Nəticə və təkliflər Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 43.5 maddəsinə əsasən kommersiya təşkilatları elə hüquqi şəxslərdir ki, onun fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdir.
Kommersiya təşkilatları olan hüquqi şəxslər istehsal kooperativləri, təsərrüfat orqanları və cəmiyyətləri, dövlət müəssisələri, bələdiyyə unitar müəssisələri formasında yaradıla bilərlər. İstehsal – təsərrüfat fəaliyyəti prosesində müəssisələr öz xüsusi vəsaitlərini mənfəət, amortizasiya ayırmaları və məqsədli pul vəsaitləri fondlarının yaradılması hesabına formalaşdırır.
Müəssisələr zəruri hallarda cəlb edilmiş vəsaitlərdən də istifadə edirlər. Cəlb edilmiş vəsaitlər isə: borc alınmış vəsaitlərdən (kredit formasında); səhm buraxılışı və onların satışı hesabına daxil olan səhm kapitalı; konkret investisiya layihələri iştirakçılarının pay vəsaitlərindən ibarətdir.
Müəssisələrin maliyyəsi mikroiqtisadiyyatın əsasını təşkil edir. Maliyyə resurslarının əksəriyyət hissəsi burada formalaşır.
Maliyyə sisteminin ümumi durumu müəssisənin maliyyə vəsaitindən bilavasitə asılıdır. Onlar maddi, əmək və maliyyə resurslarının dəyərcə qiymətləndirilməsinin idarə edilməsinə, onların balanslaşdırılmasının təmin edilməsinə imkan verir.