Sual cümləsi. Sual cümlələri sual məqsədi ilə işlədilən cümlələrdir. Danışanın sual cümləsi vasitəsi ilə başqasından müəyyən bir məsələni öyrənmək, müəyyənləşdirmək, bir məsələyə aid onun münasibətini bildirmək və s. istəyir. Bir şeyi öyrənmək, dəqiqləşdirmək və ya yeni məlumat almaq məqəsdilə işlədilən cümlələrə sual cümləsi deyilir.Sual cümlələrinin özlərinə məxsus sual intonasiyası olur. Bu intonasiya sual cümlələrini başqa cümlə növlərindən fərqləndirən əsas vasitələrdəndir. Sual cümlələrinin əmələ gəlməsində aşağıdakı vasitələr mühüm rol oynayır.
Sual intonasiyası ilə əmələ gələn sual cümlələri
Sual ədatları ilə əmələ gələn sual cümlələri
Sual əvəzlikləri ilə əmələ gələn sual cümlələri
İntonasiya sual mənası yaradan ən universal vasitədir. Sual cümlələrinin bir qismi başqa heç bir vasitə olmadan, yanlız intonasiyanın köməyi ilə yaranır. Bu cür sual cümlələri öz strukturuna görə nəqli cümlələrə çox yaxındır. Yanlız xəbərin son hecasının bir qədər uzun tələffüzü ilə bu növ sual cümlələri nəqli cümlələrdən fərqlənir. Evə gedirsən? Sən dərs çalışırsan?
Cümlədə heç bir dəyişiklik etmədən xəbərin sonuncu hecası uzun tələffüz etməklə nəqli cümləni sual cümləsinə çevirmək mümkündür. Sual cümləsinin əmələ gəlməsində mı-mi-mu-mü ədatları da böyük rol oynaır. Bu ədatlar sual cümlələrinin daha çox xəbərləri ilə işlənir. Sual ədatı ilə əmələ gələn sual cümlələrində intonasiya ilə əmələ gələn sual cümlələrindən fərqli olaraq, xüsusi intonasiyadan istifadə olunmur. Bu cümlələrdə xəbərin son hecasını uzatmağa ehtiyac olmur. Burada yanlız mı-mi-mu-mü bir qədər qüvvətli tələffüz olunur. Məs: sən dərs çalışırsanmı?
Sual cümlələrinin formalaşmasında sual əvəzlikləri də mühüm rol oynayır. Bütün sual əvəzlikləri sual cümlələrinin yaranmasına səbəb olur. Məs: sən harada yaşayırsan? Nə vaxt evinə dönəcəksən? və s.
Sual cümlələrinin bəzilərinin xəbərləri eyni sözün iki dəfə təkrarından ibarət olur. Bunlardan biri təsdiq, digəri isə inkarda işlənir.
Səba, məndən söylə ol gülzarə,
Bülbül gülüstanə gəlsin-gəlməsin?
Bu hicran düşkünü, illər xəstəsi
Qapına dərmana gəlsin-gəlməsin?
Sual cümlələrini qüvvətləndirmək məqsədi ilə ki, bəs, məgər kimi sual ədatlarından da istifadə olunur. Sənin üçün buralarda çox çətin keçmir ki?
Dostları ilə paylaş: |