Fələstin-İsrail münaqişəsi və Birləşmiş Millətlər Təşkilatı
Füzuli Cəbrayllı
(yazışmalar üçün email- Fuzuli.Jabraylli@gmail.com)
Xülasə
Fələstin-İsrail münaqişəsi Orta Şərqdə və bütün dünyada beynəlxalq sülhə təhlükə törədir. Beynəlxalq hüquq normalarına əməl olunmaması və BMT qərarlarının yerinə yetirilməməsi vəziyyəti mürəkkəbləşdirir. BMT dünyada sülhün və təhlükəsizliyin qorunması həvalə olunmuş beynəlxalq təşkilat kimi məsələyə müdaxilə etsə də, bir sıra Qətnamələrin Təhlükəsizlik Şurasında veto edilməsi ilə funksionallığı zəifləyir.
Açar sözlər
BMT, Fələstin, Təhlükəsizlik Şurası, İsrail, ABŞ, Baş Assambleya, UNESCO, Beynəlxalq Ədalət Məhkəməsi
Münaqişənin qısa tarixi
14 May 1948-ci ildə David Ben-Gurionun başçılığı ilə Təl-Əvivdə toplanan Yəhudi Agentliyi İsrail dövlətinin yaradıldığını elan etdi. Amerika Birləşmiş Ştatları (ABŞ) və Böyük Britaniya və Şimali İrlandiya Krallığı (Birləşmiş Krallıq) yeni dövləti dərhal tanıdı.
15 May 1948-ci ildə İordaniya, Suriya, Misir, Livan və İraq yeni yaradılmış dövlətə qarşı müharibə elan etdilər. Ərəb-İsrail müharibəsi təqribən bir il davam etdi və nəticədə, İsrail Fələstin torpaqlarının dörddə-üçünü işğal etdi və Qüds ərazisinin yarısında faktiki idarəçiliyi ələ keçirdi. Müharibədən öncə Fələstində yaşayan təxminən bir milyon ərəb öz doğma yurdundan köçməyə məcbur edildi və bununla da, qaçqın və məcburi köçkün problemi başlamış oldu.
28 May 1964-cü ildə Birinci Fələstin Milli Konqresi o zamanlar İordaniyanın tərkib hissəsi olan Şərqi Qüdsdə toplandı və Fələstin Milli Sazişini qəbul etdi. Fələstin Milli Sazişinin qəbul olunması ilə Fələstin Azadlıq Təşkilatı (FAT) yaradılmış oldu.
1967-ci il 5-10 iyun tarixləri arasında eyni ssenari ilə başqa bir ərəb-İsrael müharibəsi oldu. Nəticədə, İsrail bütün Sinay yarımadasını, Qəzza zolağını, Şərqi Qüds də daxil olmaqla İordaniya çayının qərb sahilini və Qolan təpələrini hüquqazidd olaraq öz ərazisinə birləşdirdi.
1974-cü ilin noyabrında BMT Baş Assambleyası (BA və ya Assambleya) FAT-a müşahidəçi statusu verdi və onu BMT-nin bütün orqanlarında keçirilən plenar iclaslarda və beynəxalq konfraslarda iştirak etməyə dəvət etdi. Buna uyğun olaraq, FAT lideri- Yasir Ərəfat 1974-cü ildə Assambleyanın plenar iclasında çıxış etdi.
9 Dekabr 1987-ci ildə İsrail Müdafiə Qüvvələrinin hüquqazidd hərəkətləri İsrailin işğalı altında olan İordaniya çayının qərb sahili və Qəzzada boykotlar, sivil itaətsizliklər və protestlərə səbəb oldu. Bu münaqişə şəraiti 1991-ci ildə keçirilən Madrid Konfransına qədər davam etdi.
1988-ci ildə ABŞ Yasir Ərəfatın BMT BA-nın Nyu-Yorkda keçirilən plenar iclasında çıxış etməsinə əngəl oldu, çünki həmin vaxt FAT ABŞ tərəfindən terror təşkilatı kimi tanınırdı.
15 Noyabr 1988-ci ildə FAT-ın qanunverici orqanı hesab edilən Fələstin Milli Şurası Əlcəzairdə Fələstin Müstəqillik Bəyannaməsini elan etdi.
1994-cü ildə FAT 1993-cü ildə keçirilən Oslo görüşmələrinin nəticəsi kimi Qəzza və İordaniya çayının qərb sahilinin idarə edəcək Fələstin Milli Hakimiyyətini yaratdı.
29 Noyabr 2012-ci ildə BMT BA-nın Qətnaməsi böyük əksəriyyətlə Fələstinə tamhüquqlu üzv olmayan müşahidəçi dövlət statusu verildi.
Birləşmiş Millətlər Təşkilatı
BMT Nizamnaməsinə görə, dünyada sülh və təhlükəsizliyin qorunması üçün səlahiyyətli beynəlxalq təşkilatdır. Bu günlərdə dünyada Suriya, Yəmən, İraq və s. kimi beynəlxalq sülhə təhlükə törədən münaqişələrin tam həllinə nail ola bilməsə də, BMT, demək olar ki, dünyadakı bütün münaqişlərə aktiv və ya passiv olaraq müdaxilə edib.
BMT 11 May 1949-cu ildə BMT Təhlükəsizlik Şurasının (TŞ və ya Şura) tövsiyəsi ilə İsraili tamhüquqlu üzv dövlət kimi qəbul etdi. Bunun əksinə, Fələstin hələ də BMT-yə tamhüquqlu üzv dövlət kimi qəbul olunmayıb, çünki BMT TŞ analoji “tövsiyə”ni verməkdən “çəkinir”.
TŞ də daxil olmaqla, BMT və onun bütün institutları münaqişənin sülh yolu ilə həll olunması üçün iki-dövlətli həll prinsipinin vacibliyini vurğulayır. Bütün bunlara baxmayaraq, Fələstinə tamhüquqlu dövlət status verilmir.
BMT özündə bir çox hüquqi, siyasi və mədəni təşkilatları birləşdirir və onların hər birinin münaqişənin həlli ilə bağlı öz mövqeyi var. BMT BA, BMT TŞ, Beynəlxalq Ədalət Məhkəməsi və BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatının (UNESCO) mövqeləri beynəlxalq hüquqda daha çox müzakirə olunduğu olduğu üçün müəllif ancaq onların mövqələrinə yer verəcək.
2.1. BMT Baş Assambleyası
BMT BA Fələstin xalqının öz müqəddəratını həll etmə, milli müstəqillik və suverenlik hüquqlarını tanıyır və bütün dövlətlərə və beynəlxalq təşkilatlara Fələstin xalqına onun təbii hüquqlarını bərpa etməsi üçün tam dəstəyini ifadə edir.
ABŞ Yasir Ərəfata Nyu-Yorka girməyə icazə vermədikdə, BMT BA Ərəfatı dinləmək üçün Cenevrədə toplandı. Beləliklə, ABŞ və İsrailin mövqelərinə baxmayaraq, BMT BA Fələstin xalqının “Dünya Parlamenti”ndə təmsil olunmaq hüququnu reallaşdırmaq üçün böyük səy göstərdi.
29 Noyabr 2012-ci ildə BMT BA Fələstinə tamhüquqlu üzv olmayan müşahidəçi dövlət statusu verdi. Üstəlik, 10 sentyabr 2015-ci ildə Nyu-Yorkda BMT Baş Qərargahının önündə Fələstin bayrağının dalğalanmasına icazə verildi.
BMT BA dəfələrlə 1967-ci ildən öncə möcud sərhədlərdə müstəqil, suveren, demokratik və stabil Fələstin dövlətinin yaradılmasına dəstək verib və İsrail və Fələstini ayrı-ayrı iki dövlət olaraq yan-yana sülh və təhlükəsizlik içərisində yaşamağa çağırıb.
BMT BA məşvərətçi qurumdur, başqa sözlə, ancaq nəyisə tövsiyə edə və beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində məsələləri müzakirə edə bilər (BMT Nizamnaməsi, maddə 11.2). Assambleya sadəcə təşkilatdaxili məsələlərdə üzv dövlətlər üçün məcburi qərarlar qəbul etmək səlahiyyətindədir, məsələn, təşkilatın büdcəsini təstiq edir. TŞ-nın “tövsiyə”si olmadan Assembleya BMT-yə yeni üzv qəbul edə bilməz. TŞ da öz səlahiyyətləri ilə BMT BA-nın funksionallığını zəiflədə bilir. Deməli, BMT BA-nın hər hansı Qətnaməsi İsrail və Fələstin üçün məcburi xarakter daşımır.
BMT BA beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində öz funsiyalarını tövsiyə xarakterli Qətnamələr qəbul edərək həyata keçirir. Assambleya Fələstinə dəstəyini ifadə edən sənədlər qəbul edib. Buna baxmayaraq, Assambleyanın funksiyaları bu məsələdə TŞ tərəfindən (ABŞ-ın vetoları ilə) zəiflədilmişdir.
2.2. BMT Təhlükəsizlik Şurası
BMT TŞ 15 üzv dövlətdən ibarətdir. Üzvlərindən 5-i (ABŞ, Birləşmiş Krallıq, Çin Xalq Respublikası, Fransa Respublikası və Rusiya Federasiyası) daimi, qalan 10 üzvü isə qeyri-daimidir. Qeyri-daimi üzvlər BMT BA tərəfindən 2 il müddətinə seçilir. Şuranın beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində qəbul etdiyi bütün Qətnamələr BMT-nin 193 üzv dövləti üçün məcburidir, başqa sözlə, icra olunmalıdır. Şuranın 5 daimi üzvünün veto hüququ var, yəni əgər həmin 5 üvdən biri Qətnamənin qəbulun etiraz etsə, Qətnamə qəbul oluna bilməz. Daimi üzvlərin qəbul olunan Qətnaməyə neytral qalması Qətnamənin qəbul edilməsinə əngəl deyil. Beynəlxalq sülh və təhlükəsizliyin qorunması sahəsində hər hansı Qətnamənin qəbulu üçün 15 üzv dövlətdən 9-u bu barədə müsbət səs verməlidir.
TŞ dünyada beynəlxalq hüquq normaları ilə güc tətbiq etməsinə icazə verilən tək qurumdur. Dünyadakı beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən bütün münaqişələrin gələcəyi TŞ-nın mövqeyi ilə bağlıdır. TŞ da Assambleya kimi münaqişədə iki-dövlətli həllin tək çarə olduğunu irəli sürür. Şura İsrailin beynəlxalq humanitar hüquq və insan hüquqları normalarını pozduğunu bir neçə Qətnaməsində bildirmişdir.
TŞ-nın münaqişəyə aktiv müdaxilə etməsi üçün azından 5 daimi üzvünün razılığa gəlməsinə ehtiyac var. 5 daimi üzvdən biri olan ABŞ TŞ-nın İsrail-Fələstin münaqişəsi barədə bir sıra qətnamələrini veto edib. ABŞ bu mövqeyini Neqroponte Doktrinası ilə əsaslandırır. Doktrinaya görə, münaqişədə sadəcə İsarili qınayan bütün qətnamələr veto edilməlidir. Qətnamələr eyni zamanda, Fələstindəki “terrorist qruplar”ı da qınamalıdır (“U.S. Veto Annoys Arabs, Pleases Israel.” United Press International, September 16, 2003).
ABŞ-ın (ümumiyyətlə, eləcə də TŞ-nın digər daimi üzvlərinin) BMT-in fəaliyyətini sadəcə bir veto ilə iflic etməsi BMT-nin nüfuzuna zəiflədir və beynəlxalq sülh və təhlükəsizliyin qorunması üçün qurulan təşkilatın funsiyalarını zəiflədir. Təbii ki, münaqişənin ağlabatan yolu Fələstin dövlətinin BMT-yə tamhüquqlu üzv dövlət kimi qəbul olunması və Fələstin xalqının təbii hüquqlarının həyata keçirilməsində mövcud maneələrin aradan qaldırılmasıdır. ABŞ mətbuatı da daxil olmaqla, beynəlxalq ictimaiyyət münaqişədə Fələstinin hüquqlarının təmin olunması mövqeyini tutur. ABŞ beynəlxalq ictimaiyyətin, xüsusilə 1.6 milyard müsəlmanın təzyiqlərinə baxmayaq, öz mövqeyini dəyişmir ((Kishore Mahbubani, The Oxford Handbook of Modern Diplomacy (Oxford University Press, 2013), p. 255)). BMT beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməz nəticə ilə qarşılaşır, çünki bir üzvü təşkilatın iradəsini üstələyə bilir. Münaqişə sadəcə BMT-ni deyil, bütün beynəlxalq hüquq sistemini zəiflədir və ABŞ-ın bu hərəkəti beynəlxalq hüquqda leqal sayılır. ABŞ bu gücünü BMT-nin təsis sənədindən- Nizamnaməsindən alır. Buna baxmayaraq, ABŞ və İsrail BMT-yə tamhüquqlu üzv olarkən bir sıra öhdəliklər də götürmüşdür. Onlar BMT Nizamnaməsinə əsasən beynəlxalq sülh və təhlükəsizliyi təhdid edən hərəkətlərdən çəkinməlidirlər. Ancaq ABŞ və İsraili öz öhdəliklərini yerinə yetirməyə məcbur edə biləcək tək orqan yenə TŞ-dır. BMT tərəfindən Orta Şərqdə sülh və təhlükəsizliyin bərpası üçün ABŞ-ın münaqişədə daha konstruktiv mövqe tutması əsas şərtdir. ABŞ-ın İsrailin maraqlarını beynəlxalq ictimaiyyətin maraqlarına üstün tutması BMT-nin beynəlxalq sülh və təhlükəsizliyi təmin etmək vəzifəsini yerinə yetirməkdə çətinlik çəkməsinə səbəb olur.
2.3. Beynəlxalq Ədalət Məhkəməsi
Beynəlxalq Ədalət Məhkəməsinə sadəcə Məhkəmənin Nizamnaməsinə tərəf olan dövlətlər beynəlxalq mübahisələrin həll olunması üçün müraciət edə bilərlər (Beynəlxalq Ədalət Məhkəməsi Nizamnaməsi, maddə 34 və 35). BMT-nin bütün üzv dövlətləri Məhkəmənin Nizamnaməsinə tərəf sayılır. BMT-yə üzv olmayan dövlətlər ancaq BMT BA-nın TŞ-nın tövsiyəsinə əsasən verdiyi qərarla Məhkəmənin Nizamnaməsinə tərəf ola bilərlər ((BMT Nizamnaməsi, maddə 93.2)). Üstəlik, Fələstin Məhkəmənin Nizamnaməsinə tərəf olsa belə, münaqişənin Məhkəmədə baxılması üçün gərək İsrail bu barədə razılıq versin. Beləliklə, Beynəlxaq Ədalət Məhkəməsinin münaqişəni birdəfəlik həll etməsi üçün bir çox əngəllər var və bu əngəllərin mövcud siyasi reallıqda qısa müddət ərzində aradan qalxması gözlənilmir.
Buna baxmayaraq, Məhkəmə BMT Nizamnaməsinə əsasən, Assambleya və Təhlükəsizlik Şurasının müraciəti əsasında hər hansı hüquqi məsələyə dair tövsiyə xarakterli rəyini bildirə bilər ((BMT Nizamnaməsi, maddə 96 (a)). Bu istiqamətdə Assambleya Ədalət Məhkəməsindən “İşğal olunmuş Fələstin torpaqlarında Divar inşa etməsinin hüquqi nəticələrinə dair” hüquqi rəy tələb etdi.
8 Dekabr 2003-cü ildə Assambleya Ədalət Məhkəməsinə cavablandırması üçün aşağıdakı sualı ünvanladı:
“İşğalçı qüvvə İsrail tərəfindən Şərqi Qüds və ətrafı da daxil olmaqla, işğal edilmiş Fələstin torpaqlarında inşa edilən Divarın TŞ və Assambleyanın Qətnamələri və 1949-cu ildə qəbul edilən 4 Cenevrə Konvensiyası da daxil olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə görə hüquqi nəticələri nələrdir?” (BMT Baş Assambleyası, Qətnamə 10/14)
Beynəlxalq hüququn adət hüquq normalarına dayanaraq, Məhkəmə Şərqi Qüds də daxil olmaqla İordaniya çayının qərb sahilinin və Qəzza bölgəsinin işğal olunduğu və bu əsaslarla, İsrailin “işğalçı qüvvə” statusunda olduğu qənaətinə gəldi. Məhkəmə böyük əksəriyyətlə divarın inşasını “beynəlxalq hüquqa zidd olaraq bölgəni özünə birləşdirmə cəhdi” və “bir bölgəni güc tətbiq edərək zorla özünə birləşdirməni qadağan edən hüquqi prinsipin pozulması” kimi təfsir etdi. Üstəlik, Məhkəmə torpaqların faktiki olaraq Fələstindən qoparılıb İsrailə birləşdirilməsinin Fələstinin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirdi. Başqa sözlə, Məhkəmə Tövsiyə xarakterli Qərarı ilə İsrailinin beynəlxalq insan hüquqları və humanitar hüququ pozduğunu bildirdi.
Məhkəmə Qərarın yekun hissəsində bütün regionun təhlükəsizliyi üçün Fələstin dövlətinin yaradılmasının vacibliyinə diqqət çəkdi və Assambleyanı bu məqsəd üçün səy göstərməyə çağırdı (Beynəlxalq Ədalət Məhkəməsi, Tövsiyə xarakterli Rəyi, İşğal olunmuş Fələstin torpaqlarında Divar inşa etmənin hüquqi nəticələri, 9 iyul 2004).
Məhkəmənin Tövsiyə xarakterli Qərarlarının hər hansı dövlət və ya təşkilat üçün məcburi qüvvəsi yoxdur. Buna baxmayaq, Məhkəmənin Qərarlarının beynəlxalq ictimaiyyət üzərində təsirini nəzərə alsaq, Qərar TŞ və Assambleyaya qəti addımlar atması üçün təzyiq olaraq istifadə edilə bilər. BMT BA tərəfindən Fələstinə müşahidəçi dövlət statusunun verilməsi də beynəlxalq ictimaiyyətin və beynəlxalq hüququn təzyiqləri ilə mümkün oldu.
2.4. BMT Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO)
31 Oktyabr 2011-ci ildə UNESCO Fələstini təşkilatın üzvlüyünə qəbul etdi. UNESCO Konstitusiyası BMT-nin tam hüquqlu üzvü olmayan dövlətləri üzv qəbul etməyə imkan verir ((UNESCO Konstitusiyası maddə 2 (2)). UNESCO-nun bu hərəkətinə qarşılıq olaraq, ABŞ təşkilata pul köçürməyi dayandırdı. ABŞ qanunvericiliyi ABŞ dövlətinə Fələstini tam hüquqlu üzv dövlət kimi qəbul edən BMT və onun istənilən ixtisaslaşmış təşkilatına pul köçürməyi qadağan edir (Public Law 103-236; John R. Crook, “UNESCO Admits Palestine; United States Cuts UNESCO Funding”, American Journal of International Law, 106(2012): 153). UNESCO ABŞ-ın cavabı ilə geri addım atmadı. Üstəlik, UNESCO Qüdsdə yerləşən Əl-Əqsa məscidinin Fələstinin tarixi mirası olduğunu təstiq etdi və İsraili müsəlmanların müqəddəs yerlərinə ziyarət etməsinə əngəl olduğu üçün qınadı. Daha sonra Təşkilat Qüdsdəki müqəddəs yerlərlə yəhudilər arasında tarixi bağlantı olmadığını irəli sürdü. Qərardan bir gün sonra İsrail Təşkilatı “yəhudilərin tarixini danmaq” və “İslami terrora yardım etmək”lə ittiham edərək Təşkilatla əlaqələrini dayandırdığını açıqladı (“Israel suspends UNESCO ties over denial of Jewish Link to Jerusalem.” Israel Faxx, October 17, 2016).
UNESCO Birləşmiş Krallıq və Almaniya Federativ Respublikası kimi qərb dövlətlərinin etirazlarına, ABŞ-ın sanksiyalarına və İsrailin ittihamlarına baxmayaraq, Fələstini müdafiə edən Qətnamələr qəbul etdi. Baxmayaraq ki, UNESCO Qətnamələri hər hansı münaqişəni həll edə və ya Orta Şərqdəki mövcud problemləri yox edə bilməz, amma bu təşkilatın Qətnamələrinin önəmsiz olması demək deyil.
Nəticə
Nəticədə, BMT insanlıq qarşısında daşıdığı öhdəlikləri yerinə yetirməkdə çətinlik çəkir. Dünyanın ən nüfuzlu beynəlxalq təşkilatının təhlükəsizlik sistemi bir veto ilə iflic edilə bilir. BMT-nin hər Qətnaməsi icra olunmaqdıqca və qərarları gözardı edildikcə, o nüfüzunun zəifləməsi ilə qarşı-qarşıya qalır. BMT münaqişədə həllə nail olmadıqca, Orta Şərqdə sülh və təhlükəsizliyin təmin olunması çətinləşir.
Dostları ilə paylaş: |