c)Azadlıq və zərurət, azadlıq və məsuliyyət. İnsanın iradə azadlığının sadələşdirilmiş materialist anlamı onu yalnız dərk edilmiş zərurətlə əlaqələndirdiyinə görə faktiki olaraq insanı bu azadlıqdan məhrum edir. Fransız filosofu P.Holbax qeyd edirdi ki, insan özünün bütün hərəkətlərində zərurətə tabe olur. Onun iradə azadlığı xülyadır. Buxnerə görə, azadlıq – qolu bağlı insanın azadlığıdır, quşun qəfəsdəki azadlığıdır.
Doğrudanda da hər şey zəruridisə, əgər təsadüf, imkan yoxdursa, əgər insan yalnız robot kimi hərəkət edirsə, o zaman azadlıq üçün yer qalmır. Əgər insan bu və ya digər zərurəti dərketsə də bu dərketmənin özü də vəziyyəti dəyişdirmir, cinayətkar həbsxanada qalmağının zərurətini «dərk etməklə» azad ola bilmir.
Lakin azadlığın başqa izahı da vardır. Həmin izaha görə, azadlıq necə istəyirsən elə hərəkət etmək imkanıdır. Azadlıq – iradə azadlığıdır. İradə – öz mahiyyətinə görə həmişə azad iradədir.
Bəzi filosoflar mütləq azadlıqdan danışırlar ki, bu da ağlabatan deyildir.
Bir fransız əfsanəsində qolunu yelləməklə təsadüfən yoldan ötənin burnunu sındıran insanın məhkəməsindən söhbət gedir. Günahkara ona görə bəraət verirlər ki, heç kim ona öz qolunu yelləməyi qadağan edə bilməz. Lakin bu hadisə ilə əlaqədar məhkəmənin qərarında deyilirdi: müttəhim müqəssirdir, çünki bir adamın qolunu yelləməyin hüdudu digər adamın burnunun yaxınlığında qurtarır.
Göründüyü kimi, azadlıq həm hüdudsuz, həm də hüdudlu ola bilər. Azadlıq çox vaxt həyatın elementar normaları ilə münaqişəyə girir. Fransız əfsanəsi bir daha sübut edir ki, mütləq azadlıq yoxdur, azadlıq həmişə nisbidir.
Azadlıq özümüzü xəyalən təbiət qanunlarından asılı saymağımızdan ibarət deyil, ondan ibarətdir ki, həmin qanunlar dərk edilsin və bu bilik əsasında təbiət qanunları planauyğun bir surətdə müəyyən məqsədlər üçün fəaliyyət göstərməyə məcbur edilə bilsin. Bu, həm xarici təbiətin qanunlarına, həm də insanın özünün cismani və mənəvi varlığını idarə edən qanunlara aiddir, – bunlar iki qisim qanunlardır ki, bunları biz bir – birindən, uzaq başı, öz təsəvvürümüzdə ayıra bilərik, gerçəklikdə isə ayıra bilmərik. Deməli, iradə azadlığı işi bilmək əsasında bir qərara gəlmək qabiliyyətindən başqa bir şey deyildir. Beləliklə, insan müəyyən bir məsələ haqqında nə qədər azad mühakimə yeridir, bu mühakimənin məzmunu da o qədər böyük bir zərurətlə müəyyən olacaqdır, halbuki bilməməkdən irəli gələn və imkan daxilindəki bir çox müxtəlif bir– birinə zidd qərarlar arasında guya istədiyini seçib götürən inamsızlıq özünün azad olmadığını, məhz özünün tabe edəcəyi şeyə tabe olduğunu sübut edir. Deməli, azadlıq təbiət zərurətlərini dərk etmək əsasında özümüzə və xarici təbiətə hakim olmaqdan ibarətdir, buna görə də azadlıq tarixi inkişafın zəruri məhsuludur (F.Engels).
Qeyd etmək lazımdır ki, iradə azadlığı problemi insanın öz əməlləri müqabilində əxlaqi və hüquqi məsuliyyəti problemi ilə sıx surətdə əlaqədardır. Əgər insan bu və ya digər hərəkətə güc ilə məcbur edilərsə, o zaman həmin hərəkətə görə o heç bir əxlaqi və hüquqi məsuliyyət daşımır. Bunu zorakılıq edənin ölümü və zədə alması faktı ilə də eyniləşdirmək olar.
İnsanın azad hərəkəti öz aləmində həmişə cəmiyyət qarşısında cavabdeh olduğunu nəzərdə tutur.
Azadlıq və məsuliyyət bir bütöv, şüurlu insan fəaliyyətinin iki tərəfidir. Azadlıq məqsədəuyğun fəaliyyətin həyata keçməsi imkanıdır. Məsuliyyət obyektiv şəraitin diktə etdiyi hərəkətin dərk edilməsi deməkdir. Azadlıq məsuliyyət doğurur, məsuliyyət azadlığı istiqamətləndirir.