İXTİSAS: PSİXOLOGİYA
KURS: I
FƏNN: EKOLOGİYA
MÖVZU 2: EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ, QRUPLARI VƏ QANUNLARI
MÜƏLLİM: İSGƏNDƏROVA ÜLVİYYƏ
Email: isgenderova.86@mail.ru
ƏDƏBİYYAT
A.S.Sadıqov, İ.B.Xəlilov “Ekologiya və ətraf mühitin mühafizəsi” Dərs vəsaiti, Bakı 2004, 180s.
Q.Ş.Məmmədov, M.Y.Xəlilov “Ekologiya, ətraf mühit və insan” Bakı, Elm –2006. 608 səh.
Q.T.Mustafayev “Ekologiya” Bakı “Ozan” 2001, 126 səh.
Rəfiqə Əliyeva, Qara Mustafayev “Ekologiya” Bakı 2004, BDU nəşriyyatı, 432 səh.
PLAN:
EKOLOGİYA ELMİNİN İNKİŞAF TARİXİ
EKOLOGİYA ELMİNİN QRUPLARI
EKOLOGİYANIN QANUNLARI
TOLERANTLIQ QANUNU
Ekologiya elmi ümumilikdə cavan elm hesab edilir. O, 100 il bundan əvvəl yaranmışdır. Ekologiyanın tarixi mənbələri çox qədim dövrlərə gedib çıxır. Bu elmin tarixi canlı orqanizmlərin həyatını onların xarici üzvi və qeyri-üzvi mühitdən asılı olmasını öyrənməyə başladığı vaxtdan, heyvan və bitkilərin yayılması haqqında məlumatlar toplandığı dövrdən başlanır. «İnsanın ekologiyası» termini XX əsrin 30-cu illərində yaranmışdır. Hazırda müasir ekologiyanın 60-dan artıq sahə və bölməsi olmasına baxmayaraq, alimlərin ekologiya anlayışından bu termin haqqında ümumi bir yetkin fikrə gəlməsi faktı yoxdur. Alimlər ədəbiyyatlarda ekologiyaya dair 100-dən artıq tərif səsləndirmişlər. Sosial ekologiya belə bir sistemə əsaslanır: «Təbiət-cəmiyyət-insan». N.F.Reymers qeyd etmişdir ki, bioloji-klassik və tətbiqi ekologiya ilə yanaşı, insan ekologiyası da meydana çıxmışdır. Bu da insanın şəxsi ekologiyasını sosial ekologiya ilə birləşdirmişdir.
Ekologiya elminin inkişaf tarixi üç əsas dövrə, bəzi ədəbiyyatlarda isə beş dövrə bölünür.
Birinci dövr. Bu elmin yaranması və təşəkkül dövrü olmaqla XIX əsrin 60-cı illərinə qədər müddəti əhatə edir. Həmin müddətdə canlı orqanizmlərin məskunlaşdığı yerin mühiti ilə qarşılıqlı əlaqəsi haqqında məlumatlar toplanmış və elmi cəhətdən ümumiləşdirilmişdir. Bu dövrdə ekologiya sərbəst elm kimi deyil, yalnız bitki və heyvanların yaşama şəraitini öyrənməklə başlanılmışdır. Ekoloji biliklər həmin dövrlərdə botanikanın və zoologiyanın tərkibində verilmişdir.
İkinci dövr. Ekologiya bu dövrdə sərbəst elm kimi inkişaf etmiş və formalaşmışdır. Bu zaman ilk dəfə olaraq ekologiyanın bir sıra prinsipləri və anlayışları əsaslandırıldı. Bu prinsip və anlayışlar öz məna və qiymətini hazırda da itirməmişdir. Ekologiya anlayışı birdən-birə yaranmayıb və o, yalnız XIX əsrin sonunda ümumi təsdiqini aldı. Müstəqil bir elm kimi ekologiya XX əsrin əvvəllərində formalaşmağa başladı.
Üçüncü dövr. XX əsrin ikinci yarısında ətraf mühitin kəskin çirkləndirilməsi və insanlann təbiətə neqativ təsirinin yüksəlməsi ilə əlaqədar ekologiyaya xüsusi bir tələbat yaranmışdır. Bu dövrdə ekologiya kompleks bir elmə çevrilərək təbii və ətraf mühitin durumunun qorunması elmini də özündə cəmləşdirdi. Bioloji elmdən ekoloji biliklərin tsiklinə çevrilərək özünə coğrafiya, geologiya, kimya, fizika, sosiologiya, mədəniyyət tarixi və iqtisadiyyat bölmələrini birləşdirdi. Müxtəlif elmlərdə ekoloji istiqamətin yaranması, ekologiyanın qlobal xarakter alması, o cümlədən sosial ekologiyanın və insan ekologiyasının əmələ gəlməsi və inkişafı bu dövrü səciyyələndirir. Müasir dövrdə ekologiyanın inkişafı orqanizmlərin sistemli əlaqəsi və fəaliyyəti qanunlarını öyrənməklə yanaşı, həm də təbiət və insan cəmiyyətinin qarşılıqlı əlaqələrinin səmərəli formalarını əsaslandırmalıdır. Yaranmış ekoloji problemlər bütün ölkələrin ekoloqlarının birgə gücü ilə həll oluna bilər. Odur ki, qlobal ekologiya sahəsində beynəlxalq əməkdaşlıq geniş həyata keçirilir. Ekoloji biliklərin əsas mahiyyəti resurslardan düzgün istifadə etmək, populyasiyanın sayını nizamlamaq, kənd təsərrüfatı problemlərinin yeni həllini və sənaye istehsalının təşkilinin yeni prinsiplərini tapmağa köməklik etməkdən ibarətdir. Ekoloji biliklərə yiyələnmiş insan onu əhatə edən dünyanı yenidən kəşf edir, əvvəllər təbiətdə ikinci dərəcəli hesab etdiyi bir çox əlaqə və münasibətlərin əhəmiyyətini başa düşməyə başlayır. Vaxtilə Kopernikin kəşfi insanların dünyanın quruluşu haqqında təsəvvürlərini dəyişdiyi kimi, ekoloji qanunauyğunluqların öyrənilməsi də bizim Yerin təbiətinin qaydaları haqqındakı təsəvvürlərimizi də dəyişdirdi. Biz başa düşməyə başladıq ki, təbiətdəki bu qanunauyğunluqlar təsadüfi deyildir, o, insanın yaşaması və inkişafı üçün insan nəslinin davam etdirilməsi üçün lazımdır. Öz fəaliyyətimizdə qanunauyğunluqlarla hesablaşmalıyıq, təbiətə zərərli dəyişikliklər gətirməməliyik.
«Ekologiya» anlayışı təkcə bioloji elmlərlə kifayətlənmir, o həm də qeyri-bioloji elmlərlə də sıx bağlıdır (geologiya, coğrafiya, kimya, fizika, texnika və s.). Ona görə də geoekologiya, kimyəvi ekologiya, kənd təsərrüfatı, sənaye və s. ekologiya bölmələri mövcuddur. Son zamanlar insan cəmiyyəti öz sferasını genişləndirmişdir. İnsana nəinki yeri, hətta kosmik boşluqlan fəth etmək nəsib olmuşdur. Bu elm kosmik antropoekologiya adlanır və tibbi ekologiya ilə sıx bağlıdır.
Dostları ilə paylaş: |