan və dünyanın digər bölgələrindən buraya toplamısınız ki, bir xalqı öz evindən çıxarasınız? Əgər siz sülh istəyirsinizsə, sülh digər ölkələrə məxsus olan insanların öz evlərinə qayıtması və Fələstinin fələstinlilərə verilməsi ilə mümkün olacaq.
Fələstin fələstinlilərə məxsusdur! Əgər Fələstin torpağının əhalisi Fələstinin daxilində - yəni bölünməyən bütöv Fələstində bir hökumət qursalar, sülh yaranacaq. Əgər siz doğru deyirsinizsə və Fələstin xalqının, İslam xalqlarının və İslamın əleyhinə təxribat nəzərdə tutmamısınızsa, həll yolu budur. Lakin əgər bu həll yoluna əməl etmək istməsəniz, hegemonçu düşərgə bilsin ki, təşkil etdikləri bu yığıncaqlarla və bu qərarla Fələstin məsələsi həll olunmayacaq; Fələstin mübarizləri sakit oturmayacaq və oturmamalıdır.
Başqa bir mühüm məqam budur ki, Fələstin məsələsi bu geriçəkilmələrlə həll olunmaycaq; bunu bilsinlər. Həm Amerika bilsin, həm sionsitlər bilsinlər, həm də dəllallıq vəziyyətində olanlar, dəllal işi görənlər bilsinlər ki, Fələstin məsələsi belə həll olunmayacaq. Bir hissədən geri çəkilməklə məsələ bitməyəcək. Birisi gəlib sizin evinizi zorla işğal etsin, bir müddətdən sonra kiçik bir otağı, evin bir küncünü sizə verib digər yerlərini də öz adına qeyd etdirsin; məgər belə bir şey mümkündür?! Fələstini tutublar. İndi Fələstinin bir küncündən geri çəkilməyə məcbur olublar. Kimsə deyə bilərmi çox yaxşı, indi ki, buranı verdiniz Fələstinin digər yerləri sizinki olsun?! Məgər belə bir şey mümkündür?! Fələstin məsələsi belə həll olunmayacaq. Fələstin məsələsinin yalnız bir yolu var. Bu, bizim bir neçə il öncə elan etdiyimiz yoldur: əsil-nəsəbli fələstinlilər - istər Fələstinin daxilində olanlar, istər düşərgələrdə olanlar, istər digər ölkələrdə olanlar; istər müsəlman, istər yəhudi, istər məsihi olan bu insanlar arasında sorğu keçirilsin; onlar hansı hökuməti istəsələr, o da iş başına gəlsin. O hökumət müsəlman olsa da, məsihi olsa da, yəhudi olsa da, bunların qarışığı olsa da, fələstinlilərin öz səsindən irəli gələrsə, məqbuldur və Fələstin məsələsini həll edəcək. Bu olmasa, Fələstin məsələsi həll olunmayacaq.
Dostları ilə paylaş: |