ORTA ƏSR ŞƏRQ VƏ AZƏRBAYCAN FƏLSƏFƏSİ P L A N
Orta əsrlər İslam Şərqində fəlsəfə
Azərbaycanda İslam peripatetizmi (Ə.Bəhmənyar, Siracəddin Ürməvi, Nəsrəddin Tusi)
Azərbaycanda İslam panteizmi (Eynəlqüzat Miyanəçi, Nizami Gəncəvi)
Azərbaycanda işraqilik fəlsəfəsi (Şihabəddin Sührəvərdi)
Azərbaycanda sufilik və hürufilik fəlsəfəsi (Mahmud Şəbustəri, Fəzlullah Nəimini,
İmaddəddin Nəsimi)
XV – XVII əsrlərdə Azərbaycanda fəlsəfi fikir (M.Füzuli, Qarabagi,S.Təbrizi)
1. Orta Əsrlərdə Şərq fəlsəfəsi öz xüsusiyyətlərinə və mündəricəsinə görə iki qola ayrılır. Hindistan, Çin, sonralar isə Yaponiya və b. ölkələrdə yayılmış qədim ideoloji təlimlər mövcud şəraitə uyğun olaraq inkişaf etmişlər. Bu ölkələrin fəlsəfi, dini və ictimai-siyasi fikri arasında yaxınlıq, bir-birindən təsirlənmə halları Orta Əsrlərdə daha artıq dərəcədə özünü göstərir.
Şərq fəlsəfəsinin digər qolu İslam dininin yayıldığı ölkələrə məxsusdur. Hər iki qolun müstəqil inkişaf yolu keçməsinə baxmayaraq, onlar arasında müəyyən yaxınlıq və ümumilik də mövcuddur.
Məhəmməd peyğəmbər tərəfindən hazırlanmış monoteist din olan İslam VII əsrdə meydana gəlib sürətlə yayılmağa başlamışdır. Bu dini təlimin müqəddəs kitabı Quran (mənası: qiraət) yalnız dinin deyil, hüququn, şəriətin və bütünlükdə müsəlman xalqlarının ideologiyasının qiymətli mənbəyidir. Orta əsrlərdəki fəlsəfi, ictimai-siyasi, etik, estetik və s. görüşlərin çoxunu Qurandan təcrid etmək qeyri-mümkündür; əksər ideoloji cərəyan və təlimlər az və ya çox dərəcədə onunla bağlıdır. Bu əzəmətli abidənin təfsirinə və şərhinə həsredilmiş yüzlərlə dəyərli əsərlər yazılmışdır. Quranın təfsiri, şərhi, hədis, fiqh (hüquqşünaslıq), kəlam (sxolastika) kimi dini elmlər "şəriət" adlanırdılar. Dünyəvi elmlərə "əqli elmlər" deyilirdi. Buraya fəlsəfə, məntiq, təbiət elmləri, riyaziyyat və kosmoqoniyadaxil edilirdi.
İslam fəlsəfəsi əvvəldən dini təməl üzərində formalaşmışdır. Erkən Orta Əsrlərdə Yaxın Şərqdə fəlsəfi fikir bütpərəstlik, atəşpərəstlik və xristianlıqla bağlı olmuş, sonralar ideoloji tə'limlər islam zəminində və antik mənbələr əsasında təşəkkül taparaq yüksək tərəqqi etmişdir. Xristianlığın özünəməxsus ilkin fəlsəfi müqəddiməsi olduğu halda, yə'ni ellinizm dövrü fəlsəfəsində bu dinin bə"zi ehkam və əxlaqi-etik problemləri içəridən şərh və təhlil olunduğu halda, islamın bu cür fəlsəfi sələfı olmamışdır. Doğrudur, islamaqədərki dövrdə ərəb ədəbiyyatı nümunələri Kə'bə mə'bədində nümayiş etdirilirdi Ayrı-ayrı ədilələrin yazıları yayılırdı. Lakin fəlsəfi məzmunlu yazıların ərəblər arasında yayıldığı mə'lum deyildir. İslamın İbrahim peyğəmbərin hənifilik dinindən bəhrələndiyi, təkallahlıq ideyasının oradan götürdüyü qəbul edilir. İslam özündən əvvəlki dinlərdən (iudaizm, zərdüştilik, xristianlıq) xəbərdar olduğu Qurani-Şərifin mətni, hədislər və müsəlman ənənələri asasında sübuta yetirilmiştarixi fakt sayılır. Amma islam fəlsəfəsinin mənşəyində müsəlman dininin özü durur, bu fəlsəfə islamın müqəddəs kitabı Qurani-Şərifin ehkam və müddəalarına verilən qiymət, izah və şərhlərdən başlayaraq irəliləmişdir. İslam fəlsəfəsi beynəlmiləl fəlsəfədir, onun yaradıcıları sırasında ərəb cəbəriləri və qədəriləri, kəlamçıları, mütəzililəri ilə yanaşı, ərəb - əl-Kindi, ibn-Rüşd, əl-Qəzali ilə birlikdə türk - əl-Fərabi, tacik - ibn-Sina, azərbaycanlı - Əbülhəsən Bəhmənyar və bir çox başqa xalqların nümayəndələri dəvardır. İslamperipatetizmi, neoplatonizmi, panteizmi və başqa fəlsəfi cərəyan və məktəbləri də öz beynəlmiləl tərkibi və islam mənbəyi ilə nəzəri cəlb edir.
Orta Əsrlərdə Qərb ölkələrində kilsə ehkamı hər cür təfəkkürün çıxış momenti və əsası sayıldığı, dini elmlər zəminində yalnız dini fəlsəfə-ilahiyyat (sxolastika və mistika) yayıldığı halda, Müsəlman Şərqində dünyəvi elmlərə əsaslanan elmi-fəlsəfi tə'limlər də mövcud olmuşdur. Buradakı dini-fəlsəfi təlimlər özü də son dərəcə geniş mündəricəlidir. Sünni hüquq məktəblərindən hənəfilik, malikilik, şafiilik və hənbalilik öz ideya istiqamətlərinə görə fərqlənirdilər. İslam sxolastikası sifatilik, cəbərilik, qədərilik kimi cərəyanların ideya zəminində yaranıb formalaşmışdır.
Həmin cərəyanların ideya zəminində mötəzililik təlimi meydana çıxmışdır. Mötəzililik Vasil ibn Əta (700-749), Əbühüseyi Əllaf (? - 849), İbrahim ibn Səyyar Nəzzam (?-835), Hişam ibn Əmr Füvəti və başqa mütəfəkkirlərin başçılığı ilə müxtəlif qollara ayrılmışdır.
Dini fəlsəfənin mistik istiqaməti şiəlik və sufilikdə öz əksini tapmışdır. Şiələr dördüncü xəlifə Əli ibn Əbutalibin (656-661) tərəfdarı olub, müxtəlif firqələrə bölünürdülər. Şiə firqələri içərisində qalilik və ismaililik bidətçi cərəyanlar kimi məşhurdur. Müsəlman Şərqində mistik cərəyan kimi sufilik daha mühüm yer tutur.
Orta Əsrlərdə qeyri-dini fəlsəfi təlimlərdən birincisi Şərq peripatetizmidir. Aristotelizm və başqa Antik ən'ənələr zəminmdə işlənib hazırlanmış bu tə'lim o dövrdə fəlsəfı fikrin əsasını, nüvəsini təşkil etmişdir. Ərəbdilli alimlər Aristoteli Birinci müəllim (əl-Müəllim əl-əvvəl) adlandırmışlar. XII əsrdə sufizmdə panteizmə meylin gücləndiyi şərait yaranmışdır.
XII əsrdə işraqilik adlı daha bir elmi-fəlsəfı tə'lim meydana çıxmışdır. Onun banisi Şihabəddin Yəhya Sührəvərdi (1154-1191) idi. XIV əsrin mühüm ideoloji cərəyanlarmdan biri hürufilik idi.
2. Azərbaycanda feodal istehsal münasibətlərinin tam bərqərar olub inkişaf etdiyi dövrlərdə fəlsəfi fikir şərq peripatetizmi (materializm ilə idealizm arasında tərəddüd edən qədim yunan filosofu Aristotelin nəzəriyyəsi) üsulunda meydana gəlib inkişaf etmişdir. XI-XII əsrlər dövründə, Azərbaycanda fəlsəfə sahəsində hakim yeri İslam dinini əsaslandırmağa xidmət edən idealizm tuturdu.
Ə.Bəhmənyarın fəlsəfəsi baxışları. XI əsrdə Azərbaycanda fəlsəfənin inkişafı Əbülhəsən Bəhmənyar əl-Azərbaycaninin (993-1066) adı ilə bağlıdır. Onun bir sıra qiymətli əsərləri («Təhsil kitabı», «Məntiqə dair zinət kitabı», «Gözəllik və səadət kitabı», «Metafizika elminin mövzusuna dair traktat», «Mövcudluğun mərtəbələri») olmuşdur. Bunların içərisində «Təhsil kitabı» xüsusi yer tutur. O, orta əsrlər dövründə məntiq, metafizika və təbiəti öyrənmək üçün mühüm mənbələrdən biri olmuşdur.
Ə.Bəhmənyarın fəlsəfəsində varlıq tə'limi, idrak nəzəriyyəsi və məntiq problemləri sistemli şəkildə geniş şərh edilmişdir. O, varlığı vacib və mümkün olmaqla iki yerə bölərək göstərir ki, birinci qisimdən olan varlıq qeyri-varlığının fərz edilməsi mümkün olmayan varlıqdır, ikinci isə vacib varlıqdan savayı bütün yerdə qalan mövcudluqlardır. Zəruri və ya vacib varlıq bütün mövcudatın əsasını təşkil edir, mümkün varlıq isə varlığı və yoxluğu cəhətdən zəruri olmayanlardır. Vacib varlıq ilə mümkün varlıq arasındakı əlaqələr isə ilk səbəb və nəticə arasındakı münasibət kimi nəzərdən keçirilir. Ə.Bəhbənyarın fikrincə, səbəblə nəticə bir-birilə əlaqəlidir, hər bir nəticənin varlığı öz səbəbinin varlığı ilə birlikdə vacib və zəruridir.
Materiya, forma, cisim, hərəkət, məkan və zaman kimi fəlsəfi kateqoriyaları qarşılıqlı əlaqədə nəzərdən keçirən Ə.Bəhmənyar orta əsrlər peripatetizmində olduğu kimi materiya və formanın nisbətinə mürəkkəb substansiya kimi yanaşır, hərəkəti isə potensiallıqdan aktuallığa tədrici keçid kimi xarakterizə edir. Zaman gəldikdə o, hərəkətin miqdarı kimi təqdim olunur və o, materiyanın ayrılmaz xassəsi adlandırılır. Onun fikrincə, zamanın mövcudluğu materiyadan asılıdır, o, materiyada mövcuddur və bu mövcudluq hərəkət vasitəsilə şərtlənmişdir.
Ə.Bəhmənyarın «Təhsil kitabı»nda dünyanın vəhdəti məsələsinin anlaşılmasına dair fikirlərində aydın olur ki, o, çoxlu dünyaların mövcudluğunu inkar edir, vahid materiya və forma daxilində xüsusiləşən aləmin dünyanın vəhdətinin əsası hesab edir. Onun fikirincə, bu mövcudat isə ilkin məqsədəuyğunluq, ilkin səbəblər əsasında tam zərurətlə inkişaf edir. Dünyadakı bütün hadisə və proseslərin düzülüşü, nizamı, qayda-qanunu onlara əvvəlcədən daxil edilmiş, həqiqi bir nizamdır, ondan daha bitkin nizam yoxdur.
Ə.Bəhmənyarın idrak nəzəriyyəsində hissi və məntiqi (əqli) idrak pillələləri bir-birilə əlaqədar şəkildə nəzərdən keçirilir, idrakın obyekti və subyekti düzgün fərqləndirilir və göstərilir ki, «hər dərk edilən şey dərk edəndə təzəhür edir», duyğular, qavrayışlar maddi varlıqların düzgün sürətləri, in'ikaslarıdır. Əqli və ya rasional idrak da onun diqqətindən kənarda qalmamış, o, əqli idrakı şeyləri mahiyyətini aşkara çıxaran ən yüksək idrak növü adlandırmışdır.
Ə.Bəhmənyar Yaxın və Orta Şərq ölkələrində istedadlı bir məntiqçi alim kimi tanınmışdır. O, məntiqi həm elm, həm də idrak sənəti baxımından qiymətləndirmiş, məntiqin predmetinə, vəzifələrinə, problemlərinə «Təhsil kitabında» geniş yer vermişdir.
XIII əsrdə yaşamış Əfzələddin Məhəmməd Naməvər oğlu Xunəçi (1193-1248) böyük filosof, görkəmli məntiqçi, mahir təbib, müdrik hüquqşünas kimi hələ öz sağlığında, habelə sonrakı dövrlərdə şöhrət tapmışdır. Əfzələddin Xunəçi Azərbaycanın Xalxal vilayətinin Xuanc qəzasında anadan olmuş və orada təhsil almışdır. Mütəfəkkir sonralar gedib Misirdə baş qazi vəzifəsini tutmuşdur.
Əfzələddin Xunəçinin yaradıçılığı çox cəhətlidir. “Məntiqə dair cümlələr”, “Məntiqə dair xülasə”, “Sirlərin kəşfi”, “Təriflərə və təsvirlərə dair məqalə”, “Tibb qanununun şərhi” Azərbaycan mütəfəkkirinin mühüm əsərləridir. Əbunəsr Fərabi (874 - 950), İbn Sina. Əbdülhəsən Bəhmənyar məktəbinin layiqli varisi olan Əfzələddin Xunəçinin yaradıcılığında xüsusilə məntiq məsələləri geniş işıqlandırılmışdır.Burada anlayış və onun tərifi, hökm, istidlal və onların növləri ardıcıl peripatetizm mövqeyindən dərindən araşdırılmışdır. Azərbaycan filosofu Aristotel ən'ənələrinə sadiq qalaraq onu yad ünsürlərdən qorumuşdur.
Əfzələddin Xunəçinin traktatlarının, eləcə də onların Seyfəddin İsa ibn Davud (?-1365), Məhəmməd ibn Əhməd Tilimsani (?-1368), Bürhanəddin Bəğan (?-1457) və b. görkəmli filosoflar tərəfindən edilmiş şərhlərin əlyazması nüsxələri dünyanın bir sıra kitabxanalarında saxlanılır.
Orta əsrlərdə Yaxın Şərq ölkələrində tanınmış Azərbayçan filosoflarından biri də Nəcməddin Naxçıvanidir (?-1253).