Daxili ziddiyyətlər - predmet və hadisənin daxilində bir-birinə zidd və ya əks tərəflərin qarşılıqlı təsir münasibətlərini ifadə edən ziddiyyətlərdir. Xarici ziddiyyətlər isə - müəyyən predmet və hadisənin başqa xarici predmet və hadisələrlə, təbii və sosial mühitlə qarşılıqlı əlaqə və qarşılıqlı təsir münasibətlərini əks etdirən ziddiyyətlərdir. Daxili ziddiyyətlər mühüm və aparıcıdır, inkişafın mənbəyidir, “özhərəkətin” səbəbidir. Lakin xarici ziddiyyət də fəaldır, ciddi təsir gücünə malikdir, inkişaf üçün, daxili və aparıcı ziddiyyət məhsuldar qüvvələrlə istehsal münasibətləri arasındakı ziddiyyətdir. Onu tənzim və həll etmədən cəmiyyət yaşaya bilməz. Lakin cəmiyyət üçün xarici ziddiyyət hesab olunan müharibə də onun mövcudluğu və inkişafı üçün mühüm təsir gücünə malikdir. Müharibə ilə bağlı ziddiyyətin kəskinləşməsi, daxili ziddiyyəti də daha da dərinləşdirə, münaqişə doğura bilər, cəmiyyətin inkişafı gedişinə çox əhəmiyyətli təsir göstərə bilər. Onu da qeyd edək ki, xarici və daxili ziddiyyətlərin qarşılıqlı münasibəti nisbidir. Müəyyən sistemin daxili və xarici ziddiyyətləri başqa sistem daxilində və sistemlərarası miqyaslarda yerlərini dəyişib, bir-birinə keçə də bilərlər.
İnkişaf prosesində çoxsaylı ziddiyyətlərlə qarşılaşmaq olar. Lakin onlardan baş açmaq, gerçəklikdə onların rol və əhəmiyyətini müəyyənləşdirmək üçün əsas ziddiyyətləri qeyri-əsaslardan, ikinci dərəcəli ziddiyyətlərdən fərqləndirmək, ayırmaq lazımdır. Əsas ziddiyyət–inkişafda aparıcı rol oynayan, həll edilməsi ilə bir çox başqa ziddiyyətlərin də həll edilib aradan çıxılmasına səbəb olan ziddiyyətə deyildir. Məsələn, canlı orqanizm üçün maddələr mübadiləsinə girmək orqanizm və mühit arasındakı ziddiyyətlər əsas ziddiyyətlərdir. Qeyri-əsas ziddiyyətinkişaf üçün aparıcı olmasa da, müəyyən təsiredici ziddiyyətlərdir, onların da mühüm əhəmiyyəti vardır. Məsələn, cəmiyyət miqyasında iqtisadi ziddiyyətlərin həll edilməsi əsas olsa da, sosial-siyasi, mənəvi, məişət və s. kimi ziddiyyətlərin də həll edilməsi, qeyri-əsas olsa belə çox əhəmiyyətli və təsirlidir. Hansı cəmiyyətdə qeyri-əsas ziddiyyətləri az əhəmiyyətli hesab edirlərsə, onlara laqeydlik göstərirlər, orada cəmiyyətin bütövlükdə hərtərəfli tərəqqisi və inkişafından söhbət gedə bilməz.