Empirizmin (yun. empeiria –təcrübə) banisi ingilis filosofu Frensis Bekon hesab olunur. Empiristlər hesab edir ki, idrakın əsasında yalnız təcrübə və hissi duyğular dayana bilər.
Rasionalizmin (lat. rationalis –zəkalı) banisi fransız filosofu Rene Dekart hesab edilir. Rasionalizmin əsas ideyası odur ki, həqiqi bilik birbaşa zəkadan alına bilər və o, hissi təcrübədən asılı deyil.
7. Fəlsəfənin struktur elementləri.
Fəlsəfi bilik müəyyən struktura malikdir. Ənənəvi olaraq fəlsəfi biliyin struktur elementləri belə müəyyənləşdirilir: ontologiya (yun. ontos –varlıq, logos –təlim) –varlıq haqqında təlim; qnoseologiya (yun. qnosis –bilik, logos –təlim) –idrak nəzəriyyəsi; aksiologiya (yun. axios –dəyər, logos –təlim) –dəyərlər haqqında təlim; məntiq; sosial fəlsəfə; fəlsəfi antropologiya (yun. antropos –insan, logos –təlim) –insan haqqında təlim; etika; estetika.
Fəlsəfi ontologiya,və yaxud, varlıq təlimi ən ümumi şəkildə mövcudiyyət məsələlərini araşdırır. Ontologiyanın əsas sualı: gerçək mövcud olan nədir və nəyin mövcudluğu zahirilikdir, illüziyadır, xəyalidir? Ontologiya bütövlükdə təkcə dünya haqqında təsəvvür formalaşdırmağa imkan verən dünya mənzərəsini yaratmağa yox, həm də dünyanın gizli mahiyyətini, dərin səbəblərini aşkarlamağa imkan verən mənzərəsini yaratmağa çalışır.
Qnoseologiya, və yaxud, idrak nəzəriyyəsi insanın xarici dünyanı dərk etmə prosesinin xüsusiyyətlərini tədqiq edir. O, əsasən bu suallara cavab verir: İnsan ətraf dünyanı necə dərk edir? İdrakın hansı mərhələ, və yaxud pillələri var? İdrakda həqiqət nədir? Həqiqət hansı yollarla dərk edilə bilər? və s.
Aksiologiya –dəyərlər haqqında təlimdir. İnsan dünyanı təkcə dərk etmir, onun bir hissəsi olub onda yaşayır. Öz mövcudluğunu, digər insanlarla qarşılıqlı münasibətlərini, öz hüquq və vəzifələrini emosional olaraq qavrayır. Bu problemlər aksioloji səviyyədə həllini tapır. Burada insan varlığının, onun praktiki fəaliyyət və davranışlarının ən ümumi dəyər əsasları aşkarlanır. Aksiologiyanı varlıq və onun dərkolunma qanunları necə varsa yox, ilk növbədə varlığa insanın münasibəti maraqlandırır.
Məntiq –ardıcıl və nizamlı təfəkkür, onun qanunları haqqında təlimdir. O, fikrin ifadə və biliyin inkişaf formalarını, idrakın üsul və metodlarını öyrənir. Müəyyən mənada bu köməkçi fəndir və onun predmeti müasir mərhələdə xüsusi fəlsəfi problemlərdən uzaqlaşır. Lakin, bu həm də fəlsəfi fəndir. Aristotelə görə məntiq analitik təfəkkür tərzini formalaşdırır və metafizik problemlərdən öndə gəlir.