İki və daha artıq müstəqil mənalı sözün sintaktik üsullar əsasında birləşməsindən əmələ gələn sintaktik vahidə sərbəst söz birləşməsi deyilir.
Sərbəst birləşmələr əsl qrammatik birləşmələrdir. Bu birləşmələri əmələ gətirən sözlər öz əsl mənalarından uzaqlaşmır, öz leksik müstəqilliyini saxlayır və birləşmənin leksik-semantik deyil, leksik-qrammatik ünsürləri olurlar. Belə birləşmələri hissələrə ayıraraq təhlil etmək olar.
Sabit birləşmələr belə sərbəstliyə malik olmur, onlar dilin tarixi inkişafı prosesində yaranır və sabitləşir. Dildə onlardan hazır şəkildə istifadə olunur. Belə birləşmələri əmələ gətirən sözlər öz əvvəlki mənalarından az və ya çox dərəcədə uzaqlaşır. Onların mənaları birləşmənin ümumi mənası fonunda itir, hissedilməz olur. Beləliklə, bu sözlər birləşmənin leksik-semantik ünsürlərinə çevrilmiş olur. Sabit birləşmələr leksik birləşmələrdir.
Sabit birləşmələr sərbəst birləşmələrin məna inkişafı nəticəsində əmələ gəlir. Su tökmək-dil tökmək.
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələrinin təsnifi ənənəvi hal almışdır. Əsas tərəfin-tabe edən sözün nitq hissələri ilə ifadəsinə görə söz birləşmələri üç növə ayrılır.
İsmi birləşmələr:
Feli birləşmələr:
Zərf birləşmələr:
Əsas tərəfi adlardan-isim, sifət, say və əvəzliklərdən ibarət olan birləşmələrə ismi birləşmələr deyilir.
İsmi birləşmələrdə isimlər aparıcı rola malik olur. Birləşmənin birinci tərəfi hansı nitq hissəsi ilə ifadə olunursa-olunsun, aparıcı ikinci tərəfdir. İsmi birləşmələrin ən çox yayılmış formaları bunlardır:
İsim-isim-gümüş qaşıq
Sifət-isim-dadlı meyvə
Say-isim-beş kitab
Əvəzlik-isim-həmin yer
Feli sifət-isim-gələn adam
İsmi birləşmələr iki yolla əmələ gəlir. Analitik və sintetik yolla.
Analitik yolla əmələ gələn ismi birləşmələrdə xüsusi şəkilçilərdən istifadə olunmur. Belə birləşmələrin əmələ gəlməsində əsas rolu söz sırası və intonasiya oynayır. Məs: gözəl həyat, uca dağ və s.
Sintetik yolla əmələ gələn ismi birləşmələrdə şəkilçilər əsas vasitə hesab olunur. Məs:dağın zirvəsi, bizim arzumuz və s.
İsmi birləşmələr iki qrupa ayrılır:
1.Təyini söz birləşmələri
2.Təyini söz birləşmələrinə daxil olmayan ismi birləşmələr
Təyini söz birləşmələri atributiv münasibətlər əsasında yaranır. Təyini söz birləşmələrinin üç növü var:
I növ təyini söz birləşmələri
II növ təyini söz birləşmələri
III növ təyini söz birləşmələri
Birinci növ təyini söz birləşmələrinin əmələ gəlməsində heç bir qrammatik-morfoloji əlamətlərdən istifadə edilmir. Bunları birləşdirib bir birləşmə halına salan müəyyən qrammatik vasitə mövcuddur. Bu vasitə yanaşma əlaqəsidir.
Belə birləşmələrin birinci tərəfi atributiv, ikinci tərəfi isə həmişə substantiv xüsusiyyət daşıyır. Məs: gözəl vətən, oxuyan tələbə və s.
Birinci növ təyini söz birləşməsinin ikinci tərəfi cümlədəki vəzifəsindən asılı olaraq müxtəlif şəkilçilər-kəmiyyət, hal, xəbərlik, mənsubiyyət şəkilçiləri qəbul edə bilər. Bu şəkilçilər həmin birləşmənin əlaməti hesab olunmur və onun növünü dəyişmir. Çünki bu şəkilçilər söz birləşməsinin əmələ gəlməsində vacib ünsürlər hesab edilmirlər. Birinci növ təyini söz birləşməsi onların köməyi olmadan əmələ gəlir.
Birinci növ təyini söz birləşmələrinin tərəfləri ayrı-ayrı cümlə üzvləri rolunda çıxış edirlər. Birinci tərəfi həmişə təyin, ikinci tərəfi isə mübtəda, xəbər, tamamlıq, zərflik, bəzən də təyin rolunda olur.
Ağacda cürbəcür güllər açılıb
Duyan könüllərdəki diləklərdir, diləklər, ən müqəddəs sandığım
Şair Nəbi son nəfəsdə bu torpağı qucar gedər
Göz işləməz zəmilərdə görmüşəm mən Xalqın böyük əməyini bu yerdə
İkinci növ təyini söz birləşmələri
II növ təyini söz birləşmələrinin I tərəfi heç bir qrammatik-morfoloji əlamət qəbul etmir, II tərəfi isə mənsubiyyət şəkilçisi qəbul edir.
Dəniz suyu, divar qəzeti, alma ağacı, göz yaşı
II növ təyini söz birləşmələrinin bir sıra məna və qrammatik xüsusiyyətləri var:
1.Bu birləşmələr mənasına görə ümumilik, mücərrədlik bildirir, ona görə də mürəkkəb idarə adları daha çox bu birləşmələrlə ifadə olunur. Həmkarlar ittifaqı, rayon komitəsi.
2.Bu birləşmələrdə mürəkkəb isimlərə doğru bir inkişaf meyli var. Mürəkkəb isimlərin bir çoxu bu birləşmələrin formasına əsaslanır. Kəklikotu, quşəppəyi, dəvədabanı.
3.Bu birləşmələrin tərəflərinin ifadə əlamətləri məhduddur. Onların hər iki tərəfi əsasən isimlə ifadə olunur. Başqa nitq hissələrinə aid sözlərlə ifadə olunduqda həmin sözlər substantivləşərək, isim kimi çıxış edir. Ellər gözəli.
4.İkinci növ təyini söz birləşmələrinin tərəfləri eyni zamanda cəm şəkilçisi qəbul edə bilmir, bir tərəf cəmlənəndə o biri tərəf tək olur. Dünya gəmiləri, gözəllər gözəli, sular sonası.
5.Bu birləşmələrin tərəfləri həmişə yanaşı işlənir və onların arasında heç bir söz daxil ola bilmir.
6.II növ təyini söz birləşmələrinin tərəfləri arasında qarşılıqlı tabelilik əlaqəsi var, I tərəf yanaşma əlaqəsi ilə II tərəfə, II tərəf isə uzlaşma əlaqəsi ilə I tərəfə tabe olur.
Yanaşma
Kolxoz---------sədri
Uzlaşma
II növ təyini söz birləşmələrinin tərəfləri əvəzliklə, xüsusən şəxs əvəzlikləri ilə ifadə olunmur (nə? sual əvəzliyindən başqa) ona görə də bu birləşmələrin II tərəfi I və II şəxslərə məxsus mənsubiyyət şəkilçiləri qəbul etmir.
7. II növ təyini söz birləşmələrinin tərəfləri cümlədə bir-birindən ayrılmır və birlikdə cümlənin bir mürəkkəb üzvü olur. Məktəb direktoru uşaqlara yaxşı oxumaları üçün bir çox tövsiyələrini verdi.
Ceyran bulağından qızlar içəndə saz tutub, söz qoşub yada sal məni.
Dostları ilə paylaş: |